Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Həmin erməniləri biz özümüz Qarabağa gətirəcəyik… – DEPUTAT

Həmin erməniləri biz özümüz Qarabağa gətirəcəyik… – DEPUTAT

“Ruben Vardanyan və onun kimiləri Azərbaycana və eləcə də sülh tərəfdarı olan ermənilərə düşmən olanları da Qarabağa biz özümüz gətirəcəyik. İttiham etmək üçün…”.

Bu fikirləri Bakupost.az -a millət vəkili Musa Quliyeverməni əsilli iş adamı R. Vardanyanın ötən gün verdiyi bəyanatına münasibət bildirərkən söyləyib.

Millət vəkili bildirib ki, R. Vardanyanın Azərbaycan sərhədlərini özbaşına keçərək orda yaşaması hüquqi cəhətdən mümkün deyil:

“R. Vardanyan və digər ermənilərin söylədikləri cəfəngiyyatdır. Nə Azərbaycan qanunlarına, nə beynəlxalq hüquqa görə heç bir kənar vətəndaş başqa bir dövlətdən icazə almadan onun sərhədlərini keçə bilməz. Artıq 2 ildir Azərbaycan öz torpaqlarını işğaldan azad edib və sərhədlərinə özü nəzarət edir. 30 il ərzində Laçın dəhlizi adlandırılan o dəhliz də bağlanıb və Azərbaycan, Qarabağla Ermənistanı birləşdirən yeni bir yol çəkib. Bu günlərdə artıq o yol işə düşəcək. Həmin yolda da Azərbaycan öz nəzarət məntəqələrini quraşdıracaq. Azərbaycanın pasport yoxlamasından keçməyən heç bir şəxs Qarabağa daxil ola bilməyəcək. Amma R. Vardanyan və onun kimiləri Azərbaycana və eləcə də sülh tərəfdarı olan ermənilərə düşmən olanları da Qarabağa biz özümüz gətirəcəyik ki, qanun qarşısında cavab versinlər. Həmin R. Vardanyan əgər doğrudan da iş adamıdırsa, onun həqiqətən də humanist və xoş niyyəti varsa, Qarabağ 30 il ərzində onların işğalı altında olduğu müddətdə, orada ac, səfil vəziyyətdə yaşayan ermənilərə hansı yardımları göstərib? Qarabağda hansı abadlıq işləri görmüşdü? 30 ildir o torpaqları cəhənnəmə çevirən erməniləri dayandırmaq üçün hansı humanist addımı atmışdı? Biz o torpaqları işğaldan azad etdikdən sonra gördük ki, daş-daş üstündə qalmayıb. Qarabağda bir dənə salamat bina, tarixi abidə qalmayıb. Dağları, torpağı yandırıblar, meşələri qırıblar. Qarabağda suları, çayları zəhərləyiblər. R. Vardanyan köklü, yaşı 2000-dən yuxarı olan qədim bir çinar ağacının altında dayanıb bu bəyanatı verir, amma unudur ki, Qarabağ işğalda olduğu müddətdə Zəngilan bölgəsində Avropanın böyüklüyünə görə ikinci, tarixinə görə birinci olan böyük bir çinar meşəsini ermənilər məhv etdi. Torpağın həqiqi sahibi belə bir vandallıq edərmi? Əlbəttə etməz!

Bu gün azərbaycanlılar öz tarixi torpaqlarına qayıdıblar, o torpaqları abadlaşdırlar. Bütün dünyaya da göstərir və sübut edirlər ki, Qarabağın həqiqi sahibi kimdir”.

Millət vəkili qeyd edib ki, erməni avantürist milliyyətçilərin, eləcə də müxalif qüvvələrin bu cür sərsəm fikirlər səsləndirməsi ilk deyil və onların bu xəyalpərəstliyi bütün erməni xalqını uçuruma aparır:

“Yadınızdadırsa, başqa bir müharibə cinayətkarı, Xocalı qətliamını törədən cinayətkarlardan biri, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan 2010- cu ildə Gorus şəhərində erməni gəncləri ilə görüşdə belə bir çağırış etmişdi ki, “Biz Qarabağ məsələsini həll etdik. Qarabağı Ermənistana birləşdirdik. Ağrı dağı məsələsini də siz həll edəcəksiniz. Ağrını da Ermənistana siz birləşdirəcəksiniz”. Bunlar hamısı boş xəyallardır və erməni xalqını bədbəxt edən çağırışlardır. İndi hansı bir erməni Ağrı dağı haqqında düşünür?!”.

M. Quliyev hesab edir ki, belə bir bəyanatın Azərbaycan Prezidentinin, Ermənistanın baş naziri və Aİ-nin sədri Şarl Mişelin görüşü ərəfəsində verilməsi də təsadüfi deyil:

“Ola bilsin ki, Rusiyadakı Ermənistan diasporu, anti-Azərbaycan qüvvələr belə bir bəyanatı ortaya atmaqla Ermənistan və Azərbaycan arasındakı davamlı və daimi sülh prosesinə əngəl törətmək istəyirlər. Amma bu baş tutmayacaq. Azərbaycan 2020-ci il 10 Noyabr üçtərəfli Bəyanatında söylənilən bütün müddəaların yerinə yetirilməsini təmin edəcək. Əgər Ermənistan tərəfi hər-hansı bir vasitə ilə bu öhdəçiliyi yerinə yetirməkdən boyun qaçırarsa, o zaman Azərbaycan Ordusu bu işə qarışa bilər. Zəngəzur dəhlizinin açılmasını, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrinin oradan rədd olub getməsini Azərbaycanla Ermənistan arasındakı sərhədlərin bərpa olunmasını da biz təmin edəcəyik. Cənab İlham Əliyev dediyi kimi “ermənilər istəsə bunu xoşla, istəməsə zorla edəcəyik”. Erməni ictimaiyyəti də ağlını başına yığmalıdır. R. Vardanyan kimi avantüristlərin fikirlərinə aldanmamalıdırlar. Əgər Ermənistan bir dövlət olaraq mövcudluğunu qoruyub saxlamaq və erməni xalqı da Cənubi Qafqazda qalıb yaşamaq istəyirsə, onların yeganə çıxış yolu bu bölgənin titul dövlətləri olan Türkiyə və Azərbaycanla əməkdaşlığa getməkdir. Bunu edəcəklərsə, ermənilər öz gələcəklərini xilas etmiş olacaqlar. Etməyəcəklərsə, nə R. Vardanyan, nə də onun kimi düşünən ermənilərin nəinki Qarabağda, heç bütövlükdə Cənubi Qafqazda izi-tozu qalmayacaq”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …