Təbii ki, xarici siyasətin əsas oriyentirlərini prezident müəyyən edir, sonuncu söz həmişə ona aid olur və o, faktiki olaraq siyasi qərarların qəbul olunması sistemində sonuncu ünvan, instansiya kimi çıxış edir. Bunu əsas götürərək demək olar ki, qeyri-adi qərarlar olmayacaq. Çünki biz təxminən iyirmi ildir ki, Putinə, onun Azərbaycana olan münasibətinə bələdik. Üstəlik, bu adamın keçmiş sovet respublikalarına baxışını, regional problemlərə yanaşmasını da gözəl bilirik.

Amma əvvəllər də qeyd etmişik ki, müəyyənliyin də iki tərəfi olur: mənfi və müsbət. Sonuncular arasındakı nisbəti isə zaman özü müəyyən edəcək.

İndilik isə başqa bir detalı qeyd etmək istərdik. Bu da Türkiyə ilə Rusiya arasında getdikcə dərinləşən münasibətlərdir.

Etiraf etmək lazımdır ki, bu gün, məsələn, Suriya məsələsində üstünlük və təşəbbüs İran, Türkiyə və Rusiya üçlüyünün tərəfindədir. Hətta demək olardı ki, Suriya məsələsində adı çəkilən üçlük Vaşinqtona qalib gəldi.
Düzdür, ABŞ hələ ki, Suriyadan qopmaq istəmir, baxmayaraq ki, prezident Tramp elə bu günlərdə ölkəsinin Suriyadan çıxacağını bəyan etmişdi. Lakin o da var ki, bu bəyanatın üstündən heç bir-iki gün keçməmiş ABŞ və Fransanın Mənbicə əlavə qüvvələr yeritməsi haqda xəbərlər yayıldı. Görünür, proses çox çəkəcək, amma bir daha deyirik ki, ən azı, ABŞ-ın Astana prosesindən kənarda qalması artıq çox şey deyir.

Bütün bunları niyə ətraflı şərh edirik? Bir daha deyirik ki, Rusiya, Türkiyə və İran Suriya probleminin çözümündə təşəbbüsü ələ aldı. Bu da o deməkdir ki, regional üçlük problemi həll edə biləcəyinə qəti əmindir.
Artıq necə illərdir ki, Dağlıq Qarabağ probleminin də regional müstəvidə həll oluna bilməsi haqda fikirlər dolaşır. Özü də bu fikirləri adi insanlar yox, bilavasitə adını çəkdiyimiz üçlüyün rəhbərləri səsləndirirlər. Bəs onlara bu problemi həll etmək üçün kart-blanş vermək olarmı? Düşünürük ki, olar.

Elə bizi təkrar-təkrar bu mövzuya qayıtmağa vadar edən səbəb də budur – Rusiya, Türkiyə və İran arasında əvvəllər müşahidə olunmamış, çox sıx bir ittifaq yaranır. Düzdür, buna pessimistcəsinə yanaşanlar da var və bu düşərgədə rusiyalı təhlilçilər də az deyildir.

Kimisi Astana üçlüyünün də fərdi maraqlar ucbatından gec-tez dağılacağını deyir, kimi də Kremlə Ankara ilə çox da böyük planlar qurmamağı məsləhət görür. Çünki onlar hesab edirlər ki, Türkiyə bütün hallarda NATO üzvüdür, hətta ərazisində ABŞ-ın hərbi bazası da var və həm də Ankaranın Cənubi Qafqazda və Mərkəzi Asiyada Moskva üçün ən böyük təhlükə olduğu bildirilir.

Amma məşhur məsəl var; canavardan qorxan meşəyə getməməlidir. Hazırda Ankara ilə Moskva arasında dərinləşmiş inteqrasiya dönməz bir xarakter alır. Təkcə “Akkuyu” AES-nin tikintisi 20 milyard dollarılıq bir layihədir və iki ölkə arasındakı sıx münasibətlərin müvəqqəti olduğu və yaxın zamanda pozulacağı düşünülsəydi, belə layihəyə start verilməzdi…

Təbii ki, təzyiqlər olacaq. İran və Rusiya ABŞ-ın və Avropanın hədəfindədir. Bu baxımdan Türkiyəyə də təzyiq ediləcəyi aydırndır. Gəl, artıq indidən Türkiyənin bu riskləri hesabladığı duyulur. Ona görə də bir o qədər narahat olmağa əsas yoxdur.

Əksinə, çalışmaq lazımdır ki, biz də prosesdən maksimum dərəcədə faydalanaq. Bu fonda ən böyük təlaş yaşayanlardan biri də Ermənistandır, regional üçlük ittifaqının güclənməsi ona xoş gəlmir.

Kremldə də Dağlıq Qarabağ problemini regional müstəviyə keçirmək istəyi sezilir və hətta Ermənistanı da buna razı salmaq üçün problemə yanaşmada ölkələr aşağıdakı kimi təsnif edilir: Rusiya neytral ölkədir, Türkiyə Azərbaycanın, İran isə Ermıənistanın tərəfindədir.

Belə təsnifatı əsaslandırmaq üçün bu yaxınlarda Kremlin ideoloqlarından biri A.Duqin demişdi ki, Türkiyə ilə Azərabaycanın ittifaqı milli zəmində formalaşıb, İranla Ermənistanın yaxınlığı isə hind-Avropa ümumiliyi, tarixi kök birliyilə müəyyən edilir, həm də guya Azərbaycanla İran arasında bir Cənubi Azərbaycan problemi də vardır.

Bu fikir səslənən kimi dərhal ona reaksiya vermişdik, çünki burada Ermənistanı arxayınlaşdırmaq və onu Dağlıq Qarabağ probleminin regioanal müstəviyə keçməsinə razı salmaq istəyindən əlavə, Tehranla Bakı arasında uzunmüddətli soyuqluq yaratmaq cəhdi də duyulurdu.

Amma problemin həlli naminə hətta Duqinin “özünəməxsus təsnifat”ını da qəbul etmək olar. Fəqət, bizə daha çox başqa bir ssenari ehtimalla görünür və düşünürük ki, Ermənistan Qərbdə dayaq tapmağa cəhd edəcək. Ruslar da ermənilərin xislətini bilirlər, ona görə də burada möhkəmlənmək üçün əlavə tədbirlər görürlər.

Qərəz, vəziyyət belədir. Görünür ki, il siyasi cəhətdən çox maraqlı olacağını vəd edir. Amma istərdik ki, o, həm də diplomatlarımız demişkən, substantiv, yəni nəticəli il olsun, çünki bu nəticəni artıq on illərdir ki, gözləyirik…

Hüseynbala Səlimov