Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Kişinin evi olar” söhbətinə SƏRT REAKSİYALAR

“Kişinin evi olar” söhbətinə SƏRT REAKSİYALAR

Eks-deputat Qalib Salahzadənin “Kişinin evi olar…” fikri Facebook sosial şəbəkəsində ciddi müzakirələrə və etirazlara səbəb olub.

Moderator.az onun bu fikirlərinə tanınmış və evsiz jurnalistlərdən münasibət öyrənib.

Əvəz Qurbanlı: “Əlbəttə, hər kişi bir ailə sahibidir və hər bir ailənin yaşaması üçün ən zəruri olan “nəmənə” evdir. Bu baxımdan, “Kişinin evi olar” fikri ilə tam razıyam. Lakin burada diqqət yetiriləsi çox vacib məqam var: kişi evini kişi kimi əldə etməlidir. Əgər bir ev alın təri ilə, halal zəhmətlə, düzgünlüklə qazanılıbsa, başqasının haqqını mənimsəməklə tikilməyibsə, həqiqətən o evin sahibinə halal olsun.

Eyni zamanda, halal zəhmətlə dolandığı üçün ev əldə edə bilməyən ailə başçılarını da “Kişinin evi olar” kimi ifadələrlə dolayısı yolla təhqir etmək də olmaz. Ümumiyyətlə, “kişi” mövzusu çox ağır, baha və geniş söhbətdir. Yaxşı olar ki, bu barədə çox danışmayaq.

Etiraf edim ki, məlum açıqlama məni çox məyus etdi. 15 ildir mətbuatdayam, bundan əlavə, uzun müddətdir, bədii yaradıcılıqla məşğulam, Yazıçılar Birliyinin üzvüyəm. İmzam da kifayət qədər tanınır. Bununla belə, nə jurnalist fəaliyyətim, nə də AYB üzvü olmağım mənzil problemimin həllinə azacıq da olsa kömək edib. Jurnalist fəaliyyətimdə reketçilik etməmişəm, şair kimi də məmur qapıları gəzməmişəm. Bəlkə də bu yollara getsəydim, indi 30 ev tikmişdim, 30 dəfə də həccə getmişdim”.

Cavid Şahverdiyev: “Düz deyir, kişinin evi olar. Amma baxır o evi hansı kişi tikir və yaxud da alır. Əgər xalqın, dövlətin pulu ilə özünə ev tikirsə, o kişi deyil, nakişidir. Kişi gərək öz zəhməti ilə ev qursun. O ev ki haram pulla alınır, ya tikilir, o zaman evin sahibinin heç vaxt kişilikdən danışmağa mənəvi haqqı çatmaz.

Təəssüflər olsun ki, bu gün kişilik Qalib Salahzadənin gətirdiyi arqumentlərlə ölçülür. Bahalı vilaya, təmtaraqlı həyat şəraitinə malik olanlar daha çox kişilikdən dəm vururlar”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın