Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İsraildə səfirliyin açılması İranla münasibətlərə necə təsir edəcək?

İsraildə səfirliyin açılması İranla münasibətlərə necə təsir edəcək?

“Azərbaycanın İsraildə səfirlik açması öz həllini tapmalı məsələ idi. Hesab edirəm ki, çoxdan bu qərarı qəbul etməli idik. Yaxşı ki, qəbul elədik”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov Azərbaycanın İsraildə səfirlik açacağı ilə bağlı xəbəri şərh edərkən bildirib.

O qeyd edib ki, əslində post-sovet ölkələri arasında təkcə Azərbaycanın İsraildə səfirliyi yox idi: “Digər ölkələrin hamısı İsraildə səfirlik açıblar. Hesab edirəm ki, Azərbaycan bu məsələdə lazımlı addımı atıb. Biz görürük ki, Azərbaycan eyni zamanda xüsusi bir ofis də Fələstində açmaq fikrindədir. Hesab edirəm ki, bizdə yetərincə imkanlar var ki, bu məsələdə bizim ölkəmizə xeyir gətirən siyasəti aparaq. Çünki bu məsələ eyni zamanda digər bir mövzu ilə də bağlıdır. Müsəlman ölkələrinin çoxu bu ölkədə səfirlik açmaq istəmirlər. Bu da onların öz mövqeyidir. Azərbaycanın maraqlarını müdafiə etmək baxımından, hesab edirəm ki, bu səfirlik bizim diplomatik münasibətlərdə çox vacib yer tutacaq”.

İsraildə səfirlik açılmasının İranla münasibətə necə təsir edəcəyinə gəlincə isə, T. Zülfüqarov bildirib ki, İranın fikri bu və ya digər məsələyə rəy kimi qəbul oluna bilər: “Təbii ki, bu və ya digər ölkənin rəyi bizim üçün qanun deyil. Biz də bir çox məsələlərdə İranla fərqli mövqedəyik. Bu, o demək deyil ki, İran bu və digər məsələlərdə öz xarici siyasətinə düzəliş edir. Normal davranışdır. İran gərək öz problemləri ilə məşğul olsun. Artıq vəziyyət elədir ki, onun xarici siyasətdə böyük problemləri var. Qoy öz problemlərini həll eləsin”.

Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqda qanun layihəsi müzakirə edilərək qəbul olunub.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …