Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Kəngərlidə qapalı suvarma şəbəkəsi istifadəyə verildi –Vasif Talıbov açılışda çıxış etdi

Kəngərlidə qapalı suvarma şəbəkəsi istifadəyə verildi –Vasif Talıbov açılışda çıxış etdi

Oktyabrın 22-də Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib.
Moderator.azNaxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadla bildirir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi ərazidə şoranlaşmanın qarşısının alınmasına imkan verəcək: “Tikinti işləri aparılarkən ərazinin relyefi nəzərə alınmış, suyun itkisiz çatdırılması və öz axını ilə paylanması təmin edilmişdir. Su mənbəyi kimi Araz çayından qidalanan nasos stansiyası götürülmüşdür. Ərazidə 2,2 kilometr uzunluğunda ana xətt, 9930 metr uzunluğunda isə paylayıcı su xətləri çəkilmişdir. Su xətlərinin üzərində 25 siyirtmə, 103 hidrant və 20 suboşaldıcı qoyulmuşdur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsinin əlamətdar hadisə olduğunu bildirərək, deyib: “Naxçıvan Muxtar Respublikası aqrar-sənaye regionudur. Ona görə də hər iki sahənin inkişafı, xüsusilə tələbata uyğun xammal və keyfiyyətli məhsul istehsalı qarşıda duran əsas vəzifədir. Bunun üçün, ilk növbədə kənd təsərrüfatı rentabelli inkişaf etdirilməlidir. Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin görülməsi, məhsuldar toxum sortlarından istifadə, mütərəqqi suvarma və əkin metodlarının tətbiqi diqqət mərkəzində saxlanılır, məhsuldarlıq artırılır”.
Əkinəyararlı torpaqlardan səmərəli istifadənin və şoranlaşmanın qarşısının alınmasının vacibliyini vurğulayan Ali Məclis sədri deyib: “Qapalı suvarma şəbəkələrinin qurulması, şırım üsulu ilə əkinə üstünlük verilməsi, torpaqlarda meliorativ tədbirlərin görülməsi və aqrotexniki qaydalara əməl edilməsi bu mənada mühüm əhəmiyyət daşıyır. Əvvəllər muxtar respublikada taxılın ümumi məhsuldarlığı hər hektarda 18-20 sentner idi. Lakin mütərəqqi əkin və suvarma metodlarının tətbiqi nəticəsində taxıl sahələrində məhsuldarlıq hər hektarda 30-35 sentnerə çatdırılmışdır. Vaxtilə muxtar respublikada 25 min ton taxıl istehsal olunurdusa, bu il muxtar respublikada 100 min tondan çox taxıl, 3 min tondan artıq qarğıdalı və digər kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur”.
Ali Məclisin Sədri həmçinin bildirib: “Mütərəqqi suvarma metodlarının tətbiqi əkinçiliyin inkişafı ilə yanaşı, muxtar respublika ərazisində yaşıllıqların sahəsinin artırılmasına da səbəb olmuşdur. Muxtar respublika sakinləri bu işdə yaxından iştirak etmiş, yeni yaşıllıq zolaqları və meyvə bağları salınmışdır. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin sakinləri zəhmətkeş insanlardır. Kənd sakinlərinin iştirakı ilə son illər geniş yaşıllıq zolaqları salınmış, səliqə-sahman yaradılmışdır”.
Ali Məclisin Sədri yaşıllıqların və meyvə bağlarının salınmasında Böyükdüz kənd sakini, sağlamlıq imkanları məhdud Hümbət Həsənovun zəhmətini xüsusi vurğulayaraq, Kəngərli rayonunda qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri və torpaq mülkiyyətçilərini təbrik edib, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.
Daha sonra Ali Məclisin Sədri idarəetmə düyməsini basaraq, qapalı suvarma şəbəkəsini istifadəyə verib.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın