Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Məğlubedilənlərin sındırılmış eqoları – Sahib Alıyev

Məğlubedilənlərin sındırılmış eqoları – Sahib Alıyev

Krımda və Ukraynanın şərq hissəsində baş verənlər zamanı biz türkiyəlilərin işlətdikləri terminlə desək, yeni bir özəl timin (xüsusi təyinatlı dəstə) də formalaşdırlıdığını gördük. İndinin savaşları hibrid xarakteri daşıdığından bir çoxu kəşfiyyatla bağlı siyasətçi, ekspert və jurnalistlərdən formalaşdırılmış informasiya təxribatı üzrə bu özəl tim(İTÖT)in Rusiya televiziyalarında peyda olması tam təbii idi.

Biz görürük ki, 2-3 nəfəri çıxmaqla həmən özəl timdəkilər, meyxana deyən tin uşaqları sayaq indi də Azərbaycanı təhqir edir, bizi aşağılamağa çalışırlar. Savaş gedən günlərdə təmsil etdikləri ölkənin “neytral”lığına çox xələl gəlməsin deyə o dəstədəkilər müəyyən dərəcədə cilovlansalar da, indi başları tamam açılıb buraxılıb.

Niyə? İlk növbədə ona görə ki, savaş onların istəklərinə uyğun sonunclanmadığı kimi, 10 noyabr anlaşması da qəti ürəklərindən deyil. Ürəklərindən deyil, amma imzalamaya və imzalatdırmaya da bilməzdilər. Çünki diz üstə çökdürülmüş Ermənistanın başında duranlarının da artıq etiraf etdikləri kimi, belədə forpostun bütün hərbi potensialı havaya sovrulacaqdı, necəki böyük bir hissəsi sovruldu da.

Orasını da unutmamalıyıq ki, bu savaşda hayların “məğlubedilməz”liyilə birgə onlara ötürülən ən çağdaş hərbi texnikanın, o sıradan S-300 və “Tor”ların təqdim edildiyi qədər “mükəmməl” olmadığı, bizim PUA-lar qarşısında gücsüzlükləri də üzə çıxdı.

Eyni zamanda bəzi çevrələr istəyirdilər, istəyərdilər ki, biz həmişə onlardan ədalətsizliyə, beynəlxalq normaların ayaqlar atlına salınıb tapdanmasına, torpaqlarımızın işğal altında saxlanmasına son qoyulmasında yardımçı olmalarını xahiş edək, edək, edək…

İndi isə qarşılarında məqamları uca şəhidlərimizin canı-qanı, hərbiçilərimizin hünəri, Ali Baş Komandanımızın fövqəladə sərkərdəlik, böyük diplomatik bacarığı hesabına öz şərtlərini diqtə edən qüdrətli Azərbaycan, yanımızda da qardaş Türkiyənin timsalında dağ kimi bir müttəfiq görürlər. Və görürlər ki, o Türkiyə masada da, sülhməramlı missiyada var, olacaq da.

Türkiyəmizin bu varlığı isə o deməkdir ki, əgər istənilsə belə sülhməramlı missiyada məram dəyişikliyi baş verməyəcək, digər oxşar missiyalar zamanı meydana çıxan reallıq Qarabağda təkrarlanmayacaq.

Bax, bütün bunları sinirə bilmirlər, bizi ona görə söyürlər. Və bizi söyən təkcə onlardımı?
Təsəvvür edin, Ermənsitan savaşı uduzmasıyla barışıb, təslimçilik aktına qol çəkib, amma Fransa razılaşmaq istəmir, nəsə guruldayır, yaxud da quruldayır. Onun başında duranı, Xarici İşlər naziri hansısa statusdan dəm vurur. Deyildi axı, “status getdi cəhənnəmə”.
İndi anlaşılırmı ki, biz təkcə işğalçı Ermənsitan üzərində qələbə çalmamışıq! Bu həm də onu işğala havəsləndirən, bunun üçün gərəkən dəstəyi verən və yaranmış status-kvonun 28 il uzanmasını təmin edənlər üzərində Qələbədir.

10 noyabr anlaşmasıyla torpaqlarımızın işğal altından qalmasından, status-kvonun saxlanmasından öz geosiyasi məqsədləri üçün faydalanan digər güclər bir növ ofsaytda qaldıqlarından Fransa kmi narazılıqlarını açıq şəkildə dilə gətirməklə yanaşı, dəfələrlə sınaqdan çıxardıqları digər metodlara da əl atırlar.

“Milli” Şura adalann qurumun başında duranların, yan-yörələrindəkilərin, Böyük Qələbəmizə ağız büzmələri, onu az qala məğlubiyyətimiz kimi təqdim etmək cəhdləri sizcə, elə-belədirmi? Xeyr. Həmən “Milli” Şuranın inkubatorunda yetişdirilənlər deyildimi ki, savaşın ilk günlərində Ermənistanın baş nazirinin xanımı Anna Hakopyanın təşəbbüsünə qoşulub guya sülh göyərçinliyi edir, “biz müharibə istəmirik” qışqırırdılar. İndi nə oldu? Həmən “Milli” Şura deyildimi ki, başında duranları 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinə açıq məktub yazaraq Azərbaycanda çevriliş etmək üçün yardım diləyirdilər.

Müvəqqəti mandatla Rusiya sülhməramlılarının Qarabağa gətirilməsindən onlar indi niyə belə narahatçılıq keçirilər görəsən? Can Azərbaycan deyəndə dili ağızlarına sığmayan Türkiyəmizin hərbçilərinin də onlarla birgə hərkət edəcəklərini görmürlərmi, bunun nə demək olduğunu anlamırlarmı?

Beləlilklə, bir daha vurğulayım ki, bəzi populist siyasət dəllallarının 10 noyabr anlaşmasıyla bağlı açıqlamaları təkcə məğlub Paşinyanın timsalında öz keçmişlərini və eyni zamanda da haçansa hakimiyyətə gəlmək arzularının üstündən əbədi xətt çəkildiyini, perspektivsizliklərini görmələrindən qaynaqlanmır, həm də qərbdə qrant aldıqları, təsirləri altında olduqları bəlli çevrələrin tapşırığıyla bunu edirlər.

Və qayıdıram yenə də Rusiya televiziyalarındakı İTÖT-ün bizi aşağılamaq cəhdlərinə, söymələrinə, bilirsiniz, açığını deməli olsaq, bu elə həm də istəklərinə çatmayanların acizliklərinin başqa yolla etirafıdır. Unutmayaq ki, söymək tərbiyəsizliklə yanaşı, həm də acizlik göstəricisidir.

Paradoksal səslənsə də, Rusiyadakı bəlli çevrələrin bizi söydürmələrinin kökündə elə həm də bu gün hayların onları söymələri durur. Yəqin görürsünüz, Ermənsitanda son günlər yenə necə də Rusiyanı asıb-kəsməyə başlayıblar. Rusiya televizilyarındakı İTÖT(İnformasiya Təxribatı üzrə Özəl TİM) də bizi söyməklə həm də bu yolla forpostda özlərinə qarşı baş qaldıran növbəti narazılıq dalğasını səngitmək, məğlubedilənlərin sındırılmış eqolarına sığal çəkmək istəyirlər.

Bir sözlə, İTÖT-dəkilərin təhqirlərinə çox da fikir verməyin, it hürəndə təkcə onu qovmurlar, həm də əgər yolunu kəsməyibsə, karvan sayağı yanından ötürlər. Öndə gedən karvanımız- Ordumuz isə artıq təkcə de-yure deyil, de-fakto da bizim olan Qarabağda, işğaldan azad edilən digər torpaqlarımızdadır!

Sahib Alıyev,
Milli Məclisin deputatı

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …