Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / KÖÇ: Beyrutdan Şuşaya deyil, Şuşadan İrəvana…

KÖÇ: Beyrutdan Şuşaya deyil, Şuşadan İrəvana…

Azərbaycan Respublikasının Ermənistanın işğalı altındakı ərazilərində, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində düşmənin qanunsuz hərəkətləri, demək olar, aralıqsız davam edir. Bu, zaman-zaman müxtəlif formalarda təzahür edib və əlbəttə, bütün hallarda işğal faktından sui-istifadədir.

Bu sui-istifadəyə, abidələrin dağıdılması, toponimlərin dəyişdirilməsi, qanunsuz infrakstrukturlaşma, o cümlədən qeyri-qanuni məskunlaşdırma və s. daxildir. Bugünlərdə məhz qeyri-qanuni məskunlaşdırma ön plana çıxıb. Livan paytaxtı Beyrutda avqust ayında baş vermiş bəlli partlayışdan və humanitar fəlakətdən sonra, işğalçı Ermənistan “soydaş təəssübkeşliyi və həmrəyliyi” nümayiş etdirərək, erməniləri Qarabağa köçürməyə başladı.

Ermənilər Livanda sayca ikinci xalq sayılır. Rəsmi təxminlərə görə Livan əhalisi 3.759.136 nəfərdir; onlardan 116.214 nəfəri ermənidir. Ermənilərin 88.601 nəfərinin qreqoryan, 20.259 nəfərinin katolik, 7.354 nəfərinin isə protestant olduğu bildirilir. Erməni toplumu Livan parla¬mentində 6 qriqoryan deputatla təmsil olunur.

Bəs bizimçün vacib olan mövzuda ilk növbədə nələri fərqləndirmək olar? Birincisi, ermənilərin Ermənistana aid olmayan bir qeyri-sabit şəhərdən, yenə Ermənistana aid olmayan və müharibə alovunun hər an qalxa biləcəyi başqa bir şəhərə köçürülməsi qeyri-humanitar xarakter daşıyır. Bunu “soydaş təəssübkeşliyi, həmrəyliyi” pərdəsinə bürümək düzgün sayılmaz.

Çünki sən, xilasedicisənsə, köçürdüyün adamlar, ailələr daha təhlükəsiz yerə köçürülməlidir. Daha təhlükəsiz deyərkən, məsələn, beynəlxalq hüquq normalarının qorunduğu, işğal altında olmayan yaşayış məntəqələri ola bilərdi. – Deyək ki, Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində o qədər tərk edilmiş kəndlər, yaşayış məntəqələri var ki…

Digər tərəfdən, Ermənistan hakimiyyət daşıyacağı yükün altına girməlidir. Ermənistan qlobal oyunçu deyil – buna onun nə ərazisi, əhalisi, iqtisadi imkanları, nə də, dövlətçilik ənənəsi, hərbi və intellektual baqajı və s. imkan vermir. O halda, bu cırtdan dövlət Livandan Azərbaycan əra¬zisinə köç təşkil etmək kimi qeyri-qanuni marşrutlardan çəkinməlidir. Ermənistanda ağlı ba¬şında olanlar Livandan yaxud başqa bir gərgin bölgədən Qarabağa köçü deyil, elə Qarabağın özündən erməni köçünün təşkilinin texniki tərəflərini düşünməli, bunu təmin et-məlidir. – Çünki sonra gec olacaq. Məsələn, o ermənilər ki, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak edib, o ermənilər ki, azərbaycanlılara silah qaldırıb, onların Qa¬rabağdan çıxarılıb, Ermənistanamı yaxud özləri bilərlər, harasa köçürülməsini düşünə bilərlər (bu o demək deyil ki həmin ermənilər nə zamansa, istintaqa cəlb edilməməlidir).

Yoxsa, miqrasiya, qaçqınlar və məcburi köçkünlərə dair beynəlxalq hüquq qayda və normalarını gözardı edib, xəstə təxəyyüldən irəli gələn “plan-proqram”da inad edincə, özlərini dərin bir quyu qırağına gətirəcəklər. Əlbəttə, biz Ermənistanın quyuya düşməməsi qayğısı ilə yaşamırıq, hər ölkə, xalq öz yolunu özü seçir; işğalçıların da cəhənnəmədək açıq yolları var…

Bəli, Livanlı ermənilərin işğal edilmiş ərazilərə köçürülməsi həm qeyri-qanuni, həm də, səbatsız hərəkətdir. Bu, erməniləri fəlakətdən qurtarmaq deyil, yeni fəlakətə dəvət etməkdir.

İkincisi, ortada məhz işğal faktı var – BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalla bağlı hələ 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul qəbul edilib; başqa beynəlxalq sənədlər var… Təkrarçılıq olmasın, beynəlxalq hüquqa görə işğalçının işğal faktından sui-istifadə etməməli olduğu hər kəsə bəlli bir normadır. Guya, Ermənistanın “demokrat libaslı, işğalçı zehniyyətli” hökumət başçısı və onun siyasi həmfikirləri bunu bilmirmi?

Digər tərəfdən, bu, Livanda baş vermiş bəlli partlayış fəlakətinin sonuclarından sırf sui-istifadə cəhdidir. Bu ortamda, işğalçının sülhyaratma missiyasının işində guya iştirakı da, acı gülüş doğurur. Ermənistanın etdiklərinin heç bir bəraəti, ağardılma imkanı yoxdur. Ermənistanın hüquqsuz hərəkətləri və sülhə münasibətdə hərəkətsizliklərinin ağıl və məntiqlə izahı çətindir. Ermənistanda Ermənistanlılıq qalmamalıdır. Uzun illərin dözümü, işğala məruz qalan tərəf olsaq da, sülh danışıqlarına sadiqliyimiz, demək olar, heç bir müsbət sonuc verməməkdədir.

Elə bu ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində yaşananlar Ermənistanın qeyri-ciddi bir rejimə malik olduğunu bir daha göstərdi.
Beyrutda baş vermiş məlum partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya birliyinin Livana dəstəyi fonunda, işğalçı Ermənistanın növbəti çirkin həmləsi yalnız səbatsızlıq, hüququ çeynəmə deyil, eyni güclə mənəviyyatsız¬lıqdır. – Faciəli şəkildə ölmüş adamların ağrı-acısı üstündə məkrli siyasi oyun qurmağı mənəviyyatsızlıqdan daha aydın şəkildə hansı sözlə ifadə edə bilərik?

Bizim hərbi gücümüzün artması və bu güc artımının münasib şəkildə nümayişi bir tərəfdən, Livan dövlət rəhbərliyinin öz vətəndaşlarını xəbərdar etməsinə çalışmaq və köçürülənlərin fərqli informasiya kanallarında və fərqli dillərdə (erməni, ərəb, fransız…) xəbərdar edilməsi digər tərəfdən atılacaq addımlardan ola bilər. Yenə ermənicə, rusca, ingiliscə, başqa dillərdə işğal altındakı torpaqlarımızda məskunlaşdırılmış və ya daha öncədən məskunlaşmış erməniləri onları qoruyan fəlakətlər barədə məlumatlandırmaq, onları mümkün miqdar çəkindirmək də vacib addımlardandır.

Öz işğal siyasətini daha da möhkəmlətməyə çalışan Ermənistanın iç üzünü hər platformada açmalı, tökməliyik. – Bu, bizim haqlılığımızın təsbitidir; bu, qanunsuz miqrasiyanın beynəlxalq hüquq normaları və sülhyaratma missiyası ilə uyğunsuzluğunu bir daha beynəlxalq miqyasda duyur¬maqdır. Ona görə də, məhz hücum diplomatiyasına xidmət edən addımlarla çıxış edilməsi alter¬nativlərin ən yaxşısıdır.

Dövlətimiz zaval görməsin!

Əkbər Qoşalı

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …