Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İri məmur-oliqarxlar qorxu içində – Prezident çıxışı zamanı ad çəkməsə də…

İri məmur-oliqarxlar qorxu içində – Prezident çıxışı zamanı ad çəkməsə də…

Ölkə yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkə prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığa qayğı göstərilməsi istiqamətində əməli addımların atılması Azərbaycanın yeni iqtisadi inkişaf strategiyasının başlıca müddəalarıdır.
Bu tədbirlərlə yanaşı ölkədə digər proseslər də gedir: sahibkarlara süni əngəl törədənlərin, biznes mühitinin yaxşılaşdırılmasına qarşı fəallıq göstərənlərin sərt şəkildə cəzalandırılması prezidentin bəyan etdiyi prinsiplərə sadiqliyini, bu yoldan heç vəchlə dönməyəcəyini təsdiqləməkdədir.
Prezident Əliyev post-neft dövrünə hazırlıq mesajı verdiyi və qeyri-neft sektorunun inkişafının zəruriliyindən danışdığı, azad biznesin inkişafı ilə bağlı proqramını açıqladığı bir zamanda onun ölkə üçün taleyüklü olan inkişaf və islahatlar zərfini sabotaj edənlərin aqibəti isə bəllidir. Dövlət başçısı dəfələrlə bəyan etmişdi ki, daha səbr göstərməyəcək. İddialara görə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər xarici kəşfiyyata ötürülüb, hətta siyasi elitanın səlahiyyətlərinin məhdudlaşdırılması planı mövcud olub. Belə bir zamanda prezident Əliyev sərt ritorikadan sərt addımlara keçdi və Eldar Mahmudovu vəzifəsindən azad etməklə yanaşı, bir neçə generalın həbsinə “yaşıl işıq” yandırdı. Həmin proseslər zamanı isə olduqca dəhşətli faktların üzərinə işıq salındı.
Prezident İlham Əliyevin noyabrın 4-də Şəki məhkəmə kompleksinin yeni binasının açılışı zamanı da ifadə etdiyi kimi bəzi iri ranqli məmurlar hələ də öhdələrinə düşən vəzifələri layiqincə dəyərləndirmir, bir sıra hallarda isə açıq-aşkar qanunsuzluqlar törətməkdən çəkinmirlər. Azərbaycanda korrupsiya, rüşvətxorluq və sahibkarları sıxışdıran məmurlara qarşı amansız mübarizə başladığını bəyan edən ölkə başçısının həmin çıxışında MTN-in keçmiş rəhbərliyinin əməllərinə də qiymət verilib və sahibkarlara qarşı törədilən əməllərə dair ortaya çıxan dəhşətli faktlar barədə danışıb: “Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nəsə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.
Prezident çıxışı zamanı ad çəkməsə də bu deyilənlərin keçmiş milli təhlükəsizlik nazirinə və onun dəstəsinə aid olduğu aydındır. Amma prezidentin “Şəki açıqlamaları” digər oliqarx məmurlar üçün də həyacan siqnalı rolunu oynayıb. “Unikal” qəzetinin əldə etdiyi məlumatda bildirilir ki, “MTN olayı”ndan dərhal sonra qorxuya düşən iri məmurlar işlərindəki ciddi nöqsanları pərdələmək məqsədilə fəaliyyətə keçiblər. Onlar büdcədən oğurlanmış vəsaitləri yerinə qaytarmaq, eləcə də özləri haqda şikayətləri minimuma endirmək üçün ciddi tədbirlərə start veriblər.
Dünənə qədər hər kəsin nəzərində “toxunulmaz” sayılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun və MTN-nin onlarla yüksək rütbəli vəzifəlisinin ən sərt formada cəzalandırılması haqlı olaraq digər məmurlarda qorxu hissi yaradıb. Artıq onlar anlamağa başlayıb ki, sahibkarları sıxışdırdığına görə hətta MTN rəhbəri cəzalandırılırsa onları eyni təhlükədən heç nə sığortalaya bilməz.
Mənbənin sözlərinə görə, iri məmurlar “rüşvət və korrupsiya pəhrizi”nə keçib. Belə ki, onlar indi büdcədən oğurlamağa cürət etmir və bununla da onları gözləyən təhlükəni önləməyi düşünürlər: “Hazırda iri məmurların əksəriyyəti özlərini riskə ataraq büdcədən oğurlamaq, sahibkarları sıxışdırmaqla mənfəət əldə etməyə cürət etmir. Əvəzində isə nəzarətlərində olan biznes strukturlarını genişləndirməklə özləri üçün təhlükəsiz qazanc mənbələrini artırmağı düşünürlər”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın