Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Keçmiş MTN-çi: “Nardarandakı əməliyyat yaxşı planlaşdırılsaydı, ölüm olmazdı”

Keçmiş MTN-çi: “Nardarandakı əməliyyat yaxşı planlaşdırılsaydı, ölüm olmazdı”

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki İlham İsmayıl Nardaranda baş verən insidentə münasibət bildirib. O, Modern.az saytına açıqlamasında baş verənlərə təəssüfləndiyini deyib:

“Fikrimcə, dindarlarla çox ehtiyatsız davranılıb. Əgər əməliyyat qarşı tərəfin silahlı olub-olmadığını öyrənmədən başladılıbsa, bu, ehtiyatsızlıqdır. Mən bunu yaxşı planlaşdırılmamış əməliyyat kimi dəyərləndirirəm. Təəssüf edirəm ki, hadisə zamanı ölənlər var. Dindarların aqressivliyi əvvəldən bəlli idi. Əməliyyat düşünülmüş olsaydı sakitcəsinə, qanunsuz silah saxlamaq adı ilə həmin şəxsləri həbs etmək olardı.

Təəssüf ki, əməliyyat sona qədər işlənilməyib və ortada faciə yaşanır. Dindarlar “Taleh Bağırzadə həbs edilərsə Azərbaycanda qan su yerinə axıdılacaq” deməklə hədə-qorxu gəlmişdilər. Uğurlu bir əməliyyatla həmin şəxsləri qansız-qadasız tutmaq olardı. Sübut etmək olardı ki, bunlar dindar yox, məhz silahlı terrorçulardır. Onda dövlətin təbliğatı da genişlənmiş olardı”.

Keçmiş MTN-çi bir neçə il əvvəl dindarlara qarşı həyata keçirilən əməliyyatı indiki ilə müqayisə edib:

“Təxminən 4-5 il əvvəl Gəncədə Padarov soyadlı zaqatalalı vəhhabi polis zabiti tərəfindən tutulanda hər ikisi ölmüşdü. Çünki əməliyyat ciddi hazırlanmamışdı. Qarşıdakının özünü öldürməyə hazır olduğunu bilə-bilə bəsit formada, qapını döyərək “səni tutmağa gəlmişik” demişdilər. Bu da o tipli əməliyyatdır. Silahlı dindara heç bir halda haqq qazandırmırıq. Amma əməliyyat uğursuz alınıb. O qədər ehtiyatlı olmaq lazım idi ki, qarşı tərəfin fikirləşməyə zamanı olmasın. Ehtiyatlı olmaq, təbliğatı elə etmək olardı ki, əhali də radikalların din bayrağı altında gizləndiyini əyani görərdi”.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Sabunçu rayonu Nardaran qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı birgə yaydığı məlumata əsasən, hadisə zamanı 2 polis əməkdaşı, 4 dindar həlak olub, 14 nəfər isə həbs edilib. Həmçinin bir neçə nəfərin yaralandığı qeyd edilir.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın