Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / İranın Zəngəzur dəhlizi qorxusu: 4 SƏBƏB

İranın Zəngəzur dəhlizi qorxusu: 4 SƏBƏB

Türk dünyasının ümidi olan Zəngəzur dəhlizi İran hakimiyyətinin qorxulu yuxusuna çevrilib. 

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsi Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirdi. Regionda yeni dəyişikliklər Rusiya və Türkiyənin xeyrinə olsa da, bu, İranın təsir imkanlarını müəyyən mənada məhdudlaşdırdı. Daha doğrusu, Tehran Azərbaycan və Türkiyənin lehinə olan yeni geosiyasi vəziyyəti hələ də həzm edə bilmir. İranın hərbi-siyasi və dini rəhbərliyi Türkiyənin Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənib regional siyasi qüvvəyə çevrilməsini ölkənin geostrateji maraqları üçün ciddi təhlükə hesab edir. Həqiqətən, Türkiyə İranın regionda siyasi manverlərinin qarşısını ala biləcək dövlət hesab olunur. Ümumiyyətlə, İran hakimiyyəti hər zaman Qarabağın Ermənistanın işğalından azad edilməsinin və Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərbərar olmasının əlehinə olub. İşğal dövründə İranın erməni işğalçıları ilə bərabər Qarabağda hansı əməllərə əl atdığını hamımız yaxşı bilirik. O vaxtları İranın siyasi dairələri hesab edirdilər ki, Qarabağın işğaldan azad olunması Azərbaycanın Güneydə də təsir imkanlarını artırıcaq. Eləcə də bu dairələr müharibədən sonra Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən yeni dəhlizin yaranacağını da nəzərə alıblar. Son zamanlar Tehranın Ermənistanla yaxınlaşması, Azərbaycanın siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı tədidedici hərəkətləri, təxribatxarakterli siyasi mesajları, o cümlədən Azərbaycan-Ermənistan sərhədində və Qarabağda vəziyyətin gərginləşdirilməsi istiqamətində müəyyən addımları məhz Zəngəzur dəhlizi layihəsinin qarşısının alınmasına yönəlib.

Qonşu ölkənin Zəngəzur dəhlizi ilə bağlı narahatlığının arxasında bir sıra məqamlar dayanır: 

1. Zəngəzur dəhlizi layihəsi Avrasiya regionunda prioritet hesab olunan üçüncü marşrut yolu, yəni Orta Dəhlizin bir parçasıdır. Orta dəhliz birbaşa Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən nəqliyyat layihəsidir. Zəngəzur dəhlizi açılacağı təqdirdə Əfqanistan və İrandan keçən ikinci marşrut yolu tarixə dönəcək. Beləcə, Çin və Mərkəzi Asiyadan daşınacaq tranzit yüklər məhz Cənubi Qafqaz ərazisi ilə Türkiyə və Avropaya daşınacaq. Bu da İranın milyardlarca gəlir itirəcəyi anlamına gəlir. 

2. Zəngəzur dəhlizi Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında siyasi, iqtisadi və enerji təsir rıçaqlarının artması üçün münasib şərait yaradacaq. Ankara bu dəhliz vasitəsilə nəinki Ermənistanı ələ alacaq, hətta bütün Cənubi Qafqazda söz sahibinə çevriləcək. 

3. Bu dəhliz bütün Türk dünyasını birləşdirən geostrateji layihə hesab olunur. Əlbəttə ki, bu, İrandakı Azərbaycan türklərinə ciddi şəkildə təsir göstərəcək. 

4. Bununla yanaşı, İran rəhbərliyi Zəngəzur layihəsini Şimal-Cənub beynəlxalq dəhlizi üçün ən böyük əngəl hesab edir. Onların fikrincə, Zəngəzur dəhlizi açılacağı təqdirdə İranın Ermənistanla sərhədi bağlanacaq. Bu da İranı Rusiya və Avropa ilə birləşdirən nəqliyyat yolunun aradan qalxmasına gətirib çıxaracaq. 

Bütün bu məqamlar İran hakimiyyətini narahat edən əsas məsələlərdir. Bu məsələlər mütəmadi olaraq İranda müzakirə olunur. Lakin İslam Respublikası nə qədər Zəngəzur dəhlizinə əngəl yaratsa da, öz istəyinə və arzusuna nail olmayacaq. Çünki Türkiyə, Rusiya və Çin Tehrana imkan verməyəcək. Həm Çin, həm də Rusiya Zəngəzur dəhlizi ilə bağlı ortaq yanaşmalara malikdirlər. Zəngəzur vasitəsilə Pekin Avropaya qısa yol əldə edəcəyi halda Moskva Türkiyə və Yaxın Şərqə doğru gedən çıxış yoluna sahib olacaq. Ona görə də İran Cənubi Qafqazda gələcək addımlarını Rusiya və Çin ilə koordinasiya etmək məcburiyyətində olacaq. Bu dəhlizin həyata keçməsində Rusiya, Çin və Türkiyə, hətta ABŞ və Avropa da maraqlıdır. Tehran bunu çox yaxşı başa düşür. Zəngəzur dəhlizi İran İslam Respublikasının geostrateji maraqlarına zidd hesab olunsa da, bu dəhliz İranın özünə də iqtisadi faydalar gətirə bilər. 

Qeyd edək ki, 2022-ci ilin martın 11`-də Bakıda Azərbaycan-İran İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclası çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi tərəfindən Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması ilə bağlı memorandum imzalayıblar. Bu iqtisadi zona Azərbaycan, İran və Türkiyəni birləşdirəcək avtomobil yolları, dəmir yolları, elektrik xətləri və rəqəmsal kommunikasiyaları özündə birləşdirən dəhliz olacaq. Bu dəhlizdən İran da, Azərbaycan da çox böyük iqtisadi faydalar əldə edə bilər. Bundan savayı, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən irəli sürülmüş “3+3” formatı çərçivəsində regional dövlətlərarası çox mühüm iqtisadi kommunikasiyaların formalaşması da mümkündür. Çox təəssüflər olsun ki, İran hakimiyyəti bu kimi regional layihələrdə Azərbaycanla əməkdaşlıq etmək əvəzinə, ölkəmizə qarşı maksimalist siyasət yürüdür və regionda vəziyyətin gərginləşdirilməsinə çalışır. İranın ziddiyyətli addımları yalnız öz ziyanına olacaq. Yunis Abdullayev

Cebhe.info

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …