Ana səhifə / Siyasət / Jurnalist idmançını məhkəməyə verdi: “Vəfat edən valideynlərimi təhqir edib”

Jurnalist idmançını məhkəməyə verdi: “Vəfat edən valideynlərimi təhqir edib”

Şou-biznesdə növbəti qalmaqalın təməli qoyulub. Belə ki, jurnalist Əfruzə Ağayeva “Space” televiziyasının aparıcısı Şəbnəm Həsənovadan və onunla qarşılıqlı mübahisə edən idmançı Kamil Zeynallıdan məsələ ilə bağlı açıqlama alıb. 
Lakin jurnalistin Ş.Həsənovadan müsahibə alması idmançını əsəbləşdirib və o, sosial şəbəkədə Ə.Ağayevanın fotosunu paylaşaraq, onu təhqir edib. K.Zeynallı daha sonra fotonu silib.
Məsələ ilə bağlı musavat.com saytına açıqlama verən Əfruzə Ağayeva bildirib ki, K.Zeynallını məhkəməyə verib: “Kamil Zeynallı ilk bu sahəyə gələndə istər ondan, istər həyat yoldaşından açıqlama alan, onlar haqqında yazan jurnalistlərdən biri də mən olmuşam. Mənim niyə şəklimi paylaşıb, küçə söyüşləri söyüb? Çünki aparıcı Şəbnəmi və rəhmətə gedən anasını söyüb. Bizim də hüququmuz var ki, bu yazını birtərəfli verməyək və aparıcı Şəbnəmdən də açıqlama alaq. Aldıq və hər ikisinin mövqeyini dərc etdik. Bu insan gecə telefonuma zəng edib və sms yazıb ki, aç telefonu, yoxsa acığımı sənin rəhmətə gedənlərindən çıxacağam. Mən həqiqətən yatmış olmuşam, yatanda da bir çox insan kimi telefonumu səssizə qoyub, yatıram. Gecəyarısı idi, evdəkilərin telefonuna bir rəfiqəm yığıb məni ayıltmağı xahiş etdi, sonra telefonuma gələn mesajları gördüm, “İnstagram” baxıb şok oldum. İnsan necə biri olmalıdır ki, bilə-bilə ki, mənim valideynlərim rəhmətə gedib, onları söysün? Şəbnəmdən üzr istəyir ki, bilməyib ki, anası ölüb. Mənim valideynlərimin rəhmətə getməsini isə bilirdi. Keçən dəfə belə bir problem olmuşdu, o, üzr istədi ki, bilməyib. Kamil də qız övladı böyüdür, anası, həyat yoldaşı, sevdiyi insanlar var. Bəs Allahdan heç qorxmursan? Həmin gecə əlimi Allaha qaldırıb, tək bir şey istədim ki, bu haqsızlıq yerdə qalmasın. Mən necə böyümüşəm, necə uğur əldə eləmişəm, bunu ən azı mənim ətrafımdakılar bilir. Ancaq hamı Kamil üçün nələr yazır, nələr deyir, onu da hər kəs yaxşı bilir. Mən onu söyməyəcəyəm, çünki ailə tərbiyəm, səviyyəm var. Qadın söyüş söyməz, yaraşmaz. Qanun var, artıq məhkəməyə müraciət etmişəm, sonuna kimi də gedəcəyəm ki, Kamil bir də heç bir qadını qardaşsız, atasız bilib təhqir etməsin. Heç bir kişiyə yaraşmaz ki, Azərbaycan qadınını söysün, şəklini paylaşıb, səhifəsində olanlara da onu söydürsün. O şəklin altına da əksər kişilər yazmışdı ki, o xanımdır, şəklini paylaşmaq, söymək düzgün deyil. Kamil Zeynallı sadəcə deyir ki, burada mənəm, Bağdadda kor xəlifə… Mən hər birinizi söyə bilərəm, amma siz susun. Bu insanı dayandırmaq lazımdır. İnşallah müstəqil, suveren dövlətdə yaşayırıq və qanunlarımıza güvənərək, inanaraq bu işin sonuna kimi gedəcəyəm”.
K.Zeynallı ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz alınmadı.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın