Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: “Hətta başqa addımlar barədə də düşünürəm, öncədən demək doğru olmaz”

Məlahət İbrahimqızı: “Hətta başqa addımlar barədə də düşünürəm, öncədən demək doğru olmaz”

Serbiyadan Ermənistana silah-sursat göndərilməsinə Azərbaycan ciddi narazılıq edib və bu ölkədən izahat istəyib. Azərbaycanın Serbiyadakı səfirliyinin iyulun 21-də bu barədə yaydığı açıqlamada deyilir ki, bu ölkənin Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə rəsmi şəkildə müraciət olunub.

Məsələ ilə əlaqədar izahat verilməsi, aydınlıq gətirilməsi istənilib:“Hazırda Serbiya rəhbərliyinin göstərişilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılır. Məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

Bundan öncə Serbiyanın Bakıdakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Onunla nazir müavini Xələf Xələfov görüşərək Ermənistana silah göndərilməsi ilə bağlı Bakının narazılığını çatdırıb. Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana, minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib. Nazir müavini Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu deyib. 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.

Serbiyanın rabitə naziri bəyan edib ki, araşdırma aparılıb və Ermənistana Serbiyanın özəl şirkəti tərəfindən silah satıldığı məlum olub. Nazir deyib ki, rəsmi dövlət orqanları tərəfindən Ermənistana silah satılmayıb.  Bu açıqlama məsələnin mahiyyətini ciddi dəyişmir. Faktiki olaraq Serbiyadan işğalçı dövlətə silah göndərilib. Serbiyanın müvafiq dövlət qurumlarının bundan xəbərsiz olmaları mümkün deyil. Maraqlıdır, bizim Serbiya ilə parlamentlərarası münasibətlərimiz necədir və ölkələrimiz arasında dostluq qrupu varmı?

Araşdırmamız nəticəsində müəyyən etdik ki, belə bir Parlamentlərarası əlaqələr üzrə işçi qrup var və ona millət vəkili  Məlahət İbrahimqızı rəhbərlik edir. Serbiyanın xain hərəkəti ilə bağlı hansı addımların atıldığı və nələrin planlaşdırıldığı ilə bağlı ünvanaldığımız suala Məlahət İbrahimqızı belə cavab verdi:“Mən bu məsələyə ciddi etiraz etmişəm. Hətta məktub da göndərmişəm. Başqa addımlar barədə də düşünürəm, öncədən demək doğru olmaz. Hesab edirəm ki, Azərbaycanla ciddi strateji əlaqələri olan bir ölkənin analoji addım atması bağışlanmazdı. Biz onlara diam dəstək vermişik. Ən çətin anlarda onlara həm maddi, həm də siyasi dəstək göstərmişik. Kosovonun müstəqilliyini tanımayan ölkəyik. Beynəlxalq təşkilatlar səviyyəsində də  daima Serbiyanı dəstəkləmişik. Bizim xalqımız və ölkəmizin rəhbəri etibarlılğa böyük önəm verir. Siz koronovirusla bağlı proseslərdə də Azərbaycanın öz tərəfdaşlarına necə qayğı göstərdiyini gördünüz. Belə bir dönəmdə dost dedyimiz ölkənin düşmənimizin yanında olması çox ağırdı. Serbiya rəsmilərinin verdiyi bəyanat da məni qane etmədi. Serbiyanın nazir səviyyəsində günahdan yayınmaq məqsədilə verdiyi açıqlama həqiqətən də biabırçılıqdır. Yəqin ki, onların tərəfdaşlıq haqda protokoldan xəbərləri yoxdur. Mən düşünmürəm ki, onlar belə davam edəcəklər. Dövlətimizin başçısına ciddi üzrxahlıq edəcəklərini gözləyirəm. Bir daha qeyd edirəm ki,  yaxşı olar, Serbiya öz səhvini anlasın.  Düşünmürəm ki, Serbiya dünyada işğalçı kimi tanınan bir ölkə olan Ermənistana görə bizim kimi  tərəfdaşı itirmək yolunu tutsun. Biz onlardan üzrxahlıq gözləyirik”.

Hələ ki, Serbiyadan bu addımı görümürük. Yaxşı olar ki, biz də ölkə olaraq əlimizdə olan bütün təzyiq rıçaqlarından onlara qarşı istifadə etmək barədə düşünək.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …