Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Hakimiyyətdə təmsil olunan erməni əsilli şəxslər çalışırlar ki, iki ölkə münasibətləri korlansın”

“Hakimiyyətdə təmsil olunan erməni əsilli şəxslər çalışırlar ki, iki ölkə münasibətləri korlansın”

Məlum olduğu kimi, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svan əsilli gürcülər taxta və dəmir dəyənəklərlə hücum edərək obyektdə dağıntılar törədiblər, eləcə də bir neçə nəfərə ağır xəsarətlər yetiriblər.

Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında deyib ki, Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir. O, istintaqın zorakılıq maddəsi üzrə aparıldığını bildirib: “Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”.

Bununla belə, nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini vurğulayıb.

Həmçinin, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Dmanisidə baş verən insidentə münasibət bildirib. O vurğulayıb ki, rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir: “Azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar. Azərbaycanlılar bizim qardaşlarımızdır. Etnik azərbaycanlılar, ilk növbədə, bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqdim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik”.

Diasporla İş üzrə Dövlət Komitəsi də Gürcüstanın Dmanisi rayonunda baş verən insidentə münasibət billdirib. Qeyd olunub ki, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir: “Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur”.

O da məlumdur ki, Gürcüstanda çoxsaylı erməni yaşayır. Onlar ölkənin müxtəlif qurumlarında təmsil olunurlar. Bu baxımdan ehtimal etmək olar ki, Dmanisidə baş verən hadisələrdə erməni mafiyasının barmağı var. Maraqlıdır, bu versiyanı ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı məlum hadisələrdə ermənilərin əlinin olmasını istisna etmədi: “Əvvəla məlum insident yeni deyil. Ondan əvvəl də buna bənzər hadisələr olub. Dmanisi çoxmillətli bir rayondur. Oradakı əhalinin 70 faizini bizim soydaşlarımız təşkil edir. Azərbaycanlılar əsasən rayonun kəndlərində yaşayırlar. Rayon mərkəzində cəmi 200 azərbaycanlı ailəsi yaşayır. 1989-cu ildə Gürcüstanın Svanetiya bölgəsində təbii fəlakət baş verdi. O zaman xeyli sayda svan məqsədyönlü şəkildə soydaşlarımızın kompakt yaşadıqları ərazilərə köçürüldü. Problem ondadır ki, svanlar yerli mühitə uyğunlaşa bilmir və bir sıra hallarda özlərini qanundankənar aparırlar. Bəziləri bunu məişət zəminində baş verən hadisə kimi təqdim edirlər, amma bu belə deyil. Çünkü çoxsaylı svan və gürcü soyadlı erməni ora toplaşmışdı. Zamanında belə hadisələri törədənlər cəzalandırılsaydı, o zaman hadisələr bu həddə gəlib çıxmazdı. Burada erməni mafiyasının da əli var. Çünki Dmanisi rayonu Ermənistanla həmsərhəddir. Bununla belə, Dmanisidə gürcü soyadını qəbul edən ermənilər çoxdur. Hakimiyyətdə təmsil olunan erməni əsilli şəxslər hər zaman çalışırlar ki, Gürcüstan-Azərbaycan münasibətləri korlansın. Bu istiqamətdə müxtəlif formalarda iş aparırlar. Nəzərə almaq lazımdır ki, gürcü soyadında olan ermənilərin Gürcüstan hakimiyyətində təmsilçiliyi yüksəkdir. Onlar Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəni heç cür həzm edə bilmirlər. Məlum qələbədən sonra onlar daha da azğınlaşıblar. Onlar istəyirlər ki, Gürcüstan-Azərbaycan münasibətləri gərginləşsin. Son proseslərdən də bu məqsədlə istifadə edirlər”.

K.Ramazanlı onu da qeyd etdi ki, Gürcüstanın müvafiq qurumları günahkarları sərt cəzalandırmalıdırlar. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …