Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Hamballıq edirəm…” – Deputat-rektor 700 minlik oğurluq söhbətindən danışdı

“Hamballıq edirəm…” – Deputat-rektor 700 minlik oğurluq söhbətindən danışdı

“Bir təhsil müəssisəsində 700 min manat necə ola bilər? Məgər kassirəm? Tamamilə yalan məlumat yayıblar. Özü də otağım elə bir mərtəbədə yerləşir ki, oğrunun ora daxil olması qeyri-mümkündür”.

Bu sözləri Axar.az-a deputat, Odlar Yurdu Universitetinin rəhbəri və İdarəetmə Şurasının üzvü Əhməd Vəliyev iş otağındakı seyfindən 700 min manat oğurlanması xəbərindən danışarkən deyib.

Ə.Vəliyev il ərzində toplanan təhsil haqlarının ancaq 700 min manatı keçə bildiyini qeyd edib: “İndiki iqtisadi vəziyyətdə ali məktəbdə bu qədər pul olması mümkün deyil. Bu saat banklardan kredit götürüb maaşları ödəyirik. Tələbələrin cəmi 20-30 faizi təhsil haqlarını ödəyə bilib.

Nə zavodumuz, nə fabrikimiz var. Belə vəziyyətdə universitetdə 700 min manat nə gəzir? Hətta belə bir oğurluq faktı olsa belə, bu cinayəti edən yaşaya bilməz. Çünki banklardan kredit götürüb maaşları veririk, tələbələr təhsil haqqını ödəyə bilmir və o pulu yemək olmaz. Tələbələri də başa düşürəm.

Valideynlərlə də görüşüm olub və təhsil haqlarının artırılmayacağını demişəm. Eyni zamanda, müəllimləri də ixtisar etməmişik. Bu gün yaranan iqtisadi şəraitdə müəllimi ixtisar etmək onu öldürməkdir”.

Deputat bildirib ki, seyfindən pul oğurlanması xəbərini yayanlar onu sevməyənlər ola bilər: “Dünyanın heç bir dövlətində mətbuat bu xəbərləri dəqiqləşdirmədən yaymır. Kimisə sevməmək olar, amma bir təhsil müəssisəsini nüfuzdan salmaq doğru deyil.

Bu universitet tələbələrin, valideynlərindir. Rəhmətlik Heydər Əliyevin xeyir-duası ilə bu ali məktəbi təsis etmişəm və indi 70 yaşımda da işləyirəm, təhsil üçün hamballıq edirəm”.

Qeyd edək ki, “Criminal.az” saytı Ə.Vəliyevin seyfindən 700 min oğurlandığını və 12 gündür cinayəti edənlərin tapılmadığını yazıb. Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, saxlanılan yoxdur.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın