Ana səhifə / Siyasət / “Hərəmiz Azərbaycanı, azı, bir əcnəbiyə sevdirək”

“Hərəmiz Azərbaycanı, azı, bir əcnəbiyə sevdirək”

Aydın Quliyev: “Cəmiyyətimizin Avropa Oyunlarına ilk dövrdə və indiki münasibətində, sözsüz, böyük müsbət dinamika var”

Ölkəmizin Avropa Oyunlarına hazırlıq işləri sürətləndikcə maraqlı nüanslar da meydana çıxır. Cəmiyyətdə maraq artır, pis də olsa, Oyunları qaralamaq cəhdləri çoxalır, təbii ki, bu məqamda Azərbaycan xalqı, cəmiyyəti nə etməlidir sualı aktuallığını artırır.
Qəzetimizin baş redaktoru, Avropa Oyunlarına Vətəndaş Dəstəyi Koalisiyasının koordinatoru Aydın Quliyevin bu istiqamətdə maraqlı fikirlərini bölüşmək istədik: “Azərbaycan cəmiyyətinin oyunlara münasibətində sözsüz böyük dəyişiklik var. İlk əvvəl bir az laqeydlik müşahidə olunurdu, ardınca bəzi qara-qura qüvvələrin fəaliyyəti nəticəsində cəmiyyətimizdə ilk və yaxşı fikir daşıyıcıları olmaqla fikir ayrılıqlarının əlamətləri görünməyə başladı. Açığını deyim ki, bu əlamətlər bütün vətənpərvər dairələri narahat edirdi. Lakin tezliklə aparılan işlər nəticəsində cəmiyyətimizin münasibətinin bütövləşməsi və əksərən müsbət tərəfə yönəlməsində böyük dəyişiklik baş verdi. İndi cəmiyyətimizin mütləq çoxluğunun Avropa Oyunlarının əhəmiyyətinə, dövlətçilikdə və Qarabağ probleminin həllində roluna baxışları birmənalı və müsbətdir. Bu çox böyük irəliləyişdir və məncə, Avropa Oyunları Təşkilat Komitəsinin oyunların başlanmasına qədərki mərhələ üçün ən böyük qələbəsi sayıla bilər”.
Aydın Quliyev maraqlı bir təklif də səsləndirdi: “Cəmiyyətimizin Oyunları dəstəkləmək fəaliyyətindəki müsbət dinamikanın indiki vəziyyəti ilə kifayətlənmək, sözsüz ki, olmaz, proses irəli getməlidir, mənim müşahidələrimə görə, cəmiyyətimizin Oyunlara daha böyük dəstəyinə nail olmaq üçün potensial rıçaqlar hələ çoxdu, onları üzə çıxarmaq lazımdır. Məsələn, cəmiyyət, insanlar özü təşəbbüs qaydasında belə bir kampaniya başlaya bilər: “Hərəmiz Azərbaycanıf azı bir əcnəbiyə sevdirək”. Bilirsiniz ki, ölkəyə çoxlu əcnəbi gələcək, idmançı, xidmətçi və tamaşaçı qismində gələn əcnəbilərin çoxu Azərbaycanı ilk dəfə görənlər olacaq. Onlarla ünsiyyətdə olan hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun davranışı, danışığı, adi nəzakəti, reaksiyaları ölkəni həmin əcnəbiyə müsbət yöndən tanıtmaqda böyük təsirə malikdir. Təsəvvür edin ki, hər bir Azərbaycan vətəndaşı azı bir əcnəbi qonağa ölkənin bu gününü, tarixini, mənəvi dəyərlərini, adət-ənənəsini hansısa formada tanıtmağı, sevdirməyi öz qarşısına məqsəd qoysa, ümummilli miqyaslı böyük nəticələr əldə edə bilərik. Əcnəbi qonaqlarla Bakıda, ya başqa yerlərdə, yəqin ki, ttəsadüfi təmaslar, tanışlıqlar olacaq. Hətta xarici dil bilməyən azərbaycanlı belə həmin qonağa ölkəni yaxşı tanıtmaq imkanına malikdir. Onlarla adi bir şəkil çəkdirmək istəyini bildirə bilər və sair. İndi hamının mobil telefonunda belə imkanlar var.
Ya əcnəbi qonağa Bakının hansısa görməli-gəzməli yerinin ünvanını bir neçə dəqiqəlik zəhmət çəkib nəzakətlə izah edə bilər, zəif də olsa dil bilirsə, həmin xaricidən ölkəmiz haqqında təəssüratını soruşa bilər və sair. Görürsünüz, üsullar çoxdur”.

İradə SARIYEVA

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın