Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Mərhum akademik Tofiq Hacıyev FOTOLARDA

Mərhum akademik Tofiq Hacıyev FOTOLARDA

Noyabrın 27-də Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.

Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib. Tofiq Hacıyevin ailəsindən bildirilib ki, akademik bu gün səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, Tofiq İsmayıl oğlu Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub.
1958-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1962-ci ildə «Azərbaycan dilinin Cəbrayıl şivəsi» adı ilə namizədlik, 1969-cu ildə «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» adlı doktorluq dissertasiyası müdafiə edib. T.Hacıyev həm dil, həm də ədəbiyyat məsələləri ilə məşğul olub.
Onun «Sabir: qaynaqlar və sələflər»(1980), «Şeirimiz, nəsrimiz, ədəbi dilimiz» (1990), «Dədə Qorqud: dilimiz, düşüncəmiz»(1999), «Mikayıl Baştunun «Şan qızı dastanı» və poetikası»(2005) kitabları, kollektiv tərəfindən ali məktəblər üçün hazırlanmış «Azərbaycan sovet ədəbiyyatı» (1988) dərsliyində və «Azərbaycan ədəbiyyatı tarixi» (6 cilddə, I cild) kitabında müəllif kimi iştirakı bu ümumi filoloji yaradıcılığın nəticəsidir.
Azərbaycan türk ədəbi dili tarixinin mütəxəssisi kimi o, «Azərbaycan ədəbi dili tarixi» (2-ci hissə, 1987) dərsliyinin, «Azərbaycan ədəbi dili tarixi» (1976), «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili»(1977), «Azərbaycan dili tarixi» (1983, K.Vəliyevlə şərikli), «Azərbaycan dili» (1993, Z.Budaqova ilə şərikli) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Tarixi üslubiyyat sahəsində də səmərəli fəaliyyət göstərən Tofiq Hacıyevin klassiklərimizin dili-üslubu ilə bağlı onlarla məqaləsi, «Satira dili»(1975), «Yazıçı dili və ideya-bədii təhlil» (1979), «Molla Nəsrəddin»in dili və üslubu» (1983), «Füzuli: dil sənətkarlığı» (1994) kitabları həmin mövzudadır.
T.Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edir. Onun rəhbərliyi ilə yeniləşdirilmiş «Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün türk dili proqramı» (1993) çap olunmuşdur. İlk dəfə orta məktəblər üçün «Türk dili» (IX sinif üçün,1994, şərikli), «Türk dili» (X-XI siniflər üçün, 1994, şərikli), «Azərbaycan dili» (orta ümumtəhsil məktəblərinin IX sinifləri üçün, 1991, şərikli), «Azərbaycan dili» (orta ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün, 1998, şərikli), «Azərbaycan dili» (orta ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün, 2004, şərikli) dərslikləri nəşr edilib.

M.Adjının Türklər haqqında obyektiv tarixi mə’lumat verən «Qıpçaq çölünün yovşanı», eləcə də «Dünya və türk: munis tariximiz» kitablarını, B.Serebrennikov və N.Hacıyevanın «Türk dillərinin müqayisəli tarixi qrammatikası», «Mikayıl Baştunun «Şan qızı dastanı» əsərlərini ruscadan Azərbaycan türkcəsinə tərcümə edib.

IX əsr bulqar-tatar şairi Mikayıl Baştunun «Şan qızı dastanı»nın ruscadan Azərbaycan türkcəsinə sətri tərcüməsini etmiş və onun monoqrafik təhlilini verərək «Mikayıl Baştunun «Şan qızı dastanı» və poetikası» kitabını çap etdirmişdir. Alim 33 kitabın, 300-dən çox elmi məqalənin müəllifidir.
T.İ.Hacıyev SSRİ dövründə Kişinyov, Odessa, Nalçik, Tbilisi, Moskva, Alma-Ata, Düşənbə, Nukus, Bişkək, Ufa və başqa şəhərlərdə keçirilmiş ümumittifaq dilçilik müşavirə və konqreslərinin fəal iştirakçısı olub.

Sonralar o, Qayseri (1990), Tehran (1993, 1995), Antalya (1993), Bakı (1992, 1994, 1996), Ankara (sentyabr 1996, dekabr 1997, sentyabr 2002), Urmiya (1997), Bursa (1996), Konya (oktyabr 1998), Təbriz (dekabr 1998), İzmir (2000) şəhərlərində keçirilmiş uluslararası elmi konqres və qurultaylarda dəyərli mə’ruzələrlə çıxış edib.
1984-cü ildən BDU-da türkologiya kafedrasına rəhbərlik edirdi. 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri vəzifəsində işləyib. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvüdür. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» (orden) ilə təltif olunmuşdur. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı tarixi»nin müəlliflərindən biridir.
2002-ci ildə Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin «Türk dünyasına xidmət» ödülünün sahibi olub.
2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, 2004-cü il iyulun 17-də Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülüb. Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

SSRİ dövründə Sovet Türkoloqlar Komitəsinin və SSRİ universitetləri elmi-metodik ali filoloji şurasının üzvü olub. İki cildlik «Dədə Qorqud kitabı ensiklopediyası»nın aparıcı müəlliflərindən biri və birinci cildinin (Bakı, 2000) redaktorudur.
«Üzeyir Hacıbəyov ensiklopediyası» (Bakı, 1996) və AMEA-nın altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin müəlliflərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin latın qrafikalı kitabların çap olunması haqqında sərəncamı ilə bağlı dörd kitabın tərtibçisi və redaktoru olub: «Dədə Qorqud dünyası» (Bakı, 2004), «Dədə Qorqud kitabı». Ensiklopedik lüğət kitabı (Bakı, 2004), «Kitabi-Dədə Qorqud» əsil və sadələşdirilmiş mətnlər» (Bakı, 2004). «Azərbaycan Sovet Ensiklopediyası»nda yüzə qədər məqaləsi dərc olunub. Əməkdar elm xadimidir, AMEA-nın həqiqi üzvüdür.
2014 -cü il in dekabr ayından “Türkologiya” jurnalının baş redaktoru idi.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində işləyirdi.

Modern.az saytı mərhum akademikin fotolarını təqdim edir.


 

 

aka

aka1

aka2

aka3

 

aka4

 

aka5

 

aka6

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın