Ana səhifə / Siyasət / İcra başçıları üçün ÇƏTİN DÖNƏM BAŞLAYIR

İcra başçıları üçün ÇƏTİN DÖNƏM BAŞLAYIR

Vətəndaşların ən çox narazı qaldığı yerli icra hakimiyyətləridir.

Bu fakt Prezident Administrasiyasına daxil olan müraciətlərlə də təsdiqlənir. Rəsmi məlumatlara görə, Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Qusar və adını çəkmədiyimiz digər rayonlarda əhalinin yerli icra hakimiyyəti və nümayəndəliklərindən şikayətləri çoxluq təşkil edir. 2018-ci il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklif olub.

Ümumilikdə icra hakimiyyətlərinin fəaliyyəti, vətəndaşlara münasibəti ilə bağlı dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıqlar edilib. Ötən ilin iyun ayında Bakı rayonlarının icra başçılarının iştirakı ilə keçirilən müşavirədə ölkə başçısı tərəfindən bir neçə nəfərə xəbərdarlıq edilib. 12 icra başçısına edilən xəbərdarlığın kökündə məhz vətəndaş narazılığı dayanıb. Xəbərdarlıq olunan icra hakimiyyəti başçılarının artıq bir neçəsi dəyişdirilib. Məsələn, adı “yaşıl soyqırım”da hallanan, Xətai sakinlərini narazı salan Razim Məmmədov tutduğu vəzifədən azad edilib. Büdcə vəsaitlərinin xərclənməsində yeyintiyə yol verən digər icra qurumlarının da bu aralar “yuxusu ərşə çəkilib”. Belə ki, Hesablama Palatasının apardığı yoxlamalar zamanı 14 icra hakimiyyətində maliyyə nöqsanları aşkarlanıb. Hökumətin ciddi kadr və struktur islahatları apardığı bir dövrdə icra hakimiyyətlərinin də bu prosesdən kənarda qalacağı inandırıcı deyil. Prosesin növbəti hədəfinin məhz əhalini narazı salan icra hakimiyyəti başçıları olacağı gözlənilir.

Dövlət başçısı son zamanlar bölgələrə səfərlər edir, əhalinin sosial-iqtisadi problemləri ilə yerindəcə tanış olur, yerli sakinlərlə birbaşa ünsiyyət qurur. Dövlət başçısı əhalidən şikayət ərizələrini, məktubları özü alır, problemlərin tezliklə həll ediləcəyini bildirir. Ölkə başçısının xalqın problemləri ilə yerindəcə tanış olması çox təqdirəlayiqdir. Amma problemin bu həddə, Prezidentin birbaşa müdaxiləsinə qədər böyuməsi yerli məmurların, icra hakimiyyəti başçılarının günahıdır və onları məsuliyyətdən azad etmir. “Şamaxıda və Ağsuda əhali ilə keçirilən görüşlərdə dövlət başçısına təqdim olunan məktubların hamısı nəzarətə götürülüb. Bir dənə də olsun məktub və şifahi müraciət diqqətdən kənarda qalmayacaq”, -deyə Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev jurnalistlərə açıqlamasında deyib.

İndiki durum, proseslərin gedişi işinə məsuliyyətsiz yanaşan, əhalinin sosial-iqtisadi problemlərini həll etməyən icra hakimiyyəti başçılarını narahat edir. Çünki əhalinin əksəriyyətinin onlardan narazı olduğunu bilir, problemlərin üst-üstə qalaqlandığından da xəbərdardırlar.Bu kreslo sahibləri bilirlər ki, Prezident onların nəzarətində olan bölgələrə səfər etsə, vətəndaşlar şikayət məktublarını birbaşa dövlət başçısına vermək imkanına sahib olacaqlar. İndiyə qədər ünvanına gedib çatmayan bu şikayət məktublarının indi dövlət başçısı tərəfindən nəzarətə götürülməsi bəzi məmurlar üçün yaxşı heç nə vəd etmir. İndiyə qədər müxtəlif vasitələrlə əhalinin şikayətlərinin ünvana çatmasının qarşısı alınsa da, artıq belə bir imkan olmayacaq. Ona görə də Prezidentin əhalidən məktubları şəxsən alması icra başçılarında narahatlıq yaradır. Nəzarətdə olan şikayətlərə görə kimlərinsə cəzalandırılması, vəzifədən məhrum edilməsi tamamilə mümkün görünür.

Proseslərin gedişi də bunu söyləməyə əsas yaradır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …