Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Keçmiş nazirin təzə bığı

Keçmiş nazirin təzə bığı

Nəhayət Şuşanın işğal olunduğunu da bildik, bunun özü böyük irəliləyişdir. Ermənipərəstlik çıxmasa Paşinyana təşəkkür eləmək də olardı, hətta lazım gəlsə Əkrəm müəllimi deputat qoyaq, dövlət sifarişiylə yeni roman yazmasını tapşıraq. Sovet vaxtı buna bənzər lətifə vardı, deyir müharibə qurtarandan sonra bir nəfər gedir Stalinin yanına: “Səndən çox incimişik, 5 il nemeslərlə müharibə aparmısan, bizə xəbər verməmisən”.

Mənim özümə neçə nəfər, türkün sözü, telefon açmış, erməni prezidentin Şuşa səfərinə qəti etirazını bildirmişdir. Söz verirəm, bunların hamısını Paşinyana çatdıracağam, qoy ölüb yerə girsin, utansın. Gedib Ermənistanın boşalmasının dərdini çəkmir, abırsızcasına başqa torpaqlarda dolaşır. Darıxma, biz sənə göstərərik, səbr eləyirik hələ.

Hərçənd, optimist olmağa tələsməyək, bəzi nöqsanlar hələ qalmaqdadır. Bu yaxında Göyçay rayonunda 82 yaşlı ağsaqqal vətəndaşımız qoyun sürüsünün altında qalaraq həlak olmuşdu. Qabaqlar biz qoyunları yeyirdik, indi qoyunlar bizi yeməyə başlamışdır. Hər halda, olduqca əcaib hadisədir. Mən ömrümdə ilk dəfə qoyunun altında qalan adamın ölməsi xəbərini oxuyurdum. Sabah biz bu vəziyyətimizlə Qarabağı, Şuşanı necə azad edəcəyik? Hökumət, əlaqədar təşkilatlar da xalqa izahat verməlidir ki, biz bu günə nə cür gəlib çatdıq? Bir yumruqla öküzü yıxan Buğac kimi oğulların yerində qoyun sürüsünə məğlub olan vətəndaşlar yetişdirmişik.

Lakin bayram günləridir, qanqaraldan xəbərləri tirajlamaq istəmirəm. Onsuz hamı kimin kim olduğunu bilir. Elə o Əli Kərimlini də yaxşı tanıyırıq.

Örnək üçün, elə hər il Ramazanda bizə haqqın yoluna gəlməyi təbliğ edən insanlara diqqət yönəldək. Burada ən əsas fiqur şeyxülislam deyildir. Heç hörmətli Hacı İlqarın moizələrinə də o qədər diqqət kəsilmirik. Ancaq bir nəfərin dini bayramlarda mütləq açıqlama, münasibət, intervü-filanı olur. Bu adam, nə qədər qəribə olsa da, keçmiş nəqliyyat naziri Ziya Məmmədovdur. Hər dini bayramda jurnalistlər mütləq Ziya müəllimi danışdırır, o da uca millətimizə namaz qılmağın, oruc tutmağın, dua eləməyin, qurban kəsməyin, canım sənə desin, kasıblara əl tutmağın və taksi sürücülərini lomlamağın vacibliyindən bəhs edir (axırıncını zarafat və göz qaytarmaq üçün yazdım, Ziya müəllim bizim nazirlər arasında ən ziyalısı olmuşdur). Builki əziz Ramazan günləri də fərqlənmədi, yenə Ziya müəllimin oruc tutub, namaz qıldığını öyrəndik. Görəsən niyə? Bəlkə Ziya müəllim keçmiş vəzifəsində yol işlərinə baxdığı üçün hələ də millətimizin yol göstərəni, mayakı olmağı yaddan çıxarmır? Nə biləsən. Dünyada sirr çoxdur. Heç o boyda alimlər koronavirusa dərman tapmır. Ümumiyyətlə, biz insanın dünyaya niyə gəldiyini bilmirik. Ziya müəllim bilsə də, hələlik bizə demir.

Əlbəttə, bütün nazirlər öz vəzifəsində o cür məsuliyyətlə çalışmayıbdır. Eləsi var işdən çıxarılan kimi imicini dəyişir, bığ saxlayır. Biri saqqal uzadıb. Ayrısı plastik əməliyyat edib özünə ikinci burun tikdirib. Çoxdur bu cür məmur və nazirlər. Sanki istəyirlər xalq onları vəzifədən qovulandan sonra görəndə tanımasın.

Yaxud, mədəniyyət naziri işdən çıxarılıb, jurnalistlər yazdılar ki, onun səlahiyyətlərini birinci müavini icra edir. Lakin sonradan nazirlik təkzib verdi, bəyan etdilər yalandır, Əbülfəs müəllimin səlahiyyətlərini başqa kimsə icra eləmir. Loru dildə desək, nazirliyin hələlik müdiri yoxdur. Artistləri, manısları, şairləri bəs bu müddətdə kim idarə edir? Görünür vəzifə çox ağır, məsuliyyətli olduğundan heç bir müavin onu müvəqqəti boynuna almaq istəmir. Bəs soruşmaq lazımdır, Əbülfəs müəllim 20 il idi o işi nə cür idarə eləyirdi? Niyə onun qədrini bilmədiniz? Təklif edirəm qaytarıb yerinə qoyaq. Sonra yenə çıxardarıq, hara tələsirik, Erkin müəllim demişkən, tələsən yerimiz yoxdur. Musavat.com

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …