Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Hakim köməkçisi məhkəmə sədrinin qanunsuz əmrinin ləğvini tələb edir

Hakim köməkçisi məhkəmə sədrinin qanunsuz əmrinin ləğvini tələb edir

Orxan Cəfərbəyli: “Ələddin Cəfərov tərəfindən verilmiş əmr “Dövlət qulluğu haqqında” Qanunu bütövlükdə pozur”

Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasında hakim Mirzə Tağızadənin icraatına Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işləmiş Orxan Cəfərbəylinin apelyasiya şikayəti daxil olub. O.Cəfərbəyli şikayətində Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun onun işdən azad edilməsi haqda imzaladığı əmrin etibarsız hesab olunmasını və işə bərpa edilməsini tələb edir.

O.Cəfərbəyli redaksiyamıza ünvanladığı müraciətində qeyd edir ki, 2008-ci ildə hüquq fakültəsini bitirəndən sonra “İslah hüquq” MMC-ni təsis edib. 2010-cu ildən MMC-nin icraçı direktoru kimi fəaliyyətə başlayıb. 2013-cü ilin martında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına 6-cı təsnifat üzrə sənədlərini təqdim edib, test və müsahibədən uğurla keçərək Yasamal Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmağa başlayıb: ““Dövlət Qulluğu haqqında” Qanunun 28.6-cı maddəsinə əsasən tutduğum vəzifədə stajçı kimi təcrübə toplamalı olduğumdan hakim Mətanət Qasımovanın kuratorluğuna verildim. Hakim işimi istiqamətləndirmək əvəzinə Ələddin Cəfərovun istəyinə əsasən mənə daha çox süni maneələr törədirdi. Bunlardan istifadə edərək mənə qarşı kompromat hazırlayırdı və barəmdə məhkəmənin sədrinə əsassız məlumatlar verirdi.
Bunun nəticəsi olaraq 26 may 2014-cü ildə Ələddin Cəfərov M.Qasımovanın yazdığı rəyə əsasən və özünün mənə şəxsi münasibətinə əsaslanan 53 saylı əmr imzladı. Əmrdə qeyd edilir: “Xidməti vəzifələrini yerinə yetirmədiyinə və əmək intizamını pozduğuna görə hakim köməkçisi Orxan Əjdər oğlu Cəfərbəyli tutduğu vəzifədən azad olunsun və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin”.

Ələddin Cəfərov tərəfindən verilmiş əmr “Dövlət qulluğu haqqında” Qanunun 25-ci və 28.6 maddələrini bütövlükdə pozur. İlk növbədə qeyd etmək istəyirəm ki, 29 aprel 2013-cü il tarixində mənimlə imzalanan əmək müqaviləsinin müddəti 29 aprel 2014-cü ildə bitib. “Dövlət qulluğu haqqında” Qanunun 28.6-cı maddəsinə əsasən aramızda yeni əmək müqaviləsi bağlanmalı idi. Sədrin verdiyi əmrdə əmək müqaviləsinin ləğv edilməsi qeyd edilir. Mənim şəxsi işimdə əmək müqaviləsi bir tərəfli, yəni mənim imzam olmadan Ələddin Cəfərov tərəfindən sədr vəzifəsini icra edən şəxs kimi imzalanmış və möhür vurulub. Əslində müqavilə əmr verildikdən sonra yazılıb, müqavilədə mənim imzam yoxdur. Bu cür müqavilə etibarsızdır…

Mənə 53 saylı əmrin verilməsi tarixinə qədər heç bir ciddi cəza – töhmət, yazılı xəbərdarlıq, şiddətli töhmət və s. verilməyib. Təqdim edilən sənədlər isə sonradan Ə.Cəfərovun şəxsi istəyinə uyğun tərtib olunub və təqdim edilib. Mən 2014-cü ilin iyun ayında “Əmrin etibarsızlığı və işə bərpa edilməsi tələbinə” dair Yasamal Rayon Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. Bundan sonra məhkəmə süründürməçiliyi ilə üzləşdim. Yasamal Rayon Məhkəməsi 9 iyun 2014-cü il tarixli qərardadı ilə mülki işin aidiyyətinın müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərdi.
Bakı Apelyasiya Məhkəməsi işi təkrar Yasamal Rayon Məhkəməsinə, Yasamal Rayon Məhkəməsi isə işi 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə yolladı.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi 21 oktyabr 2014-cü il tarixli qərardadı ilə iddianı mümkün saymadı”.

Hakim köməkçisi qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadından apelyasiya şikayəti verib. Qərardad ləğv edilərək iş baxılması üçün yenidən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə geri qaytarılıb. Lakin hakim M.Bayramov iddia tələbini mümkünsüz sayıb.

“Məhkəmə qərardadlarına diqqət yetirdikdə məlum olur ki, Yasamal Rayon Məhkəməsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi aidiyyət məsələsini Ələddin Cəfərovun təsiri nəticəsində 1 il uzadıb. Yalnız Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi məcburiyyət qarşısında qalaraq verdiyim iddia ərizəsinin baxılmasını təmin etdi.
Məcburiyyət qarşısında qalan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddia tələbinə dair ərizəyə baxaraq 16 iyun 2015-ci il tarixli qərarla iddianı rədd etdi. Hakim Museyib Bayramov proses zamanı ciddi prosessual pozuntulara yol verərək qanuna uyğun olmayan, ədalətsiz qərar çıxarıb. Hakim özünü bir tərəfdən Ələddin Cəfərovun nümayəndəsi kimi, digər tərəfdən özünün qanunvericiliyə uyğun gəlməyən şəxsi mülahizələrini qeyd etməklə “Hakimlər Assossasiyası”nın sədri olan Ələddin Cəfərova sədaqətini ifadə edib. Məsələyə hüquqi qiymət verən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Museyib Bayramov “Dövlət qulluğu haqqında” Qanuna istinad etdiyim dəlilləri mənim şəxsi mülahizələrim kimi, Yasamal Rayon Məhkəməsinin birtərəfli təqdim etdiyi sənədləri araşdırmadan qanunauyğun hesab etdi. Mən və nümayəndəm həmin sənədlərin araşdırılmasında iştirak edə bilmədik. Həmin qərar qanunsuz və ədalətsiz olduğu üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti vermişəm. “Əmrin etibarsızlığı və işə bərpa edilməsi tələbinə” dair inzibati iş Kollegiyanın hakimi Mirzə Tağızadənin icraatındadır və məhkəmə baxışı 19 noyabrda davam edəcək. Hesab edirəm ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadə Museyib Bayramov qədər cəsarətsiz olmayacaq və iddia tələbinə qanunvericiliyə uyğun olaraq ədalətli qərar çıxaracaq” – deyə hakim köməkçisi qeyd edir.

E.HÜSEYNOV

P.S. Yazıda adıçəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın