Ana səhifə / Siyasət / Köçəryan niyə azad olundu? – ŞƏRH

Köçəryan niyə azad olundu? – ŞƏRH

İrəvanın birinci instansiya məhkəməsi şənbə günü Ermənistanın ikinci prezidenti Robert Köçəryanı həbsdən azad edib.

Qeyd edək ki, R.Köçəryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunmuşdu. O, 2018-ci il dekabrın 7-dən bu günə qədər həbsdə olub.

Köçəryanın həbsi Paşinyan hakimiyyətinin “Qarabağ klanı”na qarşı mübarizəsinin bir hissəsi hesab olunurdu. Son günlərdə “Qarabağ” separatçıları ilə Paşinyan arasında yaşanan gərginliyin də səbəbi məhz Köçəryanın həbsdə olması, “Qarabağ klanı”n Ermənistanda mövqeyinin zəifləməsi idi.

Maraqlıdır, Köçəryanın həbsdən azad edilməsi Paşinyanla Qarabağ separatçılarının münasibətinə necə təsir edəcək?

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Köçəryanın həbsdən azad olunması Paşinyanın Putinlə görüşündə uğurlu nəticə əldə etməsinə hesablanıb:

“Ermənistanın eks-prezidenti 1 mart hadisələrində təqsirləndirilən Robert Köçəryan məhkəmənin qərarı ilə azad olunub. Təbii ki, burada siyasi səbəblər var. Son günlər “Qarabağ klanı” Paşinyana qarşı hücuma keçərək Köçəryanın həbsdən azad olunmasını tələb edir.

“Qarabağ klanı”nın dayağı olan Xankəndində separatçılar birbaşa Paşinyanla siyasi münaqişəyə gedir. Hesab edirəm ki, Paşinyan Köçəryanı istəyərək həbsdən azad etməyib. Rusiya prezidenti Vladimir Putin və Qazaxıstanın “Elbaşı”-sı Nursultan Nazarbayev Köçəryanın həbsdən azad olunması üçün Paşinyana mesajlar verdi. Ermənistan daxilində siyasi proseslərin gərgin olması və Putinlə görüş öncəsi Köçəryanın azad edilməsi Paşinyanın Putinlə danışıqlarının uğurlu olmasına hesablana bilər. 

Paşinyan çox çalışdı ki, ölkəsində Rusiyanın siyasi mövqeyini zəiflətsin, amma buna nail ola bilmədi. Moskva “Qarabağ klanı”ndan istifadə edərək Paşinyana təzyiqlər etdi. Köçəryan yenidən həbs edilməsə, özünün elan etdiyi kimi partiya yaradıb Paşinyana qarşı güc formalaşdıracaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …