Ana səhifə / Siyasət / “İkinci Qarabağ savaşı olduqca real görünür, başlama vaxtı…” – Eldar Namazovdan sensasion təsbitlər

“İkinci Qarabağ savaşı olduqca real görünür, başlama vaxtı…” – Eldar Namazovdan sensasion təsbitlər

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri: “Aprel savaşından sonra Qarabağ danışıqlarında, diplomatiyada vəziyyəti bizim xeyrimizə dəyişən diplomatlar deyil, ordumuzdur, əsgərimizdir”; “Erməni müxalifəti bilir ki, 7 rayon Azərbaycana qaytarılmalıdır, sadəcə, elə variant istəyirlər ki, Sərkisyanı yıxa bilsinlər”

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov “Yeni Müsavat”ın qonağı olub, günün aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Eldar Namazovla müsahibənin ikinci hissəsini təqdim edirik.

 

(əvvəli ötən sayımızda)

 

– Əli İnsanovu bu qədər cidd-cəhdlə müdafiə etməyiniz nədən qaynaqlanır? Onunla əlaqələriniz varmı?

– Əli İnsanovu müdafiə eləyən insanlardan biri mənəm və bunu özümə mənəvi borc sayıram. Bunun səbəbini də izah edə bilərəm. Bütün siyasi, hüquqi tərəfləri qoyuram kənara, bizim ailəmiz Əli müəllimi 1970-ci illərdən tanıyır. Atam dünyasını dəyişəndə mən 8-ci sinifdə oxuyurdum. Anam böyük çətinliklə məni və bacımı böyüdüb. Bizim ailənin ən çətin dövrlərində biz Əli İnsanovun dəstəyini hiss eləmişik. Mənim rəhmətlik anam onun rəhbərlik etdiyi xəstəxanada işləyib. Mən prezidentin köməkçisi təyin olunandan sonra anam mənə demişdi ki, bizim ailənin çətin günlərində çox sayda insanlar bizə köməklik ediblər. O adamlara yaxşılıqlarının əvəzini qaytarmaq lazımdır. Dedim, ay ana, sən özün bir siyahı hazırla görək kimə borcluyuq. Anam böyük bir siyahı tutmuşdu və həftədə bir-iki dəfə mənə deyirdi ki, filan adama filan işdə kömək etmək lazımdır. Sonra siyahıda həmin adamların qarşısında üstəgəl işarəsi qoyurdu ki, köməklik edildi. Təxminən bir il sonra evdə anamla çay içirdik; dedi ki, oğul, siyahıda hamı qurtarıb, amma o siyahıda olmayan bircə nəfər qalıb; ancaq əlim çatmır ki, ondan soruşam nə köməklik lazım olduğunu… Anamdan həmin adamın kimliyini soruşdum. Dedi ki, həmin adam Əli İnsanovdur. Dedim ki, ay ana, mən hələ məktəbdə oxuyanda bizə köməkliklər edən Əli müəllim deyilən adam həmin Əli İnsanovdur? Bildirdi ki, bəli, odur. Dedim ki, ana, Əli İnsanov bu gün çox böyük nüfuzu olan nazirdir, YAP-ı yaradanlardan biridir, prezident Heydər Əliyevə ən yaxın adamdır. Mənim ondan “sənə nə köməklik lazımdır”, soruşmağım gülməli olar… Milli Məclisdə Əli İnsanov, Akif Muradverdiyev və mən yan-yana otururduq. Növbəti dəfə Milli Məclisdə olanda Əli müəllimə bu hadisəni danışdım. Əli İnsanov güldü və dedi ki, hesab elə ki, köməklik etmisən, anana da hörmətimi, salamımı çatdır. Mən 1990-cı illərin sonlarında istefa verdim, 6-7 il sonra Əli İnsanov həbs olundu. İndi mən çətin vaxtda Əli İnsanova mənəvi borcumu qaytarıram.

– Siz istefa verdikdən sonrakı illərdə Əli İnsanov sizinlə əlaqə saxlayırdımı?

– Yox. Elə bir əlaqəmiz olmayıb.

– Əli Kərimli bəyan edib ki, onu həbs edə bilərlər, çətinlikdədir. Əli Kərimliyə necə, mənəvi borcunuz varmı? Bir düşərgədə, müəyyən fraqmentlərdə isə eyni blokda təmsil olunmusunuz…

Bizdə yalnız bir siyahı var, orada isə Əli İnsanovun adı var, Əli Kərimlinin adı yoxdur”

– Bizdə iki siyahı olsaydı deyərdim bəlkə ikincidə adı var. Ancaq bizdə yalnız bir siyahı var. Orada isə Əli İnsanovun adı var, Əli Kərimlinin adı yoxdur. Müxalifət daxilində gedən prosesləri başa düşürəm. Hesab edirəm ki, yaranmış durumda 90 faiz günah subyektiv amillərlə bağlıdır, buraxılan səhvlərin nəticəsidir ki, belə bir durum yaranıb müxalifət düşərgəsində.

– Eldar bəy, istərdik ki, daxili siyasi durumdan, münasibətlərdən Azərbaycanın bir nömrəli məsələsi olan Qarabağ məsələsinə keçid edək. Regionda gedən proseslər Qarabağ probleminin həllində Azərbaycanın xeyrinə, yoxsa zərərinə işləyir?

– Yeni Qarabağ müharibəsinin başlanması mümkündür. Bunu təhlükə də, şans da adlandırmaq olar…

– Daha çox hansıdır, təhlükədir, yoxsa şansdır?

– Hesab edirəm şansdır. İkinci Qarabağ savaşı da, üçüncü dünya müharibəsi də ola bilər… Xatırlayırsınızsa, aprel savaşından sonra sizə verdiyim geniş müsahibədə demişdim ki,  torpaqları ya müharibə yolu ilə qaytaracağıq, ya da ermənilər mərhələli həll planına razılıq verməli olacaqlar. İndi Ermənistanın daxilində çox maraqlı proseslər gedir. Hamı başa düşür ki, bu iki yoldan biri olmalıdır. Ermənilər bilir ki, müharibə yolu seçilsə də işğal etdikləri rayonlardan çıxmalı olacaqlar. Ancaq Ermənistanda maraqlı bir situasiyadır. Dünənə qədər mərhələli həll planına üstünlük verən siyasi qüvvələr, bütün müxalifət birləşib Serj Sərkisyanı sıxır ki, bir qarış da olsun torpaq qaytarmaq olmaz. Onların bir qismini Sərkisyan özü təşkil edir ki, Moskvaya göstərsin… Amma bir qismi Sərkisyanı həqiqətən küncə sıxır ki, torpaq qaytarmaq olmaz. Ermənistan müxalifətinin bu davranışının arxasında əslində Sərkisyanı devirmək planı dayanır. Onlar bilirlər ki, Sərkisyan mərhələli plana imza atsa, bu addım onun hakimiyyətini möhkəmləndirəcək. Çünki mərhələli plan real kompromisdir və Ermənistanı da, Azərbaycanı da qane edir. Müxalifət başa düşür ki, mərhələli həll planına imza atılsa, Azərbaycanla da, Türkiyə ilə də sərhədlər açılacaq, Dağlıq Qarabağda yaşayan ermənilərə də təminatlar veriləcək, Ermənistanın iqtisadi vəziyyəti güclənəcək və hakimiyyət möhkəmlənəcək. Ermənistan müxalifəti bilir ki, onsuz da 7 rayon Azərbaycana qaytarılmalıdır. Sadəcə olaraq, düşünürlər ki, bu, müharibə yolu ilə olanda Serj Sərkisyanı hakimiyyətdən asanlıqla yıxa biləcəklər. Ona görə də mərhələli həll planına qarşı çıxırlar ki, yeganə yol müharibə yolu qalsın. Onu da bilirlər ki, mərhələli həll planına imza atmaqdan qəti imtina etsə Moskva da Sərkisyandan üz döndərə bilər və Azərbaycana “Sərkisyan başa düşmür, onu siz başa salın”, mesajı verər və nəticədə Azərbaycan ordusu Qarabağda hərbi əməliyyatlara başlayar, sürətlə torpaqları azad edər. Bunun nəticəsində isə Serj Sərkisyan hakimiyyətdə duruş gətirə bilməz.

– Məsələləri həddən artıq çox sadələşdirmirsiniz?

“Buraxılan səhvlərin nəticəsidir ki, belə bir durum yaranıb müxalifət düşərgəsində”

– Yox. Ona görə ki, artıq ermənilər də etiraf eləməyə başlayıblar ki, torpaqlar Azərbaycana qayıdacaq. Ermənilər artıq deyirlər ki, 7 rayonun geri qaytarılması heç də Ermənistan dövlətçiliyinə, Ermənistana hansısa təhlükə yaradası deyil. Əksinə, Ermənistan Qarabağ konflikti kimi onun ayağına buxov olan bir problemdən xeyli dərəcədə xilas olur. Hətta son vaxtlar İrəvanda keçirilən mitinqlərdə Serj Sərkisyandan qarabağlıları özü ilə götürüb Ermənistandan rədd olub getməsi, Ermənistanın bu problemdən xilas olması tələbləri irəli sürülürdü.

Aprel savaşından sonra hamı düşünürdü ki, keçmiş prezident Levon Ter-Petrosyanın əlinə fürsət düşüb. O, Sərkisyana “axır ki, mənim hələ 1999-cu ildə dediyimə gəldiniz” deyə bilər. Amma demədi. Çünki Ter-Petrosyan da başa düşür ki, 5 rayon, sonra isə 2 rayon mütləq Azərbaycana qaytarılmalıdır.

– Amma elə azərbaycanlı siyasi ekspertlər var ki, onlar 5+2 variantını Azərbaycana tələ hesab edirlər və bu varianta razılaşmamağa çağırırlar, paket həll variantını məqbul sayırlar…

– Əslində paket həll variantı ümumiyyətlə yoxdur. Biz də deyərdik ki, paket variantı qəbul edilsin, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun və ətrafındakı 7 rayon da geri qaytarılsın. Bunu demək çox asandır. Bunu ermənilərlə razılaşdırmaq mümkün olmadığı üçün, status haqqında indi razılığa gəlmək mümkün olmadığına görə mərhələli plana üstünlük verilir ki, 7 rayon məsələsini ayrıca həll edək, Dağlıq Qarabağa müvəqqəti status verilsin, bundan sonra keçək status məsələsini həll eləməyə. Biz indi bu prinsipdən imtina eləsək, onda belə çıxır ki, Dağlıq Qarabağın statusu haqqında biz razılığa gəlməyincə 7 rayonu da geri almaq istəmirik. Bu, düzgün yanaşma olmazdı. Biz bilərəkdən ayırırıq 7 rayon məsələsini ki, Dağlıq Qarabağın statusunu 10 il də müzakirə edə bilərik, 7 rayon indi azad edilməlidir. Ermənilər də bunu diplomatik məğlubiyyətləri kimi qeyd edirlər. Açıq deyirlər ki, Azərbaycan diplomatiyası qalib gəlib, indi Dağlıq Qarabağda referendum məsələsi qalıb kənarda, status məsələsi müzakirə olunmur, bütün hər şey dirənib ki, 5+2 formulu ilə 7 rayon qaytarılmalıdır. Ermənilər bunu öz diplomatik məğlubiyyətləri kimi qəbul edirlər. Bu vəziyyəti yaradan isə Azərbaycan ordusudur. Ordumuz uğurlu əməliyyat keçiribsə, buna sevinmək lazımdır. Məhz apreldəki uğurlu əməliyyatlardan sonra yeni vəziyyət yaranıb. Hazırda Azərbaycan ordusu erməni ordusundan bütün sahələr üzrə qat-qat güclüdür. Aprel savaşından sonra Qarabağ danışıqlarında diplomatiyada vəziyyəti bizim xeyrimizə dəyişən diplomatlar deyil, ordumuzdur, əsgərdir. İndi vasitəçilik edən beynəlxalq vasitəçilər fikirləşirlər ki, Azərbaycan ordusu gedib torpaqları azad edəcəksə, bundan biz hansı siyasi dividentləri qazanacağıq? Heç bir; ancaq erməniləri sıxıb məsələsini diplomatik yolla həll etsək, heç olmasa Azərbaycandan əvəzində nəsə qoparda bilərik…

Güman edirəm ki, Qarabağ məsələsi ilə bağlı ilin sonuna qədər müəyyən bir nəticələr əldə oluna bilər. Aprel savaşından sonra da demişdim ki, ən azı 7-8 ay vaxt keçməlidir. Ona görə ki, bu cür proseslər bir-iki günə həll olunmur. Mən bilirəm o diplomatiyanın ağır mexanizmini dəyişmək asan deyil. Ona görə də proseslər istədiyimiz sürətlə getmir. Mənim aləmimdə ikinci Qarabağ savaşı daha real görünür, nəinki torpaqların danışıqlar yolu ilə qaytarılması. Əvvəllər diplomatiya yolu ilə torpaqların qaytarılması ehtimalı mənim üçün sıfır faiz idi, indi 30 faizdir. 30 faiz də az deyil. Mümkün olsa, qan tökmədən, insan itkiləri olmadan 7 rayonu azad eləmək daha məqbul variantdır. Ona görə də danışıqların son nəticəsini gözləmək olar. Ancaq hələlik üstün versiyam sonda müharibə variantının işə salınacağıdır.

“Əli İnsanovu müdafiə eləməyi özümə mənəvi borc sayıram, çünki ailəmizin çətin dövrlərində, mən 8-ci sinifdə oxuyanda…”

– İkinci Qarabağ savaşının başlaması ehtimalına zaman biçmək mümkündür? 

– Məncə, gələn il gerçəkləşə bilər. Bəzi xarici ekspertlər ikinci Qarabağ savaşının payızın sonlarında başlayacağını deyirlər. Mən sizin qəzetə demişdim ki, ilin sonuna qədər diplomatik səylərin  nə qədər nəticə verib-vermədiyi bəlli olacaq. O fikirdə yenə də qalıram. Prosesin sürətini azaldan ciddi amillər var.

– Sizcə, Rusiya öz maraqlarını təmin etmədən, Azərbaycandan nələrsə qoparmadan bizə “Gedin, müharibə ilə torpaqlarınızı geri alın, mən qarışmayacağam” deyər? Biz başlasaq mane olmayacaqlar?

– Hər halda, danışıqlarda pərdə arxasında konkret hansı şərtlər qoyulduğu əgər ictimaiyyətə məlum deyilsə, buna mən indi dəqiq fikir söyləməkdə çətinlik çəkirəm. Ancaq bütün hallarda hesab edirəm ki, torpaqlarımızın azad olunması üçün hər şey etmək olar, bircə dövlət müstəqilliyimiz, suverenliyimiz məsələlərində güzəştə getmək olmaz. Başqa məsələlərdə hansısa güzəştlərə getmək olar. Çünki hər şey ötəridir. Bizi daxil etmək istədikləri müxtəlif siyasi bloklar, ittifaqlar da ötəridir, siyasi rejimlər də, hakimiyyətçilik də, müxalifətçilik də ötəridir. Torpaq isə əbədidir. Əbədini əldə etmək üçün müstəqilliyimizə, suverenliyimizə xələl gətirməyən hansısa güzəştlərə getməyin tərəfdarıyam.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın