Təsadüfi deyil ki, bu xüsusda fikirlər və təkliflər indiki seçki debatlarında da səslənir. Amma burada elə bəri başdan bir detalı qeyd etmək lazım gəlir: bütün hallarda bilmək lazımdır: illərdir ki, siyasət və dövlət adamlarımız, diplomatlarımız da bizim kimi gecə-gündüz həmin məsələ üstündə düşünür və onun həllinə çalışırlar.

Əlbəttə, bu, o anlama gəlmir ki, digərləri bu haqda düşünə, fikir səsləndirə bilməzlər. Yox, heç kim bunu iddia etmir. Elə ona görə də debatlarda səslənən bir fikrə münasibət bildirmək qərarına gəldik, çünki həmin fikrin ictimai yükü var.

Nədənsə, ən müxtəlif insanlarımız hələ də bu fikirdədir ki, siyasətçilərimiz və diplomatlarımız Rusiya ilə yetərincə anlaşa, kobud şəkildə desək, “bazarlaşa”- “sövdələşə” bilmirlər.

Səslənən təkliflərdən biri də məhz elə bu konteksdə idi. Namizədlərdən biri dedi ki, Rusiya ilə açıq danışmalı və Dağlıq Qarabağın qaytarılması müqabilində hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə üzv olmağımız tələb olunarsa, bu tələbləri də qəbul etməliyik.

Nə demək olardı bu xüsusda?

Bir daha deyirik ki, elə sadə insanlarımızın da bir çoxu düşünür ki, Rusiyanın tələblərinə “hə” deməklə torpaqlarımızı qaytara bilərik. Amma burada bir nünas var. Biz heç kimi məyus etmirik, amma Azərbaycan 1993-cü ildən MDB-nin üzvüdür, 1993-1999-cu illərdə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olub. Baxın, bir daha deyirik ki, biz təxminən altı il KTMT-da olmuşuq. İndi bir suala vacab verin: bu illər ərzində Dağlıq Qarabağ problemi həll olundumu? Bu illər ərzində heç olmasa, bir kənd qaytarıldımı?

Yox, əfsus ki, olmadı. Onda təminat varmı ki, Azərbaycan təzədən KTMT-a qayıtsa, Dağlıq Qarabağ problemi həll olunacaq? Bir daha deyirik ki, belə təminat yoxdur. Bilirsiniz, KTMT-a daxil olmaq və onu tərk etmək elə də çətin iş deyil. Məsələn, Özbəkistan bunu bir neçə dəfə edibdir. Sadəcə, məsələ bundadır ki, bunun elə bir mənası yoxdur.

Hətta onu da qəbul edirik ki, müəyyən şərtlər daxilində, məsələn, təkrarən rus hərbi bazalarını Azərbaycana qaytarmadan KTMT-nın üzvü olmaq suverenlik üçün elə bir problem deyil – bir daha yada salırıq ki, biz bu təşkilatda artıq altı il olmuşuq. Elə Avrasiya İqtisadi Birliyilə bağlı da eyni sözləri demək mümkündür – bu təşkilatlar çərçivəsində hələ ki, ciddi bir iş yoxdur.

Bunun da səbəbləri var. Bir səbəbi budur ki, Rusiyanın daha böyük geoiqtisadi və geosiyasi layihələrin “mühərriki” olmaq gücü yoxdur və ətrafındakı dövlətlərə real olaraq heç nə təklif edə bilmir. İkinci səbəb isə budur ki, üzv dövlətlər özləri də Rusiya ilə hərbi, siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində maraqlı deyillər. Sadəcə, ildə bir-iki dəfə bu qurumların toplantısında görünür, bəzən isə heç bunu da etmir, həmin toplantılara öz nazirlərini göndərirlər.

Həm də Rusiyanın bizdən istəyi, sadəcə, KTMT və ya Avrasiya İttifaqına üzv olmaq deyildir. Onlar yenidən Rusiyanın hərbi bazalarını Azərbaycana qaytarmaq, bizim sərhədlərimizə özləri nəzarət etmək istəyirlər.

Avrasiya İqtisadi Birliyilə bağlı da çox böyük iddiaları var. Keçmiş sovet məkanında vahid iqtisadi zona yaratmaq, rublu əsas valyuta etmək arzusundadırlar. Sadəcə, bunun üçün yetərli iqtisadi gücləri yoxdur.

Bəli, məsələ bu yerdədir. Ona görə də heç kim düşünməsin ki, guya bizim siyasət və diplomatiya adamlarımız ruslarla “danışa” bilmirlər. Bir daha deyirik ki, problem bunda deyildir, ondadır ki, Vladimir Jirinovski cənabları boş yerə çərənləmir, o, Kremlin əsl arzu-istəklərini ifadə edir.

Bəs onda nə etməli? Öz siyasətimizi davam etdirməli, Ermənistan ətrafındakı siyasi-iqtisadi izolyasiya həlqəsini daha da daraltmalıyıq. Hər fürsətdə ona sarsıdıcı hərbi təzyiq etməliyik.

Bilavasitə Kremlin özünü də qəti unutmamalı, Türkiyə və İranın köməyilə ona da təzyiq göstərməliyik ki, heç olmasa, ordumuz vasitəsilə Qarabağı qaytarmağımıza mane olmasınlar.

Hal-hazırda bu, çox real görünür, çünki Kreml məngənədədir, onun üçün ən azı qonşu region dövlətlərilə əlaqələr müstəsna əhəmiyyət kəsb edir və biz də bundan faydalanmağa çalışmalıyıq…

Hüseynbala Səlimov