Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Manatın və Eldar Mahmudovun qorxu imperiyasının çökməsi…

Manatın və Eldar Mahmudovun qorxu imperiyasının çökməsi…

“Atlas” Araşdırmalar Mərkəzi 2015-ci mühüm siyasi hadisələrinə dair xronika hazırlayıb.

Virtualaz.org saytı xəbər verir ki, xronikada  il ərzində Azərbaycanda  yaşanan bir neçə əsas hadisə sadalanır. Bura manatın fevral devalvasiyasından tutmuş MTN-dəki Mahmudov qruplaşmasını zərərszləşdirilməsinə qədər bir neçə hadisələr daxildir. Xronikanı təqdim edirik:

Rusiyaya dəstək verdik

Avropa Şurası Parlament Assambleyasında yanvarın 28-də keçirilən səsvermədə Rusiya səsvermə hüququndan məhrum edildi. Bu zaman Azərbaycanın AŞPA-dakı bütün depuatları Rusiyanın xeyrinə səs verdilər. Azərbaycan rəsmiləri AŞPA-da Rusiyanın xeyrinə səs vermələrini belə izah etdilər ki, bununla Qərbin ikili standartlarının əleyhinə çıxıblar. Maraqlıdır ki, Rusiyanın strateji müttəfiqi Ermənistanın AŞPA-dakı deputatları səsvermədə iştirak etmədilər.

İlham Əliyevin Münhendəki mesajları

Azərbaycan prezidenti İlham Əliyev 7-8 fevral tarixlərində Münhen təhlükəsizlik konfransının iki panelində iştirak etdi. İlham Əliyev bundan əvvəlki iki təhlükəsizlik konfransında iştirak etməmişdi. Azərbaycan prezidenti Münhenə əsas 2 mesajla getmişdi.

Birinci mesaj Cənubi Qaz Dəhlizi layihəsinin əhəmiyyətini beynəlxalq auditoriyanın diqqətinə çatdırmaq, ikinci mesaj isə Ukraynadakı müharibə ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq idi.

Ermənistan prezidentinin Münhenə getməsəsi də Azərbaycan prezidentinin apardığı təbliğat baxımından işinə yaradı. Serj Sarkisyan bundan əvvəl Davos İqtisadi Forumuna da qatılmadı. İlham Əliyev bununla həm Davosda, həm də Münhendə Azərbaycanın maraqlarını daha geniş şəkildə beynəlxalq aləmə çatdırmaq imkanı əldə etdi.

İlk devalvasiya

Fevral ayında manat 10 il ərzində ilk dəfə devalvasiya olundu. Mərkəzi Bankın açıqlamasında manatın devalvasiyası belə izah edildi: “Bu addım iqtisadiyyatın diversifikasiyası, ixrac potensialını daha da gücləndirmək məqsədilə atılıb”.

Bu devalvasiyadan cəmi iki həftə əvvəl Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov Dövlət Televiziyasına müsahibəsində manatın məzənnəsini sabit saxlayacaqlarını bildirmişdi. Elman Rüstəmov eyni günlərdə “Financial Times” qəzetinə müsahibəsində bunun tərsini söyləmişdi: “Büdcə və pul-kredit siyasətinə düzəliş etməliyik. Buna görə də manatın dollardan asılılığı azaldılacaq”.

Bakı Ər-Riyadın nəbzini yoxladı

İlham Əliyev aprelin 5-də gözlənilmədən Səudiyyə Ərəbistanına səfər etdi. Həmin günlərdə Yəməndə şiddətli vətəndaş müharibəsi gedirdi və Səudiyyə Ərəbistanı bu ölkəyə hərbi müdaxilə etmişdi. Buna görə də bölgədə yaranan gərgin vəziyyətdə İlham Əliyevin Səudiyyə Ərəbistanına qəfil səfəri geniş rezonansa səbəb oldu.

Səfərin daha çox neftin qiymətləri ilə bağlı olduğuna dair şübhələr var idi. Çünki, məhz Səudiyyə Ərəbistanı OPEK çərçivəsində neft istehsalının azalmasına qarşı çıxırdı. İstehsal azalmadan isə neftin qiymətləri qalxa bilməzdi. Görünür, rəsmi Bakının Ər-Riyadın neft siyasətini özü üçün müəyyənləşdirməsinə ehtiyacı var idi.

Lavrov Kremlin seçimini elan etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla aprelin 8-də Moskvada birgə mətbuat konfransı keçirdi. Lavrov mətbuat konfransında rəsmi Bakıya iki xəbərdarlıq mesajı göndərdi.

Lavrovun birinci mesajı ondan ibarət idi ki, o Dağlıq Qarabağda müharibəni təsəvvür etmir. Rusiyanın xarici işlər naziri başqa sözlə demək istəyirdi ki, rəsmi Bakı müharibədən danışmamalıdır. Lavrovun ikinci mesajı isə ondan ibarət idi ki, müharibə başlayacağı təqdirdə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtləri daxilində Ermənistana hər cür kömək edəcək.

Bina yanğını

Bakıda binanın yanması nəticəsində 15 nəfər həlak oldu. Prezidentin fərmanıyla yaradılan istintaq komissiyasının ilkin rəyinə görə, binalara üzlük çəkilməsinə heç bir dövlət orqanı nəzarət etmirmiş. Bunu prezidentin mayın 20-də keçirdiyi müşarivədən də müəyyənləşdirmək olardı.

Rəsmi Bakı assosiativ saziş imzalamadı

İlham Əliyev mayın 21-də Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramının Riqa zirvə toplantısında iştirak etmədi. Rusiyalı rəsmilər Avropa İttifaqının Riqa toplantısını Rusiya əleyhinə keçirilən müzakirələr adlandırmışdılar. İlham Əliyev Riqaya getsə idi belə, Avropa İttifaqı ilə assosiativ saziş imzalamayacaqdı. Bu əvvəlcədən də bəlli idi. Ona görə bu toplantının Azərbaycan üçün elə bir mənası yox idi.

Diplomat qiyamı

İslam Konfransı Təşkilatının Avropa İttfaqındakı təmsilçisi, azərbaycanlı diplomat Arif Məmmədov vəzifəsindən istefa verdi. Arif Məmmədov facebook-da yazdığı statusunda Azərbaycan hakimiyyətini tənqid etmişdi. Bu səbəbdən rəsmi Bakı Arif Məmmədovun fəaliyyətinə xitam verdi. Arif Məmmədovun statusunu “like” edən diplomatların bir qismi Xarici İşlər Nazirliyindən çıxarıldılar.

Arif Məmmədovun ardınca bir neçə diplomat da vəzifələrindən istefa verərək çalışdıqları ölkədə siyasi sığınacaq aldılar. Diplomatların bu hərəkəti prezidenti il ərzində bir xeyli ölkədən səfirləri geri çağırmağa və onları başqaları ilə əvəzləməyə məcbur etdi.

Avropa Məhkəməsi işğal faktını təsdiqlədi

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxartdı. Strasburq Məhkəməsinin qərarına görə, Ermənistan Azərbaycanın Laçın rayonunu işğal etməklə bu rayondan olan qaçqın şikayətçilərin mülkiyyət və əmlak hüquqlarını pozub.

Qərar eyni zamanda Ermənistanın Dağlıq Qarabağ və ona birləşik əraziləri işğal altında saxladığını, bu əraziləri məcburi tərk etmiş azərbaycanlıların öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya hüquqlarını təsbit edib.

Bu qərar Azərbaycan üçün BMT-nin Azərbaycan torpaqlarının azad olunmasını tələb edən 4 qətnamə qədər vacib hesab edilir.

Rusiyanın silah krediti…

İyul ayında Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit ayırdı. Ermənistan həmin güzəştli kredit hesabına Rusiyadan “Pansır-C” zenit raket-top kompleksi, “Tiqr” zirehli maşınları, ZTR-80, rabitə vasitələri, tank əleyhinə raket kompleksi, daşınan zenit-raket kompleksi almağa başladı.

Lavrovun Bakı səfəri

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Bakıya səfər etdi. Bu səfər praktiki olaraq məxfi şəraitdə keçdi, Rusiya xarici işlər nazirinin hansı missiya ilə gəldiyi məlum olmadı. Bununla belə sonradan səfərin Qarabağ münaqişəsinin nizamlanmasına dair Rusiya planının təqdim olunması və Rusiya aviasiyası üçün Suriyaya  hava dəhlizinin ayrılmasının həll edilməsi məqsədi daşıdığı haqda məlumatlar yayılmışdı.

Avropa Parlamenti Azərbaycana qarşı

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı tənqidi qətnamə qəbul etdi. Qətnamədə yüksək səviyyədə korrupsiya hallarının araşdırılması, siyasi məhbusların azadlığa və məmurlara qarşı sanksiya tələbi, o cümlədən Azərbaycanın öhədlikləri yerinə yetirmədiyi barədə tənqidlər yer alırdı.

Bu qətnamə rəsmi Bakının narazılığına səbəb oldu. Cavab addımı olaraq Milli Məclis sentyabrın 14-də toplaşaraq Avropa Parlamentinə qarşı qətnamə qəbul etdi.

Eldar Mahmudovun qorxu imperiyası çökür

Oktyabr ayında Azərbaycan prezidenti gözlənilmədən milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etdi. Bu, ilin ən səs-küylü və sensasion hadisəsi kimi yadda qaldı. O vaxta qədər mətbuat nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarılacağına dair məlumatlar yayırdı. Çünki Nəqliyyat Nazirliyinin funksiyaları bir-birinin ardınca əlindən alınırdı. Ancaq E.Mahmudovun işdən çıxarılması bütün proqnozları alt-üst etdi. Ardınca MTN rəhbərliyinə daxil olan 20-dən çox vəzifəli şəxsin həbsi, nəhayət bu xüsusi xidmət strukturunun ləğvi ilə müşaiyət olunan proseslər başladı.

Yeni seçki, köhnə parlament

Azərbaycanda 1 noyabr parlament seçkisində gözlənilməz hadisə baş vermədi. Proqnozlaşdırıldığı kimi hakim Yeni Azərbaycan Partiyası seçkidə qələbə qazandı. Ümumlilikdə parlamentin tərkibi cəmi 20 faiz dəyişdi. Yaşlı deputatların əksəriyyəti yerini qorudu və yenidən deputat seçildi. Azərbaycan müxalifəti seçkini boykot etdi.

İlham Əliyevin Tiflisə səfəri

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana iki günlük rəsmi səfərə getdi. Bu səfər Azərbaycan-Gürcüstan əməkdaşlığı baxımından çox vacib idi. Çünki, bundan bir həftə əvvəl Gürcüstana Ermənistan prezidenti Serj Sərkisyan səfər etmişdi və Tiflisdə İran qazının Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çatdırılması mövsuzu müzakirə olunmuşdu. Digər tərəfdən rəsmi Tiflisin Rusiyadan qaz almaq istəyi Bakıda suallar yaratmışdı. Ona görə də İlham Əliyev bu məsələləri gürcü rəsmilərlə müzakirələrdə aydınlıq gətirməli idi. Səfər uğurlu oldu. Hər iki tərəf strateji əməkdaşlığın davam etdiriləcəyini vurğuladı.

Azərbaycan anti-İŞİD koalisiyasına qoşulacaqmı?

İlham Əliyevin “Böyük İyirmilərin” 14-15 noyabr tarixlərində Antalyada keçirilən sammitində iştirak etdi.  Azərbaycan prezidenti sammitdə böyük dövlətlərin liderləri ilə görüşüb fikir mübadiləsi apardı, habelə sammitdəki çıxışı ilə dünya liderlərinin diqqətini Azərbaycanın böyük enerji layihələrinə və Dağlıq Qarabağ münaqişəsinə yönəltdi.

Nardaran qiyamı: dini anklavda xüsusi əməliyyat

Bakının Nardaran qəsəbəsində 26 noyabrda silahlı insident baş verdi. “Müsəlman Birliyi” üzvlərini həbs etmək üçün keçirilən xüsusi əməliyyat zamanı hərəkatın tərəfdarları silahlı müqavimət göstərdilər. Atışma zamanı 6 nəfər, o cümlədən 2 polis həlak oldu. “Müsəlman Birliyi” təşkilatının lideri Taleh Bağırzadə də daxil olmaqla onlarla adam həbs edildi.

Bu hadisələrdən sonra Azərbaycanın hüquq-mühafizə orqanları qəsəbəyə daxili qoşun hissələri və xüsusi təyinatlı polis yeridərəl Nardaranı tam nəzarətə götürdülər. Daha sonra qəsəbədə hakimiyyət institutlarının yaradılması və sosial problemlərin həlli üçün addımlar atılmağa başladı.

Bakının Pekindən hansı gözləntisi var?

İlham Əliyev Çinə səfər etdi. Bu səfər gözlənilən idi. Çünki, Azərbaycan prezidenti Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Bakıdakı son görüşündə nəqliyyat dəhlizlərindən danışarkən, bu layihələrin işlək olması üçün Azərbaycanın və Türkiyənin Çinlə əməkdaşlığını genişləndirməsi vacibliyini bildirmişdi.

İlham Əliyev Çindəki görüşlərdə əsas diqqəti yük daşımalarına yönəltdi. Çünki Azərbaycanın iştirakı ilə iki böyük regional layihə başa çatmaq üzrədir və həmin iki layihənin işlək olması üçün Çinin dəstəyinə böyük ehtiyac var.

Birinci layihə Bakı-Tiflis-Qars dəmir yoludur ki, tikintisi tamamlanmaq üzrədir.

İkinci layihə Xəzərin Ələt sahilində bölgənin ən böyük limanlarından birinin inşasıdır.

Hər iki layihənin məqsədi odur ki, Çinin malları Ələt limanı və Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropa ölkələrinə daşınsın. “Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər” – bu fikri İlham Əliyev Pekində çinli rəsmilərin diqqətinə çatdırdı.  Pekindəki danışıqların stenoqramından bu qənaətə gəlmək olar ki, çinli rəsmlilər hər iki layihəyə ciddi maraq göstərirlər.

Berndə Əliyev-Sərkisyan danışıqları

Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da İsveçrənin paytaxtı Berndəki görüşü nəticəsiz qaldı. Bu, gözlənilən idi. Çünki, Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur, Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazırlaşmır. Tərəflər heç təmas xəttində gərginliyin azaldılmasında da ortaq nöqtə tapa bilmədilər.

Kristofer Smitin Azərbaycan Aktı

ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit dekabrın 17-də qanunverici orqana “Azərbaycan demokratiya aktı 2015” adlı layihə təqdim etdi. Layihə Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutur, təklif edilir ki, sanksiyalar siyasi məhbuslar azad edilməyənə, demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı sahəsində əhəmiyyətli irəliləyişə olmayana, seçkilərin azad və ədalətli keçirilməsi təmin edilməyənə qədər qüvvədə qalacaq.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın