Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Məhərrəmlikdə restoran biznesində durğunluq hökm sürür

Məhərrəmlikdə restoran biznesində durğunluq hökm sürür

Şadlıq evlərinin bəzilərində mərasimlər dayanmayıb; əksəriyyət isə öz fəaliyyətini situasiyaya uyğunlaşdırır

Müsəlman ölkələrində matəm ayı sayılan Məhərrəm ayının başlaması Azərbaycanda da toy mərasimlərinin, şənliklərin dayanmasına səbəb olub. Toyların təxirə düşməsi isə restoran biznesinə, kirayə gəlinlik, kirayə gəlin maşınları bazarı, gözəllik salonları və qızıl bazarı sferalarına ciddi təsir göstərir. 
Bəziləri, bu maddi itkinin qarşısını almaq üçün restoranını mərasim evinə uyğunlaşdıraraq yas mərasimlərinin keçirilməsi üçün təklif edir. Bu yolla həm restoran işçiləri işsiz qalmamış olur, həm də sahibkar zərərin bir hissəsini bağlamış olur.  Hazırda Məhərrəm ayını yaşadığımızı nəzərə alaraq, restoran biznesindəki durumu, şadlıq evlərinin sahiblərinin qarşıdakı iki ay üçün planlarını öyrənməyə çalışdıq.
“Ay işığı” şadlıq evinin adminstratoru bildirdi ki, bu iki aylıq müddətdən istifadə edərək  restoranda təmir işləri aparırlar: “Toylar tam dayanmayıb. Qeyri-müsəlmanlar toy edir, ruslar, yəhudilər toylarını saxlamırlar. Çünki məhərrəmlik ancaq müsəlmanlara aiddir. Ancaq ümumilikdə ilin elə ayları var ki, toy zəif olur. Məsələn, soyuq aylarda insanlar toy etmir. May ayını nəhs ay hesab edirlər. Ramazan və Məhərrəm aylarında da toy olmur. Daha çox sentyabr-noyabr arası və aprel-iyul arasında insanlar toy edirlər. Biz indiki fasilədən istifadə edib restoranımızı əsaslı təmirə bağlamışıq”.
 
“Həyat yolu” şadlıq sarayından suallarımızı cavablandıran adminstrator isə bildirdi ki, son iki ay üçün bir dənə də sifariş yoxdur: “Hazırda ancaq dekabr və sonrakı aylar üçün sifarişlər götürürük. Əlimizdən nə gəlir ki, oturub toyların başlamasını gözləyəcəyik. Restoranımızı mərasim zalı kimi istifadə etmək niyyətimiz də yoxdur”.
“Monte Karlo”  şadlıq sarayının adminstratoru isə maddi ziyanlarının çox olacağını etiraf edir:“Müsəlmanların toyları tam şəkildə dayanıb. Müsəlman olmayanlar da onlara hörmət olaraq toy etmir, çünki ən azından müsəlmanları qonaq çağırmalıdır. Hazırda sektor demək olar ki, donub. Yalnız dekabrdan sonrakı aylar üçün sifariş götürürük. Borc-xərclə vəziyyətdən çıxmağa çalışırıq. Restoranımız həddindən artıq dəbdəbəli olduğu üçün mərasim zalı kimi istifadə etməyə uyğun deyil. Əslində elə bir niyyətimiz də yoxdur”.
Toy biznesindəki durumu dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, toyların dayanması, şadlıq saraylarının müəyyən aylarda tam fəaliyyətsizliyinə gətirib çıxarır və bu da həmin sektorda fəaliyyət göstərən işçilərin müvəqqəti olaraq öz hesabına məzuniyyətə buraxılmasına səbəb olur:“Son nəticədə o işçilərin gəlirləri azalır, mövsümi işsizlik yaranır. Digər tərəfdən, sahibkarların özlərinin gəliri azalır ki, bu son nəticədə dövlət büdcəsinə vergi ödənişlərinin həcminə müəyyən təsir göstərir. Həmçinin şadlıq saraylarının sifarişləri əsasında fəaliyyət göstərən istehsal sahələrinin fəaliyyətini də ləngidir. Sifarişlərin olmaması dövriyyənin aşağı düşməsinə gətirib çıxarır. Məhərrəmlik aylarında toyların olmaması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini də gəlirlərdən məhrum edir və fəaliyyətlərini bu duruma uyğunlaşdırmağa vadar edir. Çünki bu daim müşahidə olunan bir haldır və baxımdan toy sektoru ilə əlaqəli olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini yaranmış situasiyaya uyğunlaşdırırlar. Gəlirlərin aylar üzrə bölgüsü, xərclərin ona uyğunlaşdırılması istiqamətində əvvəlcədən hazırlıqlı olurlar”.
Ekspert onu da qeyd etdi ki, toyların dayanması ilə bağlı qızıl-zinət əşyaları bazarında da ciddi durğunluq yaşanır: “Çünki zinət əşyalarının istehlakı məhz toylarla bağlıdır. Bu baxımdan toyların dayanması bazara da öz mənfi təsirlərini göstərir, gəlir dövriyyəsinin azalmasına gətirib çıxarır. Həmçinin geyimlərin, avtomobillərin icarəyə verilməsi sahəsində də qeyd etdiyimiz səbəblərdən gəlirlər azalır”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın