Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “İcra başçılarının həbs olunmasına o qədər də sevinmirəm…“ – Sabiq deputat

“İcra başçılarının həbs olunmasına o qədər də sevinmirəm…“ – Sabiq deputat

Son günlər Azərbaycanda DTX-nın keçirdiyi xüsusi əməliyyatlar nəticəsində Biləsuvar rayon İcra Hakimiyyəti başçısıının və korrupsiyaya bulaşmış digər məmurların həbsi  haqdakı məlumatlar koronavirusla bağlı xəbərlərlə sanki yarışa girərək gündəmi zəbt etməkdədir. 

Təbii ki, korrupsiya şəbəkəsinin üzvlərindən savayı, ölkənin  hər bir vətəndaşı korrupsiyaya qarşı mübarizədəki uğurlardan, eləcə də xalqa zülmlər edən rüşvətxor, korrupsioner məmurların həbsindən  məmnunluq duyur.

Bu mövzuda açıqlama verən sabiq deputat, keçmiş polis rəisi, eyni zamanda son dövrlərdə publisist kimi də tanınan Cahangir Hüseynov məsələyə xeyli fərqli və maraqlı münasibət ifadə edib.

“Açığını deyim ki, mən rüşvətxor icra başçılarının, məmurların həbs kampaniyalarına o qədər də sevinmirəm. Əvvəla, o baxımdan ki, uzun müddət hüquq-mühafizə, istintaq orqanlarında çalışmış bir insan kimi ölüm hökmündən sonra ən ağır cəza olan adamın həbsdə yatmasının nə olduğunu yaxşı bilirəm və daim çalışmışam ki, insanlar mümkün qədər həbs edilməsin…

İkincisi də, ölkədə korrupsiya ilə bağlı həbslərin çoxluğu o cəmiyyətdə mənəvi-əxlaqi durumun da mənfi tərəfə yönəlməsinin göstəricisidir ki, bu da başucaldan yox, utancverici bir haldır…

Bununla belə, DTX-nin bu cür əməliyyatlarını alqışlamaq lazımdır ki, bəlkə digər başçı və məmurlara dərs ola və ölkədə korrupsiyanın, özbaşınalığın səviyyəsi getdikcə azala…”  keçmiş parlament üzvü belə söyləyib. 

“Onu da deyim ki,  bu cür həbslər çoxdan gözlənilirdi. Çünki artıq bir sıra  rəhbər məmurlar həddi aşmışdılar. Düzdü, bir sıra məmurların maaşı müasir tələblərlə müqayisədə hələ də aşağıdır. Və təəssüf ki, əksəriyyət 1200-1500 manatlıq əmək haqqına qane olmur və   biri icra başçısı təyin olunan kimi gəlir rayona, xalqdan topladığı xərac hesabına ən son marka 400-500 min manatlıq bir avtomobil alır, sonra da başlayır xaricdə də özünə mülklər əldə etməyə, hesablar açdırır, biznes qurur və s.  Bu dərəcədə olmaz axı… Biz də müstəqiliyimizin o ilk, ağır illərində rəhbər vəzifələrdə olmuşuq. Vallah, bir xidməti “Qaz-24” avtomobilini zorla əldə edirdik… 

Əgər başçıya verilən maaş səni qane etmirsə və biznesə belə bir həvəsin varsa,  get xarici ölkələrdəki qanuni milyarderlər kimi baş işlət, ağıl işlət, layihələr qur, böyük biznes yarat.  Axı, sizi dövlət hər hansı bir rayona rəhbər yollayır ki, gedib oradakı vətəndaşlarımızın maddi vəziyyətini, rifahını mümkün qədər yaxşılaşdırasınız, rayonda abadlıq, quruculuq işləri aparasınız və ən əsası, qanunun aliliyini təmin edəsiniz. Siz isə əksinə, qanunun bir nömrəli pozucusu kimi həbs olunursunuz…” – deyə Cahangir Hüseynov təəssüf hissi ilə bildirib.  /Moderator.az

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …