Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov gənc xilasediciləri mükafatlandırdı

Kəmaləddin Heydərov gənc xilasediciləri mükafatlandırdı

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü münasibətilə keçirilən gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışı başa çatıb.

APA-nın məlumatına görə, bu gün Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və idman nazirliklərinin birgə dəstəyi ilə keçirilən yarışların bağlanış mərasimi olub. Qəbələ rayonundakı “Yeddi Gözəl” otelində keçirilən tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

Əvvəlcə nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüş keçirərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı, qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb. Sonra komandalar şərti olaraq “Yeddi Gözəl” otelində baş verən yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, göldə boğulmaq təhlükəsi ilə üzləşən uşağın xilas edilməsi, dərin quyuya düşən insanın oradan çıxarılması əməliyyatını uğurla başa vurublar. Sonra gənc yanğınsöndürən və xilasedicilər hündür binanın fasadına çıxaraq üçrəngli dövlət bayrağını dalğalandırıblar, gənc boksçu və taekvondoçular isə döşək üzərində öz bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının final mərhələsi haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək, onlara uğurlar arzu ediblər.

Tədbirdə məlumat verilib ki, FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə əvvəlcə Azərbaycanın müxtəlif bölgələrində gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən komandalar finala vəsiqə qazanıblar. Bu yarışın iştirakçısı olan 17 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Belarus, Gürcüstan, Qazaxıstan və Moldovadan olan təmsilçilər beş mərhələdə – “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıblar.

Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışın qalibi olan Rusiya komandasına mükafatlar təqdim edib, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib.

Beynəlxalq yarışda ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika yarışlarında isə Bakının Nizami rayon komandası ikinci, İsmayıllı komandası üçüncü yerə çıxıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın