Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Köçəryanın istintaqı Azərbaycanın suverenliyinə qarşı Ermənistanın cinayətlərinin sübut faktına çevrilir…

Köçəryanın istintaqı Azərbaycanın suverenliyinə qarşı Ermənistanın cinayətlərinin sübut faktına çevrilir…

Ermənistanın keçmiş prezidenti, 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində konstitusion quruluşu devirmək cəhdi ittihamı ilə dindirilən Robert Köçəryan daha istintaqa ifadə verməyəcəyini bildirib.

Erməni KİV-ləri xəbər verirlər ki, Köçəryan İstintaq Xidmətindən çıxandan sonra “Yerkir media” telekanalına müsahibə verib və barəsində irəli sürülən ittihamları “saxta, qurama” adlandırıb, istintaqa cəlb edilməsini “siyasi təqib” sayıb: “İndi onlar mənim həbsimə nail olmaq istəyirlər. Yəni Dağlıq Qarabağın birinci prezidentinin, həmin prezidentinin ki, Qarabağ şanlı qələbə qazanıb və onun vaxtında təhlükəsizlik zolağı formalaşdırılıb. Ermənistanın ikinci prezidentinin, hansı ki, onun vaxtında iqtisadiyyat 5 faiz artıb. İttihamlar quramadır. Azərbaycanda hansı təntənə, sevinc hiss etdiklərini təsəvvür edə bilərəm. Onlara belə hədiyyə edin”.

Göründüyü kimi, R.Köçəryan bu açıqlaması ilə, faktiki olaraq, Azərbaycan ərazilərinin işğalındakı xidmətlərinə diqqəti yönəldib. Bu da o anlama gəlir ki, sabiq prezident Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd etdiyini boynuna alır.

Köçəryan deyib ki, təslim olmaq fikrində deyil və axıra qədər mübarizə aparacaq: “Kütlələrin əhval-ruhiyyəsini hüquqi məkana daşımaq istəyirlər. Belə çıxır ki, 2008-ci ildə cəmi 21.5 faiz səs yığan Levon Ter-Petrosyan əslində həmin seçkiləri udubmuş. Bu, reallıqdan tamamilə uzaqdır və sevgi, həmrəylik şüarları altında baş tutmuş “məxməri inqilab” tərəfindən siyasi təqiblərdir”.

Köçəryanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə etdiyi qəsdi şəxsi qəhrəmanlığı kimi qələmə verməsi nəyin əlaməti sayıla bilər?

Politoloq Vüqar Qədirov “Bakı-xəbər”ə bildirdi ki, Köçəryanın bu etirafı Ermənistanın hansı siyasət yürütdüyü və necə ölkə olduğuna bariz nümunədir: “Biz müxtəlif səviyyələrdə dəfələrlə Köçəryan və Serj Sarkisyanın əlinin qana batdığını, çoxsaylı cinayət törətdiklərini bildirmişik.  Hətta Azərbaycanın hüquq-mühafizə orqanlarında həmin adamların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı kifayət qədər fakt mövcuddur. Bu gün Ermənistanda baş verənlər bir daha sübut edir ki, həmin ölkədə qisasçılıq hökm sürür. Vaxtilə Paşinyana pislik ediblər, indi də o gəlib əvəzini çıxır. Burada dövlətçilik anlayışından söhbət gedə bilməz. Əslində, Köçəryanın bu etirafı onun barəsində beynəlxalq tribunalda işin başlanmasına tam əsas verir. Bu adam konkret olaraq Dağlıq Qarabağda baş verən bütün proseslərə rəhbərlik etdiyini boynuna alır. İndi gəlin baxaq görək həmin hadisələr zamanı nələr olub? On minlərlə insan həlak olub, ondan artıq sayda insan yaralanıb. Milyonlarla insanın əmlakı dağılıb, onlar öz ata-baba yurdlarından qaçaq düşüblər. Bilirik ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bir siyasətçi və ya keçmiş ölkə rəhbəri etiraf edirsə ki, o həm bəşəriyyət əleyhinə cinayət törədib, həm də başqa ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı çıxıb, onun barəsində bir fikir formalaşa bilər: niyə azadlıqda gəzir? Ancaq Paşinyan hakimiyyətinin onu həbs etmək fikri dəqiq olacaqsa, biz deyilən ittihamları görməyəcəyik. İşğalçılıq məsələsində onların fikirləri tam üst-üstə düşür. Təsadüfi deyil ki, bu gün Paşinyanın özü də cinayətkar kimi qələmə verdiyi iki sabiq prezidentin yürütdüyü siyasəti daha sərt şəkildə həyata keçirir. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Bir nəticəyə gəlinir ki, Ermənistanda Azərbaycana qarşı törədilən cinayətlərin müəlliflərini qəhrəman sayırlar. Yalnız öz daxili intriqalarından doğan maraqlarda isə kimisə təqsirləndirə bilirlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …