Ana səhifə / Siyasət / Komitədə qalmaqal: Baş Hesablama Mərkəzinin kollektivi Prezidentə üz tutdu

Komitədə qalmaqal: Baş Hesablama Mərkəzinin kollektivi Prezidentə üz tutdu

Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin kollektivi ölkə başçısı İlham Əliyevə açıq məktubla müraciət edib. 

Mia.az-a daxil olan məktubun surətində vurgulanır ki, indiyə qədər prezidentə 11.12.2015-ci, 30.12.2015-ci  il tarixli 2 məktub göndərilsə də, deyəsən, ünvanına çata bilməyib. Odur ki, kolletiv bu dəfə açıq məktub yazmaq məcburiyyətində qalıb.

Mia.az məktubu olduğu kimi təqdim edir:

“Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasındakı yekun çıxışınızda bəzi strukturların biri-birinin işini təkrarladığını bildirərək islahatların anonsunu verdiniz: “Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir.”

Şübhəsiz, bu çox məsuliyyətli və mühüm tədbirdir. Lakin bəzi səlahiyyət sahibləri Sizin fikirlərinizi şəxsi mənafe səbəbindən tamamilə başqa səmtə yönəltməyə can atırlar.

21 iyul 2000-ci il tarixli, 926-IQ saylı “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra Azərbaycan Respublikası prezidenti, ümummilli lider H.Əliyev 2003-cü il 20 fevral tarixli, 853 nömrəli Fərmanı ilə “2003—2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nı təsdiq etdi.  Proqramıın VIII bölməsində respublikada fəaliyyət dairəsinə,  və yerinə yetirdiyi işlərin həcminə görə yeganə təşkilat olan, Dövlət Statistika Komitəsinin aparatı ilə bərabər statistika sahəsində dövlət siyasətini həyata keçirən Baş Hesablama Mərkəzinin əhəmiyyətini nəzərə alaraq göstərilirdi:  Proqram çərçivəsində Baş Hesablama Mərkəzinin Dövlət Statistika Komitəsinin mərkəzi aparatı ilə birləşdirilməsi nəzərdə tutulur ki, bu da mərkəzi aparatın işlərinin Avropa ölkələrinin statistika orqanlarının işlərinə uyğun qurulmasına imkan verəcəkdir… Proqrama ümumi rəhbərlik, onun həyata keçirilməsinin təşkili və yerinə yetirilməsinə nəzarət Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir. Hər ilin yekunu üzrə Dövlət Proqramının yerinə yetirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat veriləcəkdir.

Bu gün də Fərman öz aktuallığını itirməyib. Amma təəccüblüdür ki, Fərmanın icrasına məsul olan hər bir səlahiyyət sahibi sözügdən fərmanının bu bölməsini icra etməməklə Konstitusiyanı, böyük bir kollektivin hüquqlarını pozur və indiyə qədər heç bir məsuliyyət daşımırlar. Dövlət qulluqçusu sayılan rayon (şəhər) statistika idarələri (şöbələri)-dən hesabat alaraq, onların fəaliyyətini yoxladığımız və  qiymətləndirdiyimiz halda bu statusdan məhrum edilməyimiz heç bir məntiqə sığmır. Bununla əlaqədar müraciət etdiyimiz səlahiyyət sahibləri hüquqlarımızın pozulduğunu etiraf etsələr də bu istiqamətdə əməli iş görən yoxdur.

Fərmanın icrası ilə əlaqədar hazırki komitə sədri cənab Tofiq Budaqova edilən müraciət bizdə ədalətsizliyin bərpa olunacağına bir qədər inam hissi yaratdı. Komitə sədri kollektivə Fərmanın icrası üçün əlindən gələni edəcəyi barədə söz verdi. Lakin Sizin islahatlar barədə dediklərinizdən dərhal sonra komitə rəhbərliyi fikrini dəyişdi. O, 23.09.2015-ci il tarixli, 14/3-77 nömrəli məktubla Nazirlər Kabineti ilə razılaşdırılmış, Dövlət Statistika Komitəsinin 28.10.2015-ci il tarixli, 22/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş ”2016-cı il üçün Statistik İşlər Proqramı”nın üstündən xətt çəkdi. Bu Proqram üzrə 2016-cı ildə yerinə yetirilməsi nəzərdə tutulmuş 418 işdən 266-sı, yəni 63.6%-i  BHM-nə tapşırılmışdı. Cox gərgin və məsuliyyətli illik hesabatlar dövrü ərəfəsində hesabat və icra intizamını gücləndirmək əvəzinə komitə sədri BHM-nin ləğv edilməsi təklifi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdi və Baş Nazirin imzaladığı 19 noyabr 2015-ci il tarixli, 385s saylı  sərancamı ilə BHM-ni ləğv etmək istədi. BHM-nin kollektivi 26.11.2015-ci il tarixli müraciətlə bu sərəncamın qanundankənar tərtib edildiyini sübut etdikdə, komitə sədri onu kənara qoyaraq növbəti qanunsuzluğa əl atdı. “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin və Tədris Mərkəzinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 dekabr 2015-ci il tarixli, 325 saylı sərəncamı ilə BHM ləğv edildi. Yanvarın 7-də Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin direktoru Vəli Allahverdiyev mediaya açıqlamasında bildirib ki, mərkəzin ləğv olunması ilə bağlı hələlik daxili əmr verilməyib. Bu əmr yanvarın 8-də meydana çıxsa da, əmək müqavilələrinə 30.12.2015-ci il tarixindən xitam verildi. T.Budaqov işçilərin 4 günlük əmək haqqını (28000 manata yaxin) da əllərindən belə aldı.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərləri birləşərək BHM-nin ləğv edilməsı üçün Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası Mülki Məcəlləsini, Əmək Məcəlləsini, Normativ     hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu, Müəssisələr haqqında Azərbaycan Respublikası Qanununu, Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununu, Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununu, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununu və bir sıra digər normativ hüquqi aktları pozublar. Amma görəsən niyə BHM belə tələsik və qanunların pozulması müşayət olunmaqla bircə günün içində ləğv edildi? Komitə sədri T.Budaqovun “Buraya ya prokurorluq gəlməlidir, ya da BHM ləğv edilməlidir” – ifadəsi nələrdən xəbər verir? BHM hansı cinayətin və ya cinayətkarın gizlədilməsi üçün qurban verildi? Mediada yer alan məlumata görə, mərkəzin ləğvi DSK-nın yeni sədri Tahir Budaqovun Nazirlər Kabinetinə etdiyi müraciət əsasında həyata keçirilir: “Yeni komitə sədri bu quruma ehtiyac olmadığını düşünür və bu səbəbdən qeyd olunan addım atıldı”. 

Statistika Komitəsinə cəmi üç ay rəhbərlik etdikdən sonra BHM kimi vacib bir quruma ehtiyac olmadığını düşünən və komitəni sadəcə düşüncələrlə idarə edən sədr, bu sistem üçün daha nələri planlaşdırır?

Ehtimallar müxtəlifdir: Ulu Öndərin Fərmanını vaxtında yerinə yetirməyən vəzifəli şəxslərin cəzadan uzaqlaşdırılması, son illərdə Dövlət Statistika Komitəsi daxilində baş vermiş vəzifə çəkişmələrinin, maraqların toqquşması hallarının ört-basdır edilməsi, təcrübəli mütəxəssislərin kənarlaşdırılaraq yeni komandanın toplanması, ən əsası, BHM-nin kollektivinin gəliri hesabına tikilmiş və mərkəzin balansında olan, şəhərin görkəmli yerində yerləşən 6 mərtəbəli binanın istənilən mümkün vasitələrlə ələ keçirilməsi və s…

Özünü ümummilli lider Heydər Əliyevin yetirməsi adlandıran, hər çıxışında onun nəsihətlərinə əməl etdiyini bildirən,  YAP-nın Siyasi Şurasının üzvü Tofiq Budaqov onun vaxtilə verdiyi Fərmanını nəinki icra etmədi, hətta kollektiv qarşısında bu Fərmanın səhv olduğunu vurğuladı. 

Millət vəkili Aytən Mustafayeva BHM-nin kollektivinin ona ünvanladığı müraciətə cavab olaraq göndərdiyi mülahizələrində daha irəli gedərək Fərmanın qüvvədən düşdüyünü bəyan edir. İxtisasca hüquqşünas olan Aytən xanım bilməlidir ki, Fərman öz-özünə və ya kiminsə istəyi ilə qüvvədən düşmür. Digər tərəfdən  Fərmanın hələ də qüvvədə olduğunu bilməkdən ötrü Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə baxmaq kifayət edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsində Azərbaycan Respublikası Prezidentinin fərmanlarının tətbiqinin və icrasının bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburi olduğu göstərilir. Həmçinin 26 oktyabr 2006-cı il tarixli, 472 saylı ”İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın 1.1 bəndində deyilir: ”Mərkəzi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və tam icra olunması üçün konkret tədbirlər görsünlər”.

Möhtərəm cənab Prezident!

Sizin imzaladığınız qanunlar Sizin vəzifəyə təyin etdiyiniz səlahiyyət sahibləri tərəfindən beləcə pozulur və bu hərəkətlər Sizin və Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin adından edilir. Konstitusiyanın 7-ci və 99-cu maddəsində birbaşa təsbit edilib ki, Azərbaycan Respublikasının icra hakimiyyəti Prezidentə mənsubdur. Həmçinin Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir. Bu səbəbdən Baş Hesablama Mərkəzinin ləğvi ilə əlaqədar verilmiş aktların araşdırılmasını və Azərbaycan Respublikası Prezidenti H.Əliyevin 2003-cü il 20 fevral tarixli, 853 nömrəli Fərmanı ilə “2003—2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın VIII bölməsinin icrasını birbaşa nəzarətinizə götürməyinizi Sizdən xahiş edirik. İnanırıq ki, Fərmanı bilərəkdən yerinə yetirməyənlərin lazımınca cəzalandırılması və bu Fərmanın gec də olsa icrası ulu öndərin ruhuna hörmət və ehtiramın daha bir nümunəsi olacaqdır”.

Məktuba komitənnin rəsmi mövqeyini də əlavə etmək istəsək də, bu cəhdimiz alınmadı. Onları da dinləyib, münasibətlərini oxuculara çatdırmağa hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın