Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / HDP-çilərin Məhəmməd peyğəmbəri təhqir etməsi seçkinin nəticələrinə təsir göstərəcək

HDP-çilərin Məhəmməd peyğəmbəri təhqir etməsi seçkinin nəticələrinə təsir göstərəcək

Samir Adıgözəlli: “Birmənalı şəkildə demək olar ki, Diyarbəkirdəki hadisə HDP-nin səslərinə mənfi təsir edəcək”

“Bu, sözügedən partiyanın elektoratı arasında ciddi parçalanma yaradacaq”

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasında keçirilən son parlament seçkisinin nəticəsinə görə yeni hökuməti formalaşdırmaq mümkün olmadı. Qanunvericiliyə görə, hökumət koalisiya şəklində qurulmalı idi.
Çünki heç bir siyasi partiya tək hökumət formalaşdırmaq üçün lazım olan səviyyədə səs yığmamışdı. Koalision hökumətin formalaşdırılması ilə bağlı göstərilən cəhdlər heç bir səmərə vermədi.
Bu səbəbdən də seçkilərin növbətu turu noyabrın 1-nə təyin edildi. Aralıq müddət ərzində olduqca maraqlı proseslər yaşandı. Bunlardan birinə diqqət edək, Türkiyənin Diyarbəkir şəhərinin Yenişehir bölgəsində HDP-dən olan bələdiyyə sədrinin Məhəmməd peyğəmbəri təhqir edən afişa dərc etdirməsi ciddi qalmaqala səbəb olub. PKK-nın siyasi qolu HDP-dən olan bələdiyyə sədri əhalinin sərt etirazından sonra afişanı çıxarmağa məcbur olub. Türkiyə mətbuatının yazdığına görə, qalmaqallı afişadan sonra şəhər sakinləri etiraz aksiyası keçirib. Peyğəmbərə edilən təhqirə səssiz qalmayacaqlarını deyən sakinlər “Peyğəmbərə uzanan əllər qırılsın”, “Rədd olsun PKK” kimi şüarlar səsləndirib.

Bu hadisənin seçkilərin nəticəsinə nə kimi təsiri olacaq?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, o son seçkilərdən sonra Türkiyədə olub və real vəziyyətlə yaxından tanışdır:

“Türkiyə əhalisi siyasi cəhətdən olduqca dinamikdir. İstənilən seçkiyə orada böyük maraq var və əhali həmin prosesdə yaxından iştirak edir. Son seçkilərin nəticəsinə görə hökumət formalaşdırıla bilmədi. Çalışmalar çox olsa da, nəticə Türkiyəyə yeni hökuməti görməyə izn vermədi. Yeni seçkilər təyin olundu. Son seçki ilə yeni tur arasındakı aralıq müddətdə Türkiyədə böyük hadisələr baş verdi. O hadisələr ki, seçkinin nəticəsinə birbaşa təsir etmək gücündədir. Türkiyəni bu arada bürüyən terror aktlarını və peyğəmbərin təhqir olunmasını buna misal çəkə bilərik. Silsilə terrordan sonra Türkiyə cəmiyyəti daha möhkəm hökumətin formalaşdırılmasını istəyəcək. İkinci tur seçkilərdə insanlar düşünüb-daşınaraq səs verəcək. Diyarbəkirdə baş verən hadisə isə daha ciddidir. Söhbət peyğəmbəri təhqir edən afişadan gedir. Bunu edən konkret partiyanın təmsilçisidir.
Bəllidir ki, Türkiyənin əhalisi, xüsusilə də hadisənin baş verdiyi ərazi dindarlığa meyllidir. Daha çox kürdlərin partiyası kimi tanınan HDP-nin təmsilçisi həmin əməli ilə partiyanın reytinqinə böyük zərbə vurdu. Bu, sözügedən partiyanın elektoratı arasında ciddi parçalanma yaradacaq. Millətçi şüarla çıxış edən HDP-ni dəstəkləyən dindarlar həmin hadisədən dərin sarsıntı keçirib. Məlum hadisə lokallaşdırıla bilməz. Artıq ölkənin xaricindən də həmin məsələyə reaksiyalar bildirilib. Birmənalı şəkildə demək olar ki, Diyarbəkirdəki hadisə HDP-nin səslərinə mənfi təsir edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın