Ana səhifə / Siyasət / İran prezidenti: “Biz Azərbaycanın yanındayıq”

İran prezidenti: “Biz Azərbaycanın yanındayıq”

“Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaq. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaq”.

APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.

“Biz o vaxt iki ölkənin iqtisadi inkişafına nail ola bilərik ki, dost olaq və bir-birimizin yanında olaq. İki dövlətin bütün işləri sizlər üçündür, sizin iki xalqınız üçündür, iş adamları üçündür, siz sahibkarlar üçündür. Sizlər dostluq və məhəbbət torpağından ən yaxşı məhsulu yığa bilərsiniz. Hər şey sədaqətdən başlayır. Bir-birimizə sadiq olaq, qardaş olaq, dost olaq. Ola bilər ki, mən sizinlə bir iclasda, ticarətdə Allah eləməmiş sizi aldatmış olam və ondan xeyir götürəm. Amma bu xeyir sonuncu xeyir olacaqdır və bitəcəkdir. Əgər hər ikimiz bir-birimizi fikirləşsək, düşünsək, qarşılıqlı mənafeyimizi güdsək, bu ticarət davamlı olacaqdır. Biz gərək faydalı münasibətlər barədə düşünək. Siz fayda götürün, biz də fayda götürək”, – deyə o vurğulayıb.

 

H. Ruhani qeyd edib, İranla Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edə bilər: “İki ölkə arasında enerji, neft, qaz, neft-kimya sahələrində yaxşı imkanlara malikik. Siz sahibkarlar hər iki ölkədə bu sahədə fəal ola bilərsiniz. Biz son illər hətta kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etməyə başlamışıq və bu işi inkişaf etdirməliyik. Biz müxtəlif sahələrdə də əməkdaşlıq edə bilərik. Səhiyyə, dərman istehsalı, qabaqcıl texnologiya, elm sahələrində də bir-birimizin yanında ola bilərik. Bizim alimlər, şairlər, ziyalılar tarix boyu bizi qardaşlığa, dostluğa və əməkdaşlığa dəvət ediblər. Avtomobil istehsalından daha vacib, Xəzər dənizindəki əməkdaşlıqdan daha mühüm, Rəşt-Astara yolundan daha önəmli, Şimal-Cənub, Cənub-Qərb dəhlizlərindən daha mühüm dostluqdur, qardaşlıqdır, bir-birini fikirləşməkdir. Bizim üçün əhəmiyyət daşıyan odur ki, günbəgün qardaşlıq münasibətlərini daha çox hiss edək. Onu hiss edək ki, bir kökdənik. Hiss edək ki, tarix boyu bir sudan, bir torpaqdan bəhrələnmişik. Hiss edək ki, bizim mədəniyyətimizin bir mənşəyi var. Hiss edək ki, bizim dinimiz, inancımız bir yerdən qaynaqlanıb. Onu qəbul edək ki, yalnız dostluqla, qardaşlıqla, sədaqətlə öz xeyrimizə və bölgənin xeyrinə çalışmalıyıq. Biz təhlükəsizlik və sabitlik istəyirik. Bu, ancaq dostluqla mümkündür. Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı İranın inkişafıdır. Biz bütün varlığımızla kamil qardaşlıq istəyirik. Biz bir ailənin üzvləriyik. Bu bölgədə bir-birimizin yanında olmalıyıq. İmkanlardan istifadə etməliyik. Elektrik enerjisindən, energetika sahəsindən bəhrələnməliyik. Siz elektrik enerjisinə ehtiyac duyduqda, biz bu elektrik enerjisini sizə ötürə bilərik. Biz buna ehtiyac duyduqda isə siz öz növbənizdə bizə yardım göstərə bilərsiniz. Bu əlaqələr ikitərəfli, çoxtərəfli münasibətlərə çevrilə bilər və o zaman etibarlı şəbəkəyə sahib ola bilərik. Bu şəbəkə dayanıqlı və etibarlı şəbəkə olacaq. Ehtiyac duyduğunuz gün biz sizin yanınızda, biz ehtiyac duyduqda isə siz bizim yanımızdasınız”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …