Ana səhifə / Siyasət / “Heydər Əliyev Naxçıvanda olmasaydı, Naxçıvan da işğal oluna bilərdi” – İlham Əliyev

“Heydər Əliyev Naxçıvanda olmasaydı, Naxçıvan da işğal oluna bilərdi” – İlham Əliyev

Əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, bəlkə Naxçıvan da işğal oluna bilərdi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Əlbəttə, Sovet İttifaqının dağılmasının səbəbləri kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri əlbəttə ki, yanlış milli siyasət olmuşdur. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da ki, qəsdən çox ziyanlı addımlar atmışlar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı”.

İlham Əliyev bildirib ki, Heydər Əliyev 1990-cı ilə qədər pensiyaçı həyatını yaşayırdı. 1990-cı ildə xalqımıza qarşı qanlı 20 Yanvar cinayəti törədildi. Bu cinayətin də başında dayanan məhz ovaxtkı sovet rəhbəri olmuşdur. Əfsuslar olsun ki, bu günə qədər o, bu və digər cinayətlərə görə məsuliyyət daşımır və bu məsuliyyətdən yayına bilmişdir:

“Heydər Əliyev xalqımız üçün ağır anda yenə də göstərdi ki, o, xalqla bir yerdədir. Yaxşı yadımdadır, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmişdi, – mən fəxr edirəm ki, onun yanında idim, – və orada böyük bir izdiham yaranmışdı. Oraya yığışan azərbaycanlılar öz etirazlarını hansısa formada ifadə etməyə çalışırdılar. Biz oraya yaxınlaşanda sakitlik idi. Yəni, insanlar sadəcə olaraq nümayəndəliyin önündə dayanmışdılar, sanki nəyisə gözləyirdilər və Heydər Əliyev gəldi, onlar onun simasında yenə də lideri gördülər. Baxmayaraq ki, o, heç bir vəzifə daşımırdı, 3 il idi pensiyaçı həyatı yaşayırdı. Eyni zamanda, ona qarşı həm sovet, həm də Azərbaycan mətbuatında təşkil edilmiş çirkin, böhtan xarakterli yazılar da gedirdi. Ona qarşı çox ədalətsiz və çirkin kampaniya aparılırdı. Ancaq insanların qəlbində Heydər Əliyev milli lider və güclü şəxsiyyət kimi yaşayırdı. İnsanlar onu görəndə kənara çəkildilər və biz açılan o canlı dəhlizlə binaya daxil olduq. Mətbuat konfransı təşkil edildi və Heydər Əliyev sovet rəhbərliyini, onun siyasətini qətiyyətlə pislədi, Azərbaycan xalqına başsağlığı verdi və sovet hakimiyyətinin hərəkətlərinə öz kəskin münasibətini bildirdi. Deyə bilərəm, Sovet İttifaqında bəlkə də ilk hadisə idi ki, sovet rəhbərliyi, onun başında dayanan şəxs açıq mətbuat konfransında belə pislənildi. Onu da qeyd etməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atmaqla Heydər Əliyev, ilk növbədə, xalqla bir yerdə olduğunu, cəsarətini, milli ruhunu göstərdi. Göstərdi ki, onun üçün Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Göstərdi ki, ən ağır faciəvi günlərdə o, xalqla bir yerdədir. Təbii ki, ondan sonra ona qarşı aparılan kampaniya daha da eybəcər formalar almışdır. Ona qarşı yenə də mətbuat kampaniyaları aparılırdı, təzyiq göstərilirdi. Bizdə olan məlumata görə, sovet rəhbərliyi onun həbsi ilə bağlı qərar da qəbul etmişdi.

Ondan sonrakı tarixi Azərbaycan ictimaiyyəti yaxşı bilir. Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxıb Azərbaycana gəldi. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi də sovet rəhbərliyinin göstərişi ilə oturub-dururdu və Heydər Əliyevə qarşı Bakıda da ədalətsizlik göstərilmişdir. Təşkil edilmiş insanlar aeroportda mitinq keçirirdilər, onun gəlişinə maneçilik törətməyə çalışırdılar və digər xoşagəlməz, insana yaraşmayan addımlar da atılmışdır. Heydər Əliyev Naxçıvana üz tutdu və bu da hesab edirəm ki, tarixi zərurət idi. Çünki o vaxt Naxçıvan da təhlükə altında idi. Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar. Tam əminliklə deyə bilərəm ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, bəlkə Naxçıvan da işğal oluna bilərdi. O, Naxçıvanı qorudu, naxçıvanlılar da onu qorudular”.

Prezident əlavə edib ki, o vaxt Naxçıvanda da qanlı döyüşlər gedirdi və özünümüdafiə qüvvələri erməni qəsbkarlarını yerinə oturtdular:

“Heydər Əliyev Naxçıvanda yaşayırdı, işləyirdi. Xalq onu dəstəkləyirdi və o da xalq üçün yaşayırdı. O vaxt Naxçıvanda önəmli qərarlar qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi bayraq kimi qəbul edildi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Naxçıvan Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Yəni, bu, müstəqilliyə aparan ilk addımlar idi. Naxçıvanda Yeni Azərbaycan Partiyası öz birinci təsis konfransını keçirdi və beləliklə, Azərbaycanda siyasi sistem formalaşdı. Əlbəttə ki, xalq da bunu bilirdi, görürdü, həm Naxçıvanda, həm Bakıda. Xalq Heydər Əliyevin Bakıya gəlməsini səbirsizliklə gözləyirdi.

Sonra AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi. Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü. Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. O da bir dönüş nöqtəsi idi. Çünki Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Həm siyasi böhran, hərbi böhran, iqtisadi tənəzzül yaşanırdı və əlbəttə ki, ölkəmizin gələcək taleyi çox qaranlıq idi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxarmışdır. Baxmayaraq ki, hələ 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir və o cəhdin də qarşısını Azərbaycan xalqı aldı. Heydər Əliyev o vaxt da liderlik keyfiyyətlərini nümayiş etdirib, xalqa televiziya vasitəsilə müraciət edib, onu dövləti müdafiə etməyə dəvət edib və onun müraciətinə cavab olaraq on minlərlə insan meydanlara, küçələrə, Prezident Administrasiyasının önünə toplaşdı və beləliklə, həm 1994-cü ildə, həm 1995-ci ildə dövlət çevrilişinə cəhd alınmadı”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın