Parlamentin adı “lal deputatlar” siyahısında yer alan bir üzvü də
Laçın rayon seçki dairəsindən mandat almış Mahir Abbaszadədir. Adam
MM-də varlığı ilə yoxluğu bilinməyən o deputatlardandır ki, küçədə
dayanıb bir sorğu keçirsəniz, onu tanıyan olmayacaq.
Hətta
yaxın zamanlarda jurnalistlər arasında keçirilən sorğuda da böyük
əksəriyyət deputatı tanımadığını bildirmişdi. Yalnız bir nəfər – A.
Niftiyev onu, sadəcə, bank müdiri kimi tanıdığını demişdi. “Deputat kimi
onun hər hansı fəaliyyətindən və çıxışlarından xəbərim yoxdur. Bəlkə,
Mahir müəllimin özü də unudub ki, millət vəkilidir…”
Doğrudan
da, Mahir Abbaszadə deputat fəaliyyətinə kimi bir çox banklarda məsul
vəzifələrdə çalışıb. O, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq
Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis,
2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib,
xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib.
2015-ci
ildə Laçın seçki dairəsindən Milli Məclisin deputatı seçilən M.
Abbaszadənin deputatlıq fəaliyyətindən heç laçınlıların da xəbəri
yoxdur. Amma deyəsən onun “lallar” siyahısında yer alması ölkə
rəhbərliyinin maraqlarına uyğun gəlir. Belə ki, 2018-ci ildə o daha
önəmli bir vəzifəyə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun
direktoru vəzifəsinə təyin olunub. Bu ilin iyun ayında mətbuat deputatın
qardaşının adının korrupsiya işində hallandığını gündəmə gətirərək,
onun Fondun rəhbərliyindən kənarlaşdırılacağını yazdı. Belə ki, Bakı
Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almaqda
təqsirləndirilən “Nikoil” bankın filialının vəzifəli şəxsləri arasında
onun qardaşı “NİKOİL” bankın Sumqayıt filialının müdir müavini Zahir
Abbasov da vardı. Məlum olmuşdu ki, Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsi filialın müdiri Ruslan Talıbovun filialın digər vəzifəli
şəxsləri ilə birlikdə 92 min manat məbləğində vəsaiti mənimsəmələrinə
görə cinayət işi başladıb. Saxlanılan şəxslərin vətəndaşların kredit ilə
aldıqları 451 min manat məbləğində olan əmlaklarını və nağd pul
vəsaitlərini fırıldaqçılıqla ələ keçirdikləri iddia olunurdu.
Həmin
cinayət işində məsələlərin nə yerdə olduğunu bilmirik, amma Mahir
Abbaszadə Fond rəhbəri kimi fəaliyyətinə əvvəlki qaydada davam edir.
Laçınlı
deputatın səsi parlament tribunasından eşidilməsə də, mətbuatda tez-tez
eşidilir. O, sorğuda adının “lal deputatlar” siyahısına salınmasını da
“mətbuat vasitələrinin qara “piar”ı” adlandırır. “Əgər siz mənim
seçicilərimlə ünsiyyətə girsəniz, onlardan soruşsanız, görərsiniz ki,
mən aktiv olaraq seçicilərimlə ünsiyyətdəyəm. Müraciətlərin 50 faizi
demək olar ki, həllini tapıb, yerdə qalanı isə tapmaq üzrədir.” “Amma
internetdə axtarış verəndə seçicilərin sizi tapa bilməməsi, onlar
yaşayan ərazilərdə öz biznesinizlə məşğul olmağınız barədə yazılar
çıxır” sualına deputat belə cavab verir: “Mən bizneslə məşğul olmuram.
İqtisad elmləri üzrə fəlsəfə doktoruyam. Deputat fəaliyyətimə qədər bank
sektorunda filial müdiri işləmişəm. Hazırda doktoranturada oxuyuram.
Əgər həqiqətən biznesim varsa, onu yaradıb qura bilərəmsə, sadəcə, mən
bununla qürur duyardım. Amma yoxdur. Laçınlıların bu gün yaşadığı
ərazilərdə heç biznes yaratmaq üçün şərait də yoxdur. Gedib, orada
yaşayan laçınlılardan soruşsanız, şahidi olarsınız ki, həqiqətən heç
nəyim yoxdur.” İndi bizdən də “seçicilərin sözünə inanardınız, yoxsa
deputatın” deyə soruşsalar, şübhəsiz, seçicilərin sözünü deyəcəyik.
Çünki bu ölkədə deputat statuslu kimsənin sözünə zərrəcən inam qalmayıb. //siam.az//
Həmçinin oxuyun
Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir
Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …