Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Gürcüstanın yeni prezidentinin inauqurasiyası Telavidə keçiriləcək

Gürcüstanın yeni prezidentinin inauqurasiyası Telavidə keçiriləcək

Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi Telavi şəhərində keçiriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında xanım dövlət başçısının özü deyib.

O, mərasimin detalları üzərində iş aparıldığını deyib: “İnauqurasiya mərasiminə qatılmaq üçün xarici qonaqlara dəvətlər göndərilib. Biz diplomatik münasibətlərimizin olduğu hər bir ölkədən nümayəndə dəvət edəcəyik. Təbii ki, Giorgi Marqvelaşvili də mərasimdə iştirak edəcək”.

Andiçmə mərasiminin Telavi şəhərindəki “Batoni” qəsrinin ərazisindəki sarayda keçirilməsi planlaşdırılıb. Bildirilir ki, “Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Salome Zurabişvili səslərin 60 faizini toplamaqla rəqibi Qriqol Vaşadzeyə qalib gəlib. Yerli mətbuatın yazdığına görə, S.Zurabişvili Telavidə rəqibinə həm birinci, həm də ikinci turda  uduzub.

Onu da qeyd edək ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-na təyin olunub. Gürcüstanda ilk dəfədir prezidentin inauqurasiyası paytaxt Tbilisidə keçirilməyəcək. Hazırkı prezidenti Giorgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixail Saakaşvilinin andiçmə mərasimləri Gürcüstan parlamentinin Tbilisidəki binasının daxili həyətində baş tutub.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …