Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Kreml rəsmi Bakıya nə vəd edib? – “Bu, əsl centlmen mövqeyi idi“

Kreml rəsmi Bakıya nə vəd edib? – “Bu, əsl centlmen mövqeyi idi“

Rusiya mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Müdafiə Nazirliyinin 10 noyabr bəyanatı üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə bağlı açıqlamasına yer ayırıb. Bu, fevralda iki ölkə arasında müttəfiqlik bəyannaməsinin imzalanmasından sonra Azərbaycan tərəfinin müttəfiq olaraq Rusiyaya ünvanladığı ilk rəsmi ismarış kimi qəbul oluna bilər.

Bunu politoloq Elşən Manafov deyib.

Ekspertin fikrincə, Azərbaycan liderinin dövlətimiz üçün son dərəcə həssas bir məsələyə çox böyük təmkin və uzaqgörənliklə toxunması regionda geosiyasi maraqları olan Kremli düşündürməyə bilməz:

“10 noyabr üçtərəfli bəyanatın şərtlərinə görə, Qarabağın dağlıq hissəsindəki qanunsuz silahlı birləşmələr Rusiya sülhməramlılarının müşayiəti ilə bu bölgədən çıxmalı idilər. Azərbaycanın bu ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlıların əsas missiaylarından biri bu idi. Amma razılaşmanın əldə edilməsindən 1 il 8 ay keçməsinə baxmayaraq, təəssüf ki, nə kapitulyasiya aktında imza atmış Ermənistan, nə də bunun icrasına nəzarəti həyata keçirməli olan Rusiya öz öhdəliklərini yerinə yetirib. Bu isə Azərbaycanın maraqlarına uyğun ola bilməz. Əslində, İrəvanın bu anlaşma ilə üzərinə götürdüyü digər öhdəlikləri də indiyədək yerinə yetirməməsi və ya bunlardan boyun qaçırması, danışıqları danışıqlar xatirinə aparması da bu amillə bağlıdır.

Beləliklə, Prezident Əliyev Moskvada tərəflər arasında şifahi şəkildə digər anlaşmaların əldə edildiyinə də eyham vurdu. Bu, beynəlxalq siyasətdə “Centlmen sövdələşməsi” adlandırılır. Bu sövdələşməyə görə, Ermənistan Qarabağın statusu ilə bağlı məsələyə bir daha qayıtmamalıdır. Bu isə İrəvanın həm də Azərbaycana qarşı əsassız ərazi iddiasından imtina etməsi deməkdir. İrəvan isə kapitulyasiya aktına imza atmasına baxmayaraq, yenə də bu məsələni qabardır. Üstəgəl, 28 illik fəaliyyəti dövründə heç nə ilə yadda qalmayan ATƏT-in Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək istəyir”.

Elşən Manafov bildirib ki, istər Avropa İttifaqının, istərsə də Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir:

“Bizi buna vadar edə biləcək amilləri kənara qoysaq, Azərbaycan indiki geosiyasi reallıq və regional problemlər fonunda qalan məsələləri hərbi yolla həll etməkdə maraqlı olmaya bilər. Qərb və Rusiya arasında yeni dünya nizamının formalaşdırılması uğrunda geosiyasi mübarizənin qızışdığını nəzərə alsaq, bunun üçün münbit zəminin olmadığını deyə bilərəm. Yeni savaşın qarşısını ala bilən digər ən müxtəlif geosiyasi gerçəkliklər də ola bilər. Hər halda Azərbaycan savaş istəyən tərəf deyil. Amma Ermənistan anlaşmadan boyun qaçırmağa davam edərsə, Azərbaycanın digər variantları nəzərdən keçirə biləcək qədər də gücü var”.

Politoloq Azərbaycan ordusunun Fərrux dağına nəzarəti bərpa etdikdən sonra Moskvadan Bakıya edilən səfərə diqqət çəkib:

“Məlum olaydan sonra Rusiya Müdafiə Nazirliyinin yüksək ranqlı rəsmisi Bakıya gəldi. “Centlmensayağı” Bakının diqqətinə çatdırıldı ki, ermənilərin Qarabağdakı qanunsuz hərbi birləşmələri bu ilin iyun ayınadək ərazilərdən çıxarılacaq. Rusiya nümayəndəsi bunu dedi və getdi. Amma indiyədək bu yöndə bir tərpəniş görmürük.

Azərbaycanın növbəti həmləsindən ehtiyat edən ermənilər isə hələ də Fərrux kəndinin həndəvərinə yaxın gələ bilmirlər. Kənd ətrafındakı yüksəkliklərə nəzarət isə Silahlı Qüvvələrimizin nəzarətindədir. Bunların isə böyük strateji önəmi var. Belə ki, bu yüksəkliklər Ağdam və Xaçınçay su kanalının təlükəsizliyinin təmin edilməsi işində müstəsna əhəmiyyətə malikdir.

Fərrux olayı və Xankəndiyə gedən qaz kəmərində problemlərin yaranmasından sonra Qarabağın dağlıq hissəsindəki separatçılar, Ermənistan və onun havadarları əl-ayağa düşdülər. Bakı isə öz üstünlüklərindən istifadə etmək niyyətində olmadığını, erməni əsilli Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının Konstitusiyamız çərçivəsində təminatçısı olduğunu bildirdi. Bu, əsl centlmen mövqeyi idi”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …