Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Hər bir gənc Azərbaycan dövlətinin əsgəri olmalıdır” – Əhməd Şahidov

“Hər bir gənc Azərbaycan dövlətinin əsgəri olmalıdır” – Əhməd Şahidov

Gənc hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 2 Fevral Gənclər Günü ilə bağlı Azinforum.az-a  müsahibə verib.

– Əhməd bəy, ilk öncə bir gənc kimi Sizi 2 Fevral Gənclər Günü münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirik. Bir Azərbaycan gənci olaraq, bugün ölkə gəncliyinin imkanlarını necə dəyərləndirirsiz?

Təşəkkür edirəm. Mən də sizi və bütün Azərbaycan gənclərini təbrik edirəm, həyatda ən ülvi nemət olan uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. Bilirsiz ki, Azərbaycan bir dövlət olaraq, gəncdir və bizim müstəqilliyimizin tam 25 yaşı var. 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan bugün dünya siyasətində kifayət qədər özünü tanıda bilib. Dünyanın istənilən ölkəsində Azərbaycan haqqında soruşsaz, idman, mədəniyyət və beynəlxalq miqyaslı tədbirlərin keçirildiyi bir ölkə kimi xarakterizə edirlər. Bunun da əsasında gənclərimiz dayanır.

Bugün Azərbaycan gəncləri idman sahəsində dünya favoritlərindən sayılır, gənc və istedadlı musiqiçi, rəssam və incəsənət nümayəndələrimizin sorağı uzaq-uzaq ölkələrdən gəlir. Bugün dünyanın elə bir ölkəsi yoxdur ki, orada azərbaycanlı gənclər təhsil almasın. Bu, Azərbaycanın artan potensialının və gələcək üçün qoyulan kapitalının göstəricisidir.

– Əhməd bəy, siz mütəmadi olaraq, xarici ölkələrdə, xüsusən də Avropa ölkələrində olursuz və beynəlxalq tədbirlərdə iştirak edirsiz. Beynəlxalq ictimai-siyasi arenada gənclərimizin təmsil olunması hansı səviyyədədir və Azərbaycan gəncləri öz ölkələrini dünya siyasətində layiqincə təmsil edə bilirlərmi?

Çox gözəl sualdır. Çünki, idman və mədəniyyətlə yanaşı, dünya siyasətində də yer tutmaq vacibdir. Müəyyən həlledici məqamlarda siyasət ön plana keçir və məhz həmin kritik anlarda milli maraqları qorumaq və beynəlxalq arenalarda Azərbaycanın haqq səsini çatdırmaq ehtiyacı yaranır. Mən son illər intensiv olaraq, Avropa Şurası, ATƏT, BMT və digər beynəlxalq qurumlarda iştirak edirəm və Azərbaycanla bağlı çıxışlarım olur. Bugün tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətinin 10-15 il bundan əvvəl əkdiyi toxumlar artıq öz bəhrəsini verməkdədir. Xatırlayıram, hələ 2000-ci illərdə Azərbaycanda dövlət hesabına xaricdə təhsil almağa yollanan yüzlərlə gənclərimiz var idi və bugün onlar artıq öz ölkələrinə layiqincə xidmət edirlər.

Məsələn, bugün ATƏT və Avropa Şurasında Azərbaycan adından gənc və istedadlı kadrlarımız danışır. Mən bir-neçə gün bundan öncə Strasburq şəhərində AŞPA-nın Qış Sessiyasında iştirak edirdim və orada Ermənistan əleyhinə hesabatların qəbul edilməsində də məhz gənc deputatlarımızın böyük əməyi oldu. Digər beynəlxalq qurumlarda, habelə ABŞ və Avropanın hökumət və qeyri-hökumət qurumlarında onlarla gənclərimiz çalışır. Bu gənclər çalışdıqları ölkələrdə də böyük nüfuz sahibidirlər. Dolayısıyla, Azərbaycanımızı layiqincə təmsil edirlər.

-Əhməd bəy, siz həm də hüquq müdafiəçisiz və insanların hüquqlarının müdafiəsi ilə məşğul olursuz. Bugün Azərbaycanda həbsdə olan gənclər təşkilatları fəalları var. Bugün həm də onların günüdür. O gənclərin həbsdə olmasına münasibətiniz necədir?

Əlbəttə, bugün Azərbaycanda yaşayan bütün gənclərin günüdür və mən hər bir gənci təbrik edirəm. Siyasi əqidəsindən, milliyyətindən və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün gənclərimiz bu Vətənin övladlarıdır. Onların hamısına eyni gözlə baxıram və biz gənclər də başa düşməliyik ki, qanun da bizlərin hər birinə eyni gözlə baxır, yəni hamımız qanun qarşısında bərabərik. Azərbaycan hüquqi dövlətdir və burada hər şey qanunla tənzimlənir. Kimliyindən asılı olmayaraq, kimsə qanunun tələblərini pozursa, cəzalanmalıdır və cəzalandırılır. Elə son aylar Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə nəzər yetirsək, dediklərimin yenilik olmadığını görmək olar. Cənab Prezident də bütün çıxışlarında bəyan edir ki, Azərbaycanda heç kim toxunulmaz deyil və etdiyi əmələ görə cavab verir.

Dediyiniz gənclər də zamanında Azərbaycan qanunvericiliyinin tələblərini pozaraq, hüquqazidd əməllər törədiblər və bugün cəmiyyətdən təcrid olunublar. Əlbəttə, bir hüquq müdafiəçisi kimi həmin gənclərin tezliklə azadlığa çıxmasını istəyirəm, amma onlar da baş verənlərdən nəticə çıxarmalı və islah olunub yenidən aktiv cəmiyyətə geri dönməlidirlər.

-Əhməd bəy, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi günün tələbidir. Sizcə, bugün Azərbaycan gəncliyi işğal olunmuş torpaqları azad etməyə qadirdirmi?

Azərbaycan müharibə şəraitində yaşayır və torpaqlarının 20 faizi işğal altındadır. Belə olan halda təbii ki, hər bir gənc Azərbaycan dövlətinin əsgəri olmalıdır. Bugün Azərbaycan dövləti güclüdür, gəncliyimiz əzmlə irəli gedir və milli ordumuz da günü-gündən inkişaf edir. Digər tərəfdən, biz həm də haqlı tərəfik. Allah da hər zamanı haqqı qalib edir. Odur ki, düşmənlə müqayisədə bütün göstəricilər üzrə biz irəlidəyik. İnşallah, aktiv müharibə başlayacağı təqdirdə torpaqlarımızı azad edəcəyik. Mən buna inanıram və hazıram.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın