Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İSBAM sədri fövqəladə vəziyyətin tətbiqini zəruri sayır

İSBAM sədri fövqəladə vəziyyətin tətbiqini zəruri sayır

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı elan edilən qadağalara, təəssüf ki, bütün vətəndaşlar tam məsuliyyəti ilə əməl etmir. 65 yaşından yuxarı şəxslərə küçəyə çıxmaq rəsmən qadağan edilsə də, həmin yaş kateqoriyasına aid şəxslərin küçələrdə sərbəst dolaşdığının şahidi oluruq. İctimai nəqliyyatdan istifadə edən çoxlu sayda insanlar gözə dəyir ki, bu da pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirləri çətinləşdirir. Məhz bu səbəbdən də bir çox tanınmış və cəmiyyətdə nüfuzu olan insanlar ölkədə fövqəladə vəziyyətin elan edilməsinin zəruriliyindən danışır. Rəsmi qurumlar da vəziyyətlə bağlı həyəcan təbili çalır. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, Azərbaycanda koronavirusa yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. Onun sözlərinə görə, Azərbaycanda hazırda xəstəliyə yoluxanların sayı 104 nəfərdir. Bu da bizim ölkəmiz üçün rekord göstəricidir:

“29 nəfərdə virus aşkarlandı. Məsələnin qorxulu tərəfi ondadır ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. İndiyə qədər 122 nəfər yoluxub, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Orada da yoluxma həndəsi silsilə ilə gedirdi. Ona görə İspaniyanın səhiyyə sistemi bunun öhdəsindən gələ bilmədi. Biz də buna getməməliyik”. İ.Məmmədov vurğulayıb ki, xüsusi karantin rejimi məcburiyyət, cərimələr tətbiq etməyə imkan verir. Amma hələlik bunu etmək istəmirlər:”Ümid olunur ki, insanlar fərdi məsuliyyətlərini başa düşəcəklər. Əgər xəstəlik ölkə daxilində genişmiqyaslı epidemiya səviyyəsinə çatarsa, bunun altından çıxa bilməyəcəyik. Ümid olunur ki, tətbiq edilən qaydalara əməl edilsə, bunun qarşısı alına bilər”. Mətbuat katibinin sözlərinə görə, karantin rejiminin üç günü göstərdi ki, insanlar buna əməl etmək istəmirlər. Vəziyyətin tam nəzarətə alınması üçün ölkədə fövqəladə vəziyyətin elan olunmasına zərurət varmı?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya statusu verdiyi yeni tipli COVİD-19 virusu ilə əlaqədar xəbərlərin gündəmi zəbt etməsini nəzərə alsaq, bütün diqqətlərin bu məsələyə yönəldiyinin şahidi oluruq:“Azərbaycan dövləti öz vətəndaşlarını düşünərək, müəyyən qabaqlayıcı tədbirlərə əl atdı. Ancaq qəbul etməliyik ki, xəstəliyin müalicəsi heç də sırf dövlətdən asılı deyil. Bunun üçün vətəndaşlar da məsuliyyətli olmalıdır. Bir neçə günlük karantin rejimi göstərir ki, bəzi vətəndaşlarımız qoyulan qadağalara, verilən tövsiyələrə əməl etmir. Bu da daha sərt tədbirlərin həyata keçirilməsini zəruri edir. Onlardan biri də ölkədə fövqəladə vəziyyətin elan olunmasıdır. Əvvəla onu qeyd edək ki, Konstitusiyamıza görə, Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda,vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir. Bu barədə qəbul etdiyi fərmanı Prezident 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. Göründüyü kimi, epidemiya və ya epizootiyalar baş verdikdə də fövqəladə vəziyyət rejimi tətbiq edilir. Mövzu ilə əlaqədar onu da qeyd edək ki, fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiqinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir. Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz. Bu müddət ərzində fövqəladə vəziyyətin tətbiqində nəzərdə tutulan məqsədlərə nail olunmazsa, onun qüvvədə olma müddəti bu qanunla fövqəladə vəziyyətin tətbiqi üçün nəzərdə tutulmuş tələblərə riayət olunmaqla 60 gündən çox olmayan müddətə artırıla bilər. Göründüyü kimi, indiki şərait fövqəladə vəziyyətin tətbiqinə imkan verir. Son qərarı isə ölkə rəhbərliyi verə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …