Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İşıq pulunun qaldırılması əhaliyə necə təsir edəcək? – Qubad İbadoğlundan şərh

İşıq pulunun qaldırılması əhaliyə necə təsir edəcək? – Qubad İbadoğlundan şərh

Qubad İBADOĞLU, ADR Hərəkatının sədri, iqtisadçı

Bu gün Azərbaycan Respublikası Tarif Şurasının növbəti iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması barədə qərar qəbul edilib. Nəticədə 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən olunub.

Hesab edirəm ki, bu artımın başlıca səbəbi xüsusilə də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin getdikcə pisləşən maliyyə vəziyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin isə artan xarici borclarıdır.

Hələ ötən il “Azərenerji”nin maliyyə vəziyyətinin sağlamlaşdırılması, “Azərişıq”, “Azərenerji” və Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəmələr probleminin tənzimlənməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, 2015-ci ilin 1 oktyabr tarixinə “Azərişıq”ın “Azərenerji”yə, “Azərenerji”nin Dövlət Neft Şirkətinə yanacağa görə yaranmış borclarının ödənilməsi məqsədi ilə “Azərişığ”a 416 mln. manat məbləğində büdcə ssudasının və “Azərenerji”nin 1 oktyabr tarixinə dövlət büdcəsinə vergilər üzrə yaranmış 360 mln. manat kreditor borcunun ödənilməsi üçün “Azərenerji”yə uzunmüddətli, aşağı faizli borc verib.

Bu ilin yanvar ayının 1-i tarixinə olan Azərenerji”nin dövlət büdcəinə borcunun məbləği 780 milyon manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil edib.

Məlumat üçün bidirim ki, Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı üzrə anlaşma memorandumu imzalayıblar.

Göründüyü kimi, hər iki dövlət təşkilatının artan maliyyə öhdəliklərinin müqabilində elektrik enerjisinin qiymətini bahalaşdıran hökümət borc yükünü əhalinin çiyninə yükləyir.

Su pulunun bahalaşmasından sonra ailə büdcəsində artan kommunal xərclərin payını Tarif Şurasının elektrik enerjisinin qiyməti ilə bağlı qərarı daha da çoxaldacaq. Bu da onsuz həm manatın devalvasiyasından və həm də ərzaq inflyasiyasından sonra xüsusilə də aztəminatlı əhalinin sosial vəziyyətini xeyli ağırladıracaq.

Tarif Şurasının son qərarı həmçinin hazırda mövcud olan ikirərəqəmli inflyasiyaya yüksəldici təsir göstərəcək. Bu qərardan sonra istehsal, satış və xidmət xərcləri artacaq ki, son nəticədə də əlavə məsrəflər məhsulun və xidmətin satış qiymətini bahaşdıracaq.

Hesab edirəm ki, hökümət elektrik enerjisinin qiymətinin bahalaşdırmamışdan əvvəl, differensial yanaşma ilə bağlı qərar qəbul etməli, gecə və gündüz üçün fərqli tariflər, eləcə də adambaşına 250 kilovata və ondan yuxarı elektrik enerjisi istehlak edən əhali qrupları üçün müxtəlif qiymətlər tətbiq etməlidir.

Müqayisə üçün qeyd edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat saat eletrik enerjisi 1,1 sent, Azərbaycanda 4,4 sent, Qazaxıstanda 4,7 sentdir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın