Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Məhkəmə-hüquq islahatı: Haradan və kimlərdən başlamalı…?

Məhkəmə-hüquq islahatı: Haradan və kimlərdən başlamalı…?

Düz bir aydan sonra prezident İlham Əliyevin 4-cü dəfə xalqın etimadını qazanaraq növbəti 7 ildə millətin ən ali xidməçisi olmaq haqqına yiyələnməsinin 1 ili tamam olacaq. Əminliklə söyləmək olar ki, dövlət başçısı son bir il üçün xalq qarşısnda hesabat vermək üçün obrazlı ifadə etsək, əvvəlki dönəmlərdən daha əlidolu gələcək və məmləkət insanına deməyə xeyli sözü olacaq. Bu da təsadüfi deyil, çünki dövlət başçısının son bir neçə ayda, xüsusən də 2019-cu ilin əvvəllərindən imzaladığı silsilə fərman və sərəncamlar xalqın uzun illərdən bəri intizarla gözlədiyi islahatların ayaq səsləri hesab oluna bilər və tərəddüdsüz cəmiyyətdə xeyli nikbin ovqat yaradıb. 

Etiraf edək ki, hələ 2003-cü ildə ilk dəfə prezident kürsüsnə yiyələnəndə də yerli və beynəlxalq ictimaiyyət İlham Əliyevdən radikal islahatlar gözləyirdi, Amma görünür, bu gözləntilərin özünü doğrultması üçün daha 15 il gözləmək lazım imiş və artıq bu gün islahatların başlandığını iddia etmək üçün əsaslar yarınıb. Bu islahatların sosial siyasət sferasındakı gərginliyi aradan qaldırmasından sonra növbəti dalğasının məhkəmə-hüquq sahəsini əhatə etməsi də zamanın tələbinə çevrilib və hamı bu sahədəki dözülməz şəraitə dövlət başçısı tərəfindən əncam çəkiləcəyi günü gözləyir. 
Təsadüfi deyil ki, artıq ölkə başçısının özü də son günlər istər müşavirələrində, istərsə də regionlarda xalqla birbaşa təmasları zamanı məhkəmə-hüquq islahatlarının anonsunu verir və vətəndaşlar tərəfindən ona məhkəmə qətnamələri ilə bağlı çoxsaylı şikayətlər daxil olduğunu vurğulayır. 

Elə Moderator.az da dövlət başçısının “jurnalistlər də mənim köməkçilərimdir və mən bir çox məlumatları məmurlardan deyil, mətbuatdan alıram” çağırışından çıxış edərək cəmiyyət həyatının ən ağrılı yerlərinə və vətəndaşı dövlətdən narazı salan qaranlıq məqamlara işıq salmağa çalışır. 1 həftə öncə “Prezident vətəndaşı dövlətdən incik salan günahkarları “Allah Evi”ndən qovacaqmı…?” başlıqlı məqalədə də ölkə məhkəmələrinin qərəzli qətnamələrindən boğaza yığılmış on minlərlə vətəndaşımızın fəryadı ümumiləşdirilmiş formada oxuculara təqdim edilmişdi. Məqalədə ümumi olaraq bu sahədəki duruma diqqət yönəldirlərək “Allah evi”ndən qovulmalı olanlar barədə təxirəsalınmaz radikal addımların atılmasının zəruriliyi vurğulanmışdı.

Gəlin razılaşaq ki, hər hansı sahədə köklü islahatların real nəticə verməsi üçün bu islahatları indiyədək tormozlayan və prezidenti bu barədə radikal addımlar atmağa sövq edən günahkarların cəzalandırılması şərtdir. Yəni köhnə idarəetmə metodlarını həyat tərzinə çevirmiş qüvvələrlə yeni çağrışlara adekvat sistem qurmaq boş vaxt itkisindən başqa bir şey deyil. Üstəlik, Heydər Əliyevin də çox sevdiyi və zaman-zaman dilə gətirdiyi bir ibrətamiz məsəldə də deyildiyi kimi, əgər iki günahkarın yalnız birini cəzalandırıb digərini əfv edirsənsə, deməli, yenə də iki günahkar qalır. Bir sözlə, xalqın gözü tərəzidir və o bu islahatların nəticələrini öz həyatında görməsi üçün ilk növbədə atılmalı olan addımların nədən ibarət olduğunu hüquqşünas olmasa belə görür, bunun reallaşmasını, daha doğrusu, islahatı aparan siyasi iradə sahibinin reallaşdırmasını gözləyir. Bu baxımdan qarşıdakı aylarda cəmiyyətin qara yarasına çevrilmiş məhkəmə sistemində aparılması nəzərdə tutulan köklü islahatların ilkin mərhələsi kimi biz xeyli sayda məhkəmə hakiminin cəzalandırılmasının şahidi olmalıyıq. Xüsusən də məhkəmə hakimlərinə yuxarıdan göstərişləır verilməsi, sifarişli qətnamə və hökmlərin çıxarılması ənənəsinə son qoyulması üçün bütün instansiyadan olan məhkəmə sədrləri yeniləri ilə əvəz olunmalıdır. 

Etiraf edilməlidir ki, məhkəmə hakimiyyətinin ən ağrılı, radikal islahata möhtac olan yeri Ali Məhkəmədir və bu baxımdan gözlənilən islahatların Ali Məhkəmənin sədri Ramiz Rzayevdən yan keçməyəcəyini ehtimal etmək olar. Çünki vətəndaşlar adətən ədalət axtarışında birinci və ikinci instansiya məhkəmələrində xəyal qırıqlığına uğarayanda elə zənn edirlər ki, adında “ALİ” yazılmış Ali Məhkəmə onların pozulmuş hüquqlarını bərpa edəcək. Amma reallıqda biz tamamilə bunun əksini görürük və qəribəsi də budur ki, bu günədək Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən bu və ya digər  formada cəzalandırılan məhkəmə hakimləri arasında Ali Məhkəmə hakimlərinin adına rast gəlmirik. 

Ola bilsin ki, Ali Məhkəmə hakimlərinin əsas himayədarı Ramiz Rzayevin məhkəmə hakimlərinin ən qorxduğu qurumda – MHŞ-da söz sahibi olması olması öz sözünü deyir. Amma istənilən halda Azərbaycanın gerçəkdən hüquq dövlət statusuna yiyələnməsi və məmləkət insanının yeddidən yetmişədək hər kəsin məhkəmələrə sarsılmaz inamının formalaşmağa başlaması üçün lazım gələrsə ən gözlənilməz qərarların da şahidi ola bilərik. Heç kimə sirr deyil ki, prezident İlham Əliyev hakimiyyətinin 16 ilində heç zaman indiki kimi xalqın dəstəyini və inamını qazanmamışdı. Bu gün o gerçəkdən atdığı xeyirxah addımlarla xalqın arzu və istəklərinin ali ifadəçisi statusuna sahiblənib. Bu statusun geridönməzliyinin təminatı üçün dövlət başçısının ölkənin məhkəmə sistemini obrazlı desək, təzədən söküb yığması günümüzün olmazsa olmazıdır. Ona görə də gözləmək olar ki, biz ən gözlənilməz kadr islahatlarını məhz məhkəmə sistemində görəcəyik…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …