Azinforum.az APA-ya istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin yaradıldığını xatırladıb: “Ermənistan bu gün terror siyasəti yürüdür. Bu gün Ermənistanda terror dövlət siyasətidir. Bu siyasətin müəllifi olan Serj Sarkisyanı hakimiyyətdən qovdular. Görək, Sarkisyandan sonra Ermənistanda sağlam düşüncəli insan gələcəkmi? Nə qədər Azərbaycan torpaqları işğal altındadır, Ermənistanda firavanlıq olmayacaq. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir, yalnız bundan sonra regionda sabitlik yarana bilər. Ancaq Ermənistan beynəlxalq hüququ saymır. Avropa İttifaqı niyə Azərbaycan qarşı ikili siyasət həyata keçirir, işğalçı Ermənistana qarşı isə sanksiya tətbiq olunmur? Ukrayna ilə bağlı Rusiyaya isə fərqli münasibət göstərilir. Torpaqlarımızın 20 faizi işğal olunub, siz isə orada bir kriminalı müdafiə edirsiniz. Bu gün Azərbaycanın işğal olunmuş rayonlarında narkotik yetişdirilir. Hazırda Avropada satılan narkotik vasitələrin əksəriyyəti işğal altındakı ərazilərdə yetişdirilir”.