Ana səhifə / Siyasət / “Məlum oldu ki, həmin Şuranın sədri Elçibəy özü olub”

“Məlum oldu ki, həmin Şuranın sədri Elçibəy özü olub”

Azərbaycan xalqının son 29 illik taleyində mühüm rol oynamış 4 iyun Gəncə olaylarından artıq bir qərinəyə yaxın vaxt keçsə də, həmin hadisələrin mahiyyəti və nəticələri ətrafında doğan suallar bitmək bilmir. Belə bir fikir də gəzir ki, guya əslində Surət Hüseynov  heç bir xarici qüvvəyə, Moskvaya-filana işləməyib, o, Qarabağı doğrudan da erməni işğalından azad edilməsi üçün çalışan vətənpərvər bir insan olub. Sadəcə, AXC hakimiyyətinin bəzi üzvlərinin ona qarşı fitnəkar siyasəti sayəsində o, Elçibəyə qarşı qiyam etmək məcburiyyətində qalıb… 

Bəhs edilən olayların fəal iştirakçı və şahidlərindən olmuş AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderaror.az-a açıqlamasında məsələyə bu cür münasibət bildirib.

“Əvvəla, kiminsə hansısa xarici qüvvələrə, xüsusi xidmət orqanlarına bağlılığını sübut etmək üçün bunu hüquqi əsaslarla, faktlarla sübut etməlidir. Eyni zamanda təqsirsizlik prezumpsiyası var və bu, dünyada da qəbul olunub, Azərbaycan qanunvericiliyində də var. Yəni kimsə özünün günahsız olduğunu sübut etməməlidir.  Kimlərsə hansısa şəxsi ittiham edirlərsə, sübut irəli sürməlidir. O dövrdə hakimiyyətdə olanlar vaxtında kimin xarici dövlətlərlə əlaqədə olması, dövlət əleyhinə işləməsini əllərində olan xüsusi orqanlar vasitəsilə müəyən etməli və əsaslı ittihamlar irəli sürməli idilər. Bu halda da fərziyyə kimi söylənilənlər sübuta yetirilməlidir. Lakin heç də kimlərsə kiminsə tam günahsız olduğunu da iddia edə bilməz. Və Surət Hüseynovun da xidmətlərinə qiyməti məhz AXC hakimiyyəti verib, ona Milli Qəhrəman adı verib, onu korpus komandiri, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndə, baş nazirin müavini vəzifələrinə təyin edib. Görünür, onlar hansısa xidmətlərini nəzərə alıblar ki, bu səlahiyyət, vəzifə və fəxri adı Surət Hüseynova veriblər”-deyə Etibar Məmmədov bildirib.

“Son vaxtlar bəzi internet resurslarında belə fikirlər də səsləndirilir ki, guya  “Tufan” kod adlı əməliyyatdan Elçibəyin bir dövlət başçısı kimi xəbəri olmayıb, həmin planı əsasən keçmiş parlament sədri və baş nazir hazırlayıb və icra etməyə cəhd göstərib. Hərçənd onlar da o dövrdə belə bir əməliyyatın olduğunu və onun hazırlanması və icrasında iştiraklarını inkar edirdi… Bu haqda nə deyə bilərsiniz?” sualını isə partiya lideri belə cavablandırıb:

“Əslində həmin əməliyyat haqda hadisələr baş verəndən sonra mən də, digərləri də məsələ qaldımışıq. Sual etmişik ki, bu əməliyyat kim tərəfindən hazırlanıb, kim tərəfindən idarə olunub və silahlı qüvvələr doğrudan da prezidentin xəbəri olmadan istifadə olunubsa, bu da cinayətdir. Həmçinin ordudan daxili məsələlərdə pralamentin qərarı olmadan istifadə edilibsə, bu da qanun pozuntusudur”. 

“Çox adam deyirdi ki, mənim heç nədən xəbərim yoxdur. Lakin yadınızdadrsa, 25 il sonra iyun hadisələri ərəfəsində keçirilmiş Təhlükəsizlik Şurasının iclasının protokolları mətbuatda dərc olundu və məlum oldu ki, elə həmin Şuranın sədri prezident Elçibəy özü olub. Bu məsələlər dövlət başçısının yanında müzakirə olunub və qanuna zidd olaraq ayrıca sərəncam olmadan Ali Sovetin sədri və baş nazir də bu məsələlərdə rəhbər rol oynayıblar. Yəni qanunsuzluq çox olub və heç kəs də bunu boynundan atmamalıdır.  AXC iqtidarında sözügedən əməliyyatdan hamının da xəbəri olub. Sadəcə, həmin əməliyyatı uğursuz və bacarıqsız hazırlayıblar və nəticədə də ölkə də həmin qarşıdurma və xaos yaranıb” – deyə partiya lideri vurğulayıb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …