Ana səhifə / Siyasət / İlham Əliyev Göyçayda – Fotolar

İlham Əliyev Göyçayda – Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. 
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.
Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. Bu tibb müəssisəsi müasir kompyuter-tomoqrafiya, qrafik və skopik rentgen, rəqəmsal flüoroqrafiya aparatları ilə təchiz olunub. Buradakı ultrasəs müayinə, süni nəfəs və narkoz, fizioterapiya və tibbi bərpa, otolarinqologiya, stomatologiya və oftalmologiya aparatları dünyanın aparıcı ölkələrində istifadə edilən tibbi avadanlıqdır. Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.
Bütün bunlar göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıq ilk növbədə bir məqsədə – Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
 
Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham Əliyev dedi: “Xoş gördük. Bu gözəl xəstəxana ilə tanış olarkən ürəkdən sevinirəm. Çünki Göyçayda belə gözəl tibb mərkəzi yaradılıb, ən müasir avadanlıqla təchiz edilib, yüksək şərait var. Bu, ilk növbədə ölkəmizin qüdrətini göstərir. Çünki bu gün Azərbaycanın hər yerində gözəl tibb mərkəzləri yaradılır və bu mərkəzlər dünyanın ən yüksək standartlarına cavab verir. Dünyanın ən qabaqcıl tibb mərkəzlərində hansı avadanlıq varsa, burada da var. Belə də olmalıdır.
On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var.
Bu gün Ucarda rayon xəstəxanasının açılışında iştirak etdim, indi isə Göyçayda. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın. Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar.
Xüsusilə doğum şöbəsi məni çox sevindirir. Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin. Ona görə müasir doğum evlərinin, doğum şöbələrinin yaradılması bu sahədə işimizi daha da qabağa aparacaq. Çünki hələ sovet dövründə Azərbaycanda uşaq ölümünün səviyyəsi digər respublikalarla müqayisədə yüksək idi. Biz isə son illər ərzində bu statistikanı kəskin şəkildə aşağı salmışıq. Növbəti illərdə biz inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. İlk növbədə, səhiyyənin maddi-texniki bazası yaradılıb. Demək olar ki, sıfırdan yaradılıb, Bakıda və bütün bölgələrdə”.
Dövlət başçısı deyib ki, indi həkimlər öz peşəkarlıqlarını artırırlar, təkmilləşmə prosesi gedir, müasir avadanlıq var: “Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nəticələrin əsaslı səbəbləri var. Bu da maddi-texniki bazanın möhkəmləndirilməsi və səhiyyənin keyfiyyətcə yeni pilləyə qalxmasıdır.
İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var. Ancaq insan sağlamlığı üçün təkcə tibbi xidmət kifayət etməz. Digər şərtlər də olmalıdır. O şərtlər də artıq var.
Bu gün biz Göyçayda içməli su layihəsinin açılışını qeyd etdik. Təmiz içməli su artıq bir müddətdir ki, əhaliyə verilir. Bütün şəhər şəbəkəyə qoşulmuşdur. Uzun illər ciddi problem kimi qalan içməli su problemi artıq aradan götürülüb. Digər bölgələrdə olduğu kimi, bu gün biz Ucar şəhərində də içməli su layihəsinin açılışını qeyd etdik.
Bildiyiniz kimi, son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yaranmışdır. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlamışlar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb.
Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər: “Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olmuşdur, – il artıq başa çatır, – heç bir sosial proqramda yubanma olmamışdır. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır.
Bu yaxınlarda mən Ağsu rayonunda səfərdə idim. Gördüm ki, vaxtilə orada mənim təşəbbüsümlə başlanmış xəstəxana binasının tikintisi yarımçıq qalıb. Maraqlandım, dedilər, vəsait problemdir, yəni, yoxdur. Bakıya qayıdan kimi dərhal Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat vəsait ayrıldı ki, orada o işlər başa çatsın. Yəni, güclü iradə olan yerdə hər şey etmək mümkündür. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, digər sosial obyektlər, təbii ki, infrastruktur layihələri, içməli su, qazlaşdırma – budur insanların normal həyatı üçün lazım olan əsas amillər.
İndi mənə verilən məlumata görə, Göyçayda ilin sonuna qədər qazlaşdırma 96 faizə çatacaq. Heç Azərbaycan üzrə qazlaşdırma 96 faizə çatmayıb. Hazırda təxminən 60 faiz səviyyəsindədir, 96 faizə çatacaq.
Kənd yolları tikilir. Bu gün Ucar-Göyçay avtomobil yolunun açılışını qeyd etdik. Siz də yəqin ki, tez-tez o yoldan istifadə edirsiniz, indi o fərqi görürsünüz. Bütün bunlar böyük vəsait tələb edən layihələrdir. İnfrastruktur sektoruna qoyulan vəsaitin büdcəyə qayıtma ehtimalı çox azdır, demək olar ki, sıfıra bərabərdir. Biz bunu nə üçün edirik? İlk növbədə insanlar üçün. Digər tərəfdən, ölkəmizin inkişafı üçün. Ona görə regional inkişaf proqramı əgər 2004-cü ildə qəbul olunmasaydı, bəlkə də bu işlərin böyük əksəriyyəti heç görülməzdi. Çünki biz bütün işləri planlı şəkildə aparırıq. Birinci regional inkişaf proqramında əsas məsələlər öz əksini tapmışdı. Bu proqram artıqlaması ilə icra edildi. İkinci proqram 2009-cu ildə qəbul edildi, icra olundu. Üçüncü proqram artıq icradadır, 2018-ci ildə başa çatacaq. O vaxta qədər bütün infrastruktur məsələləri, sosial məsələlər artıq başa çatacaq. Yəni, normal inkişaf üçün əsas şərtlər artıq təmin edilir.
Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq”.
İlham Əliyev daha sonra çıxışında qeyd edib: “Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir.
Göyçay rayonunda gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Mən sonuncu dəfə beş il bundan əvvəl Göyçayda olmuşam. Buna baxmayaraq, buradakı işlər daim diqqət mərkəzində olubdur. Ancaq burada gördüklərim məni çox sevindirir. Şəhər daha da gözəlləşir, abadlaşır. Göyçay çox gözəl şəhərdir. Tarixən də belə olub. Əsası da möhkəm qoyulub. Burada şəhərsalma prinsipləri qorunub. Demək istəyirəm ki, Göyçayda olan şəhərsalma mexanizmləri, prinsipləri heç də hər şəhərdə yoxdur. Şəhər çox gözəldir, yaşıllıq boldur. İndi aparılan təmir-bərpa işləri, parkların salınması, ictimai yerlərin yaradılması şəhəri daha da gözəlləşdirir.
Göyçay bu gün Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu, məni çox sevindirir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Sizə deyə bilərəm ki, biz rayonun və şəhərin inkişafı üçün böyük işlər görəcəyik. Sizi mərkəzi xəstəxananın açılışı münasibətilə bir daha təbrik edirəm”.
SAKİN: Möhtərəm cənab Prezident, görülən bütün işlər Sizin diqqət və qayğınızın nəticəsidir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk, “Çox sağ olun” deyirik. Daim var olun, Allah daim Sizi qorusun, Azərbaycan xalqına Sizi çox görməsin.
Prezident İlham Əliyev: Sağ olun.
SAKİN: Hörmətli cənab Prezident, Sizi bu çinarlı, gözəl Göyçayımızda görməkdən qürur duyuruq. Vaxt tapıb Göyçaya gəldiyinizə görə Sizə minnətdarıq.
Bu gün Siz bir çox obyektlərin açılışında olmuşunuz. Xüsusən də bu səhiyyə ocağının açılışına görə Sizə çox minnətdarlıq edirik. Bu, Sizin qayğınızın nəticəsidir. Biz də çalışacağıq ki, bu etimadı doğruldaq, əhaliyə gözəl tibbi xidmət göstərək.
Prezident İlham Əliyev: Çox yaxşı, çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu stansiyalardan istifadə bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmir. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq, respublikanın bir sıra bölgələrində kiçik su elektrik stansiyalarının tikintisi davam etdirilir. Gücü 3,1 meqavat olan “Göyçay” kiçik su elektrik stansiyası isə artıq istismara hazırdır.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 2010-cu ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu stansiyanın əsas komponentləri barədə dövlətimizin başçısına məlumat verdi.
 
Prezident İlham Əliyev stansiyanı işə saldı.
Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir. Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilib. Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılıb. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilib.
Azərbaycanda şahmatın qədim ənənələri var. Bu ənənələrin davamı olaraq ölkəmiz dünya şahmat arenasında həmişə mühüm nailiyyətlər əldə edib. İdmanın bu müdrik növü ilə məşğul olanlarda düşünmək, hadisələri qabaqlamaq və düzgün qiymətləndirərək, onları proqnozlaşdırmaq qabiliyyəti daha üstün olur. Məhz bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində respublikamızın əksər rayonlarında şahmat məktəbləri tikilib. Bu, ölkəmizdə şahmatın kütləvi xarakter almasında həlledici rol oynayıb.
Müstəqilliyimizin ilk illərində həmin məktəblərin əksəriyyəti yararsız hala düşüb. Lakin 1993-cü ildən sonra ulu öndər Heydər Əliyev, 2003-cü ildən sonra isə Prezident İlham Əliyev yeni şahmat məktəblərinin inşasına xüsusi diqqət yetiriblər. Gənclərin istifadəsinə verilən şahmat məktəbləri bütün zəruri avadanlıqla təchiz edilir, onların idmanın bu qədim növünün sirlərinə yiyələnmələri üçün maksimum şərait yaradılır. Göyçayda yüksək zövqlə inşa edilən Şahmat Məktəbi də bu qəbildəndir.
Məktəbin binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərində, dövlətimizin başçısının müxtəlif regionlarda şahmat məktəblərinin açılışlarında çəkilən fotoları nümayiş olunur.
Bildirildi ki, Göyçay Şahmat Məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. ikinci mərtəbədə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur.
Qeyd edildi ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. Məktəbin orijinal dizaynı şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Burada yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.
Sonda məktəbin müəllim və şagirdləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.
AzNews.az-ın məlumatına görə, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Partiya ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması cəmiyyətdə bu siyasi quruma olan hörmət və inamdan qaynaqlanır. Ümumi məqsədlər və amallar naminə fəaliyyətdə partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün inşa olunan inzibati binalar müasirliyi ilə seçilməklə yanaşı, həm də yerləşdiyi şəhərin, rayonun gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda səmərəli işləmək üçün maksimum şərait yaradılır. Partiyanın Göyçay rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti ikimərtəbəli binada yaradılan şəraitlə tanış oldu.
Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin bu siyasi qurumun fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərdə çəkilmiş fotolarından ibarət stend quraşdırılıb. Dövlətimizin başçısının rayona səfərləri zamanı çəkilən fotolar da burada nümayiş etdirilir.
Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.
Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var. Onların 4378-i qadın, 3006-sı isə gəncdir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində fəal iştirak edirlər.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət obyekti tikilərək istifadəyə verilib. Göyçayda inşa olunmuş uşaq musiqi məktəbinin binası da bu sırada mühüm yer tutur.
Hələ kiçik yaşlarından uşaqların incəsənətin bu növünə marağını artırmaq, onların musiqi intellektini istədikləri istiqamətə yönəltmək məqsədilə zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.
Qeyd edildi ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırılıb. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır. Hər bir azərbaycanlı dövlət bayrağını özünün iftixar mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir.
Bildirildi ki, Göyçayda Bayraq Meydanının və Muzeyinin inşasına bu ilin aprelində başlanılıb. Muzeyin qarşısında hündürlüyü 66 metr olan bayraq dirəyi ucaldılıb. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Meydan dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb.
Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.
Diqqətə çatdırıldı ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl məkanlarından birinə çevrilib.
Dövlət başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, Göyçay şəhəri öz simasını sürətlə dəyişir. Xüsusilə son vaxtlar şəhərin ən görməli hissəsində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Mərkəzin yerləşdiyi ərazinin ümumi sahəsi 3 hektara çatdırılıb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib, mərkəzin qarşısında Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb. Mərkəzin qarşısındakı ərazi başdan-başa abadlaşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri görülüb.
Abidənin ətrafında yeni işıqlandırma sistemi qurulub, 500-dən artıq ağac, 10 mindən artıq gül və bəzək kolu əkilib, yaşıllıq zolağı salınıb. Parkda böyük monitor da quraşdırılıb. Burada ana və uşaq kafesi inşa edilib, uşaqlar üçün müxtəlif attraksionlar qurulub. Bir sözlə, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli imkan yaradılıb.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafı 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilib. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu baxımdan çox mühüm rol oynayıb. Hazırda həyata keçirilməkdə olan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsi də daim diqqətdə saxlanılır. Bu baxımdan bölgələrdə yaradılan gənclər mərkəzləri müstəsna əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, Göyçay Gənclər Mərkəzinin tikintialtı sahəsi 3400 kvadratmetr olan ikimərtəbəli binasının inşası yüksək zövq və keyfiyyətlə həyata keçirilib. Burada gənclər üçün hərtərəfli şərait yaradılıb. Binanın foyesində Ulu Öndərin büstü qoyulub, Ümummilli Liderin Göyçaya səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Mərkəzdə Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotoguşələr də var.
Burada rayon gəncləri boulinq zalı, qolf, intellektual oyunlar otaqları, kafe, rəqs studiyası, xarici dil kursları, rəsm, xalçaçılıq, poliqrafiya, heykəltəraşlıq dərnəkləri və fotostudiyaların xidmətindən yararlana biləcəklər. Mərkəzdə 60 yerlik böyük iclas və 15 yerlik konfrans zalları var. Bu zallarda rayon gənclərinin müxtəlif tədbirləri keçiriləcək.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …

Bir cavab yazın