Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Hakerlər Azərbaycan qazını kəmərdən necə oğurladı…

Hakerlər Azərbaycan qazını kəmərdən necə oğurladı…

Arzu Nağıyev: “Təsəvvür edin ki, bu metodlarla hətta dövlətlərin süni peyklərini, ballistik raketlərini belə sıradan çıxarmaq mümkündür”

“Ona görə də bunun qarşısı qabaqlayıcı tədbirlərlə alınmalıdır”

Hakerlər Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyəyə nəql edən kəmərin idarə olunması sisteminə müdaxilə edərək qazın nəqli istiqamətini dəyişdirib. Bu sensasion məlumat Çexiyada açıqlanıb.
“Prague Daily Monitor” qəzetinin yazdığına görə, Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kibertəhlükəsizlik strategiyası konsepsiyasının müəllifi olan Ales Şpidla “Pravo” adlı çex nəşrinə danışıb.
Ales Şpidla deyib ki, super dövlətlər kiberhücumlar həyata keçirərək başqa ölkələrdən məxfi məlumatları ələ keçirir, eyni zamanda gələcəkdə həmin dövlətlərdə kiberhücumlarla xaos yaratmaq imkanlarını araşdırır.
Ales Şpidlanın bildirdiyinə görə, Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. O, Rusiyanın da irimiqyaslı haker hücumları həyata keçirdiyini, Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərdiyini, 12 min mütəxəssisin bu mərkəz üçün işlədiyini deyib.
Ekspertin bildirdiyinə görə, Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Şpidla bildirib ki, kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. “Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusən də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi, informasiya sistemləridir”, – o deyib.
Ales Şpidla sensasion məlumat açıqlayaraq deyib ki, hakerlər Azərbaycan qazını nəql edən kəmərdə axının istiqamətini dəyişərək qazı Rusiyaya yönəldib. Qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Ekspert bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi ərəfəsində Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə hissəsində baş vermiş partlayışın da haker hücumu ilə törədildiyi üzə çıxmışdı. Məlum olmuşdu ki, hakerlər neft kəmərinin nasos stansiyasında kompyuter sisteminə müdaxilə edərək kəmərdə təzyiqi süni şəkildə kəskin artırıb. Nəticədə kəmərə heç bir fiziki müdaxilə olmadan güclü partlayış baş verib. Bu hücumun arxasında Rusiyanın dayandığı ehtimal edilir.
Azərbaycan qazının haker müdaxiləsilə təyinatı üzrə deyil, məhz Rusiyaya yönəldilməsi mümkündürmü?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu gün kiberhücumlardan tam şəkildə müdafiə olunmaq mümkün deyil: “Yəni həmin proqramları yazanlar da proqramçılardır.
Bu kiberhücumlar məhz dövlət və milli təhlükəsizliyə təhdidlərin bir növüdür. Bunun qarşısının alınması üçün müvafiq qurumlar işlər aparır və Azərbaycanda da belə tədbirlər həyata keçirilir. Belə proseslər bütün dünyada baş verir, istər “Wikileks”lə, istərsə də xüsusi xidmət orqanlarının sənədlərinin və ya elektron yazışmalarının oğurlanmaslı ilə bağlı. Təbii ki, primitiv proqramlardan istifadə ediləndə daha tez aşkarlamaq və qarşısını almaq olur, qlobal məsələlərdə isə çətinliklər daha çoxdur. Təsəvvür edin ki, bu metodlarla hətta dövlətlərin süni peyklərini, ballistik raketlərini belə sıradan çıxarmaq mümkündür. Ona görə də bunun qarşısı qabaqlayıcı tədbirlərlə alınmalıdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın