Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Məktəblərdəki zorlamalar və Mikayıl Cabbarovun təbəssümü

Məktəblərdəki zorlamalar və Mikayıl Cabbarovun təbəssümü

Təhsil Nazirliyi o qurumlardandır ki, bu qurumun fəaliyyətindən başqa nəyi desən var. Məsələn, təhsil naziri var, müavinləri də həmçinin, ayrı-ayrı strukturları var, o strukturların rəhbərləri də həmçinin, nazirliyin inzibati binası da var, o binada isti kabinetlərdə oturan vəzifəlilər də həmçinin.

Di gəl ki, qeyd elədiyim kimi bu nazirliyin səlahiyyətinə aid olan məsələlərə hər kəs müdaxilə edir, həll etməyə çalışır, təkcə Təhsil Nazirliyindən savayı.

Keçmiş qoruq direktoru, indiki təhsil naziri Mikayıl Cabbarov isə maşallah, nə vaxt baxırsan gülür.

Məktəbdə müəllim şagirdə uşaq doğuzdurur, nazir gülür, direktor öz müavinini döyür, nazir yenə təbəssümündən qalmır.

Misir Mərdanovun vaxtında nazirliyin bir mətbuat katibi vardı – Bayram Hüseynzadə. Yenə ona zəng vururdun, telefonu açıb “tədbirdəyəm”, ardınca “yasdayam”, sonra “toydayam” deyib yola verirdi. İndiki mətbuat katibi Cəsarət Valehov ümumiyyətlə jurnalistlərdən qaçaq düşüb. Elə onunku da İTV-də təhsil ekspertləriylə söz güləşdirə-güləşdirə gəlib kresloda oturmağa qədər imiş.

Bir həftəyə yaxındır ki, ölkənin aparıcı mətbuat orqanları Xəzər rayonundakı 230 saylı orta məktəbdə baş verənlərdən yazır. Yeri gəlmişkən, bu məktəb şəhid Fuad Fərhadoğlunun adını daşıyır. Və şəhidin adını daşıyan məktəbdə bu dəqiqə təhsildən başqa nəyə desən, rast gəlmək mümkündür. Direktor müavininin direktoru onu zorlamaqda ittiham etməsinə qədər…

İş o yerə çatıb ki, şagirdlər məktəbdə müəllimdən çox müstəntiq, prokuror, polis görürlər.

Direktor müavini Ləman Babayevanın qardaşı Vəfadar Abdullazadə məktəbə bıçaqla hücum çəkir, direktoru döyür, ardınca bunu işıqlandırdığımıza görə özünü həmin müavinin anası və qardaşı kimi təqdim edən şəxslər zəng vururlar. Redaksiyanın ünvanına hədələr, təhdidlər, təhqirlər…

Mikayıl Cabbarov yenə də eynəyinin altından yavaş-yavaş gülümsəyir.

Sabah həmin müavinin qardaşı əlində bıçaq yenə məktəbə gəlsə, bu dəfə əsəbləşib hansısa müəllimə, şagirdə xəsarət yetirsə, onda kim buna cavab verəcək?

Bakı Şəhər Baş Təhsil İdarəsinə həmin məktəbdə baş verənlərlə bağlı sorğu ünvanlamışıq ki, münasibət bildirsinlər. Təhsil Nazirliyindən fərqli olaraq, bu qurum gec də olsa, cavaba oxşayan bir şey göndərib:

“Qeyd olunan məsələ ilə bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir”.

Məktəbin direktoru Elşən Qafarov ərizəsini yazıb işdən gedib, amma direktor müavini hələ də postundadır. Görünür idarənin araşdırmaları “pis yerdə” ilişib. Təsəvvür edin ki, məktəbin yetmiş nəfərlik pedaqoji heyəti idarəyə imzalı müraciət göndərib, bu günə qədər o idarədən kimsə kreslodan ayrılıb, ora baş çəkməyib.

Elə eyni sözlər nazirliyə də aiddir. İnandırım sizi, Təhsil Nazirliyində elə adamlar var ki, iş gününün bəlkə iki saatını işə həsr etmirlər. Olmazdımı ki o bahalı xidməti avtomobillərinizə əyləşib həmin məktəbə baş çəkəsiniz, baş verənlərlə maraqlanasınız? Bəlkə doğrudan da kollektiv haqlıdır. Bəlkə əksinə kollektiv gənc direktor müavini Ləman Babayevanı şərləyir, bilirsinizmi?

O məktəbin Xeyrulla Haqverdiyev adlı 27 yaşlı bir direktor müavini də var. Bu tədris ilində üzünü nə direktor görüb, nə də şagirdlər. Amma hələ də vəzifəsində qalır. Niyə? Səbəb nədir?

Olmaya məktəblər indi funksiyasını dəyişib, başqa işləri yerinə yetirir? Şübhəsiz belə laqeydliyin nəticəsidir ki, son bir ildə orta məktəblərdən gələn on xəbərdən səkkizi zorlamayla, döyülməylə, təhdidlə, hədəylə bağlıdır. Müəllim şagirdi, müəllim müəllimi, direktor öz müavinini…

Hörmətli Mikayıl müəllim, indi kim kimi zorlamalıdır ki, siz və tabeçiliyinizdə olanlar baş verənlərlə bəlkə maraqlanasınız?

İntiqam VALEHOĞLU

Ölkə.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın