Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Heydər Əliyev bu gün sağ olsaydı oğlunu öpərdi” – “Yeni Şafak” (ingiliscə)

“Heydər Əliyev bu gün sağ olsaydı oğlunu öpərdi” – “Yeni Şafak” (ingiliscə)

Dünən Rusiya nümayəndə heyəti noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri Bakı və Yerevanda müzakirə etdi. İlham Əliyevin sözlərinə görə, bəyanatın müddəaları uğurla icra olunur ki, bu da tərəflərin uzunmüddətli münaqişəyə son qoymağa və siyasi nizamlanmağa hazır olduğunu nümayiş etdirir.

Musavat.com “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, 44 günlük müharibənin nəticələrini təhlil edən Türkiyənin “Yeni Şafak” qəzetinin ingilis dilli versiyasında getmiş “Paşinyan nəyi səhv etdi?” (“What went wrong Pashinyan?”) sərlövhəli məqalədə işğalçı Ermənistanın Azərbaycan ordusunu məğlub etmək şansının olmadığı vurğulanır.

“Bu, hər kəs üçün aydın idi. Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyanın sözlərinə görə, sursat 3 gün ərzində bitəcəkdi. Hətta silahlar 3 illiyə bəs etsəydi də, qarşıdurmanın nəticəsi dəyişməzdi. Çünki Azərbaycanın üstünlüyü yalnız hərbi qüdrəti ilə müəyyənləşmirdi. Ermənistan işğalçıdır və bütün dünya bunu tanıyıb. Məsələ ondadır ki, ərazinin həqiqi sahibi hər zaman haqlıdır və 30 ildən sonra da özlərinə aid olanı geri qaytaracaq”, – deyə materialda vurğulanır.

Məqalədə daha sonra deyilir: “Sursatların 3 günlük qalmasına baxmayaraq, müharibəni davam etdirməyə gücün qalmadığını söyləyən baş qərargah rəisi bütün günahlarda suçlandırılır. Sursat 3 günə tükənəcəkdi, ancaq açıqlamalar verilirdi ki, “Biz qalib gələcəyik, biz qalib gəlirik, biz qalibik… Qələbə bizimdir!” Sursat 3 günə tükənəcəkdi, lakin Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmalarını daim pozaraq, öhdəsindəki qadağan olunan silahlarla Azərbaycanın mülki yaşayış məntəqələrinə hücum edir, cavanları və yaşlıları, qadınları və uşaqları fərq qoymadan öldürürdü. Nəticəsi isə böyük rüsvayçı məğlubiyyət oldu”.

Yazıda Ermənistan qüvvələrinin və erməni işğalçı mülki şəxslərin əraziləri boşaltmazdan öncə törətdikləri barbarlığa da diqqət çəkilir: “İndi Ermənistan silahlı qüvvələri Qarabağda işğal altındakı torpaqları tərk edir. Onlar sərt qış şərtlərini əsas gətirərək daha çox vaxt istəyiblər və Azərbaycan da əlavə vaxt verib. Bununla belə, çıxıb getməzdən əvvəl işğal tərəfdarları yaşadıqları şəhər və kəndləri yandırmaq qərarına gəldilər. Görünür, evləri, ağacları, tövlələri və dövlət binalarını yandırmaq üçün onların daha çox zamana ehtiyacı olub. Sözsüz ki, dəyən zərər qiymətləndiriləcək və onlar təzminat ödəməli olacaqlar”.

Nəşr Ermənistanın Rusiyaya həddən ziyadə ümid bəsləməsinin də İrəvanın kobud səhvlərindən biri kimi qeyd edib. “İşğalçılar, nə olursa-olsun, Rusiyanın onları dəstəkləyəcəyinə əmin idilər. Lakin onlar balansın dəyişdiyini fərq etmədilər. Türkiyənin Azərbaycana verdiyi dəstəyi də düzgün qiymətləndirmədilər. Onlar Suriyada, Liviyada və Aralıq dənizində baş verənləri diqqətlə təhlil etməli idilər. İndi Azərbaycanın materik hissəsi üçün Naxçıvana birbaşa yol açılacaq. Heydər Əliyev bu gün sağ olsaydı oğlunu öpər, Əbülfəz Elçibəy isə sağ olsaydı, İlham Əliyevi qucaqlayardı” – “Yeni Şafak” sonda əlavə edib.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …