Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İngilisin dilindənsə ağstafalıların ləhcəsini qırıb-tökəydin, barı… — YAZI

İngilisin dilindənsə ağstafalıların ləhcəsini qırıb-tökəydin, barı… — YAZI

Məmur əvvəlcə camaatın anlayacağı dildə danışmalı, onun dediklərini anlamalı, problemlərini, çatışmazlıqlarını başa düşməli və bunları həll etməlidir

 
Ağstafa rayonuna təzəlikcə icra başçısı təyin olunan Seymur Orucov sosial mediada gündəmə gəlib. Onun 2019-cu ilin sentyabr ayının 7-də İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında çıxışı zamanı ingiliscə danışması və bu zaman sözləri düzgün tələffüz etməməsi müzakirələrə səbəb olub.
 

Bu hadisə mənə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq başçısı Hacıbala Abutalıbovun ingiliscə danışmasını xatırladır. Eks-merin də təxminən Seymur Orucov kimi inigiliscəsi vardı. Amma təbii olaraq, yaşı 70-i ötmüş Hacıbala Abutalıbovun ingilis dilində qüsurlu danışığı aqressiyadan daha çox gülüşə səbəb olurdu, 36 yaşlı Seymur Orucovun ingilis dilində danışmağa cəhd etməsi və bunun uğursuz alınması isə izləyicidə aqressiya yaradır. Axı 21-ci əsrin ilk onilliyində İqtisad Universitetində təhsil alıb, indi də Ağstafanın icra başçısı vəzifəsinə qədər yüksələn şəxs beynəlxalq dili daha yaxşı bilməliydi, bir halda ki, bu dilə belə ehtiyac hiss edir. Görünür, lazım olub ki, ingilis dilində danışmalı olub və nəticədə gülünc vəziyyətə düşüb.
 

Lakin mən hansısa icra başçısının ingilis dilini bilməyə məcbur olduğunu düşünmürəm. Hərçənd, bizim icra başçılarının timsalında əksər məmurlarımız heç öz ana dilləri olan Azərbaycan dilini bilmirlər. Burada ədəbi dili nəzərdə tutmuram, barı, xalq dilini bilsələr, güzəranımıza şükür edərik. Xalqa yad olan bu adamlar onun dilində danışmağı da özlərinə ar bilirlər.
 

Ağstafanın və ya digər rayonların icra başçılarının ingilis dilini yaxşı bilməsi o halda labüd məsələ olar ki, bu icra başçısı həmin rayonun bütün problemlərini həll edər və rayonu böyük turizm mərkəzlərindən birinə çevirər, sonra da rayona gələn turistlər üçün keçirilən tədbirlərdə çıxış etməli olar və ingilis dilində danışmağa ehtiyac yaranar (Bu məqamda işğal altında olan rayonların icra başçıları istisnadır, çünki onlar ingilis dilini bilməli və həmin rayonlar barədə həqiqətləri ən aydın formada dünyaya çatırmaq üçün çalışmalıdırlar).
 

İndiki halda isə Ağstafanın icra başçısı sadə Ağstafa sakininin dilini yaxşı bilməli, onun dediklərini anlamalı, problemlərini, çatışmazlıqlarını başa düşməli və bunları həll etməlidir. Əminəm ki, Seymur Orucov Ağstafa ləhcəsi ilə danışsaydı, indiki kimi tənqid edilməz, hətta, həssas adamlar tərəfindən təqdir edilərdi.

 
Seymur Orucovun ingilis dilində bərbad danışığının sosial şəbəkədə müzakirə olunması bərabərində başqa söz-söhbətlərin yaranmasına da səbəb oldu. Sosial şəbəkə istifadəçilərinin müxtəlif şərhlərinə istinadən öyrəndik ki, Seymur Orucov 206 balla universitetə qəbul olunub və uzun müddətdir ki, müxtəlif vəzifələrdə çalışan məmurların qohumu olduğu üçün indi də vəzifəyə gəlib. Bunlar həqiqət olsa da, olmasa da, əsas məsələ budur ki, ingilis dili sevdası gənc icra başçısına faydadan çox, zərər verdi. İfşa ardına ifşa…? Bu məqamda mən demirəm, el deyir: bu, sənə lazım idi?

 
Nəhayət, Seymur Orucovun da, digər məsul şəxslərin də indi və burada ingilis dilini mükəmməl bilməsi bizim heç birimizə fayda verməyəcək. Amma bir halda ki, ingilis dilinə sevdalanıblar, barı, sevdalarında sədaqətli və mərd olsunlar. Onu da deməli ki, Nikol Paşinyan da ingilis dilində bərbad danışır, amma erməni dilini çox yaxşı bilir və Şuşada yallı gedir…!

Bünyamin  

Ayna.az

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …