Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Hökumət jurnalistləri, politoloqları Rusiyanın bu addımına niyə susub?”

“Hökumət jurnalistləri, politoloqları Rusiyanın bu addımına niyə susub?”

Rusiyanın dövlət tərəfindən maliyyələşən “Pervıy kanal”ında Azərbaycana qarşı növbəti təxribat törədilib. Kanalda müntəzəm olaraq efirə gedən “Bolşaya İqra” adlı verilişin sonuncu buraxılışında Avropa İttifaqının Ermənistana missiya göndərməsi ilə bağlı efirdə gedən müzakirələr zamanı monitorda qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsi nümayiş olunub. Həmçinin ermənipərəst ekspertlər Nataliya Naroçnitskaya və Anrdranik Miqranyanın iştirakı ilə baş tutan müzakirələr zamanı, həmçinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış və bəyanatlar səsləndirilib.
İctimai fəal Bəxtiyar Hacıyev məsələyə münasibət bildirərkən Azərbaycanda bəzi KİV-lərin, politoloqların və jurnalistlərin məsələyə reaksiya verməməsini sərt dillə tənqid edib.
“3 gündür Rusiyanın 1-ci kanalında Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik olan, üzərində “Dağlıq Qarabağ Respublikası” yazılmış xəritənin sağ monitor, sol monitor, böyük plan, yaxın planda verildiyi proqram yayımlanıb.
Amma fransızca 3 söz bilmədiyi halda Makronun müsahibəsini əlində bayraq tutaraq Qərbi yıxıb-sürüyən hökumət jurnalistləri, politoloqları, Makrona mahnı bəstələyən TV kanalları 3 gündür susublar.
Birindən eşitdinizmi ki, qoşunları Azərbaycan ərazisində olan Rusiya bu mövqeyinə görə regionda sülhməramlı missiyası apara bilməz? Birindən çağırış eşitdinizmi ki, Rusiya səfirliyi qarşısında aksiya keçirərək buna etiraz etmək lazımdır? Eşitmədiniz, çünki, onların bağlı olduqları generalları indi oturduqları vəzifələrə Rusiya təyin edib.
Bəs o zaman Makrona qarşı kollektiv xorun kökündə nə dayanırdı?
Bunu da elə məhz həmin verilişdəki erməni və rus ekspertlər açıqlayırlar. Eləcə də Rusiya və Ermənistan mətbuatı.
Rusiya münaqişənin həlli üçün ABŞ-ın təklif etdiyi Vaşinqton planının Rusiya və Ermənistan maraqlarına zidd olduğunu bildirir.
Vaşinqton planında qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini dərhal tərk etməsi, Qarabağın Azərbaycanın tərkibinə dərhal verilməsi təklif olunur və burada Qarabağın statusu müzakirə mövzusu deyil.
Moskva planında isə Qarabağın statusu açıq məsələ kimi gələcəyə ötürülür.
Makron da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmalı olduğunu bildirib.
Buna görə də Moskvadan təyin olunmuş general-polkovniklərə işləyənlər müxalifəti, vətəndaş cəmiyyətini müxtəlif damğalarla xain, düşmən kimi təqdim edirdilər, Qərbə qarşı qaldırmağa çalışırdılar.
İndi özünüz qiymət verin, əsl düşmən kimdir? Qarabağın statussuz dərhal Azərbaycanın nəzarətinə qaytarılmasını, qanunsuz erməni silahlı birləşmələrinin dərhal çıxarılmasını, Zəngəzur dəhlizinin açılmasını istəyən Vaşinqton planının tərəfdarları, yoxsa, status məsələsini açıq saxlayan, ölkəmizdə rus qoşunlarının qalmasını istəyən, 1-ci kanalında ərazi bütövlüyümüzə bu qədər açıq hörmətsizlik edənlərə susanlar?”, – deyə B. Hacıyev bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …