Ana səhifə / Siyasət / Hatəm Cabbarlı: “Türkiyənin İrana qarşı sanksiyalara qatılma ehtimalı olduqca zəifdir”

Hatəm Cabbarlı: “Türkiyənin İrana qarşı sanksiyalara qatılma ehtimalı olduqca zəifdir”

Türkiyə İranla enerji ticarətini davam etdirəcək. Bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib.

Nazir qeyd edib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar təktərəflidir: “İran ilə enerji ticarətinə davam edəcəyik. İrandan ildə təxminən 9,5 milyard kubmetr təbii qaz alırıq. Ölkə vətəndaşlarını soyuqda və ya elektrik enerjisiz saxlaya bilmərik. Müqavilə şərtlərinə əsasən, bu ticarət davam edəcək. Həmin müqavilənin müddəti 2026-cı ilədək davam edəcək. İran ilə enerji ticarətimiz qanunidir”.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. Birləşmiş Ştatlar İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Təbii ki, Türkiyənin İranla bağlı verdiyi qərar ABŞ-ın ürəyincə olmayacaq. Belə olan təqdirdə, yaxın perspektiv üçün ABŞ-Türkiyə münasibətlərində hansı gözləntilər ola bilər?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyənin protestant camaatı “İzmir Diriliş Kilsesi” keşişi Andrev Craig Brunsonsonun ABŞ adına kəşfiyyat aparmağı iddiası ilə həbs edilməsindən sonra Türkiyə-ABŞ münasibətləri son illərin ən gərgin dövrünü yaşayır: “Əlbəttə, münasibətlərin gərginləşməsinin əsl səbəbi Brunsonun həbs edilməsi deyil. Dünyada dövlətlərin bir-birinin kəşfiyyatçılarını həbs etməsi praktikası olduqca çoxdur və belə məsələlərin həll edilməsi ilə adətən dövlətlərin təhlükəsizlik məsələlərindən məsul olan qurumlar məşğul olur. Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinin əsl səbəbi Tramp iqtidarının məsuliyyətsiz xarici və təhlükəsizlik siyasət həyata keçirməsidir. ABŞ Orta Şərq dövlətlərindən qeyd-şərtsiz onun dediklərini qəbul etməyi tələb edir. ABŞ-ın bu tələbini qəbul edən dövlətlər var. Amma Türkiyə və İran kimi dövlətlər ABŞ-ın hər istədiyinə qeyd-şərtsiz razılıq verəcək qədər kiçik və zəif dövlətlər deyil. Bu dövlətlərin manevr etmə qabiliyyəti və dünyada cərəyan edən geosiyasi hadisələri dəyərləndirərək öz mənafelərini qorumaq bacarığı var”.

Hatəm Cabbarlı hesab edir ki, ABŞ Türkiyəni sıxışdırdıqca, Türkiyə digər dövlətlərlə (Rusiya və İranı misal göstərmək olar) ikili münasibətlərini inkişaf etdirir: “ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalara Türkiyənin də qatılmasını tələb edir. Məlumdur ki, Türkiyə təbii qaz ehtiyacının müəyyən bir qismini İrandan qarşılayır. Bu ehtiyacın qarşılanması üçün ABŞ-ın Türkiyəyə alternativ mənbə təklif etmədən onu İrana qarşı sanksiyaya qoşulmağa çağırması absurddur.

Son illərdə ABŞ-ın PKK terror təşkilatına münasibətinin Türkiyəni məmnun etmədiyi bilinir. ABŞ Türkiyə ilə müttəfiqlik çərçivəsində yox, jandarm rolunu oynayan, beynəlxalq hüququ və dövlətlər arasında imzalanmış müqavilələri nəzərə almadan kobud və tələbkar siyasət həyata keçirir. İndi də İrana qarşı sanksiyalara qatılmağı tələb edir.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz bildirib ki, “ABŞ-ın İranla bağlı sanksiyaları təktərəflidir. Bildiyiniz kimi, bundan Avropa İttifaqı da olduqca narahatdır. Biz qanunlar çərçivəsində ticarət aparırıq. Bir də İranla qonşuluq hüququmuz var. İllərdir ticarət edirik. Bunların nəzərə alınmasının vacib olduğu qənaətindəyəm”. Nazir Dönməzin bu fikri olduqca məntiqli və təqdirəlayiqdir.

ABŞ-ın keşiş Brunson hadisəsəinə görə Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyini bildirərək, eyni zamanda, Türkiyədən ABŞ-ın sanksiya tətbiq etdiyi başqa bir ölkəyə – İrana qarşı sanksiyalara qoşulmasını tələb etməsi, əlbəttə, məntiqsizdir.

Mövcud vəziyyət diqqətə alınarsa, Türkiyənin İrana qarşı sanksiyalara qatılma ehtimalı olduqca zəifdir. Bu, Türkiyənin enerji və bölgədəki maraqlarına ziddir”.

Ekspertin sözlərinə görə, ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyini bildirməsinin arxasında başqa səbəblər var: “Görünən odur ki, ABŞ, NATO və Qərb dünyası önümüzdəki onilliklərdə qurulması planlanan qlobal təhlükəsizlik təşkilatında Türkiyəni görmək istəmir. Bu vəziyyətdə Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksini satın alması, atom elektrik stansiyası tikməsi və başqa strateji əhəmiyyətli məsələlərdə Rusiya ilə əməkdaşlıq etməsinə qəbullana bilmir. ABŞ Türkiyəyə F-35 döyüş təyyarəsi satacağı haqda müqavilə imzalasa da, döyüş təyyarələrini Türkiyəyə vermir və başqa ölkədən almasına da əngəl olur.

Türkiyə özü ABŞ-la münasibətlərin gərginləşməsində maraqlı deyil. ABŞ hökumətinin bu siyasəti Türkiyəni özündən uzaqlaşdırmağa xidmət edir. Hətta bəzən elə mənzərə yaranır ki, sanki ABŞ Türkiyəni özündən uzaqlaşdırmaq məqsədilə bu ölkəyə təzyiq edir.

Önümüzdəki günlərdə bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələr Türkiyə-ABŞ və Türkiyə-İran münasibətlərinin hansı məcrada inkişaf edəcəyini daha dolğun göstərə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …