Bu günlərdə ölkənin baş naziri bir qrup yüksək çinli məmurla Ermənistana səfər etdi, hətta “genosid qurbanları”nın abidəsini də ziyarət etdi.

Təbii ki, bu olaylar Azərbaycanda diqqətdən kənarda qala bilməzdi və rəsmi Bakı özünün ən yaxın regional müttəfiqinə münasibətdə maksimum diplomatik və siyasi nəzakət nümayiş etdirsə də, müstəqil siyasətçilər, ictimaiyyət fəalları və jurnalistlər bu xüsusda çox kəskin bəyanatlar səsləndirdilər və bu gün də bunu etməkdədirlər.

Məsələ bundadır ki, qonşu Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində Azərbaycanın rolunu qiymətlətndirmək üçün hətta söz tapmaq belə, olduqca çətindir. Yəqin gürcü siyasətçiləri, hətta etnik və dini stereotiplərdən azad olmayanlar da Gürcüstanın keçmiş prezidenti E.Şevarnadazenin bu sözlərini hələ də xatırlayırlar: “Bizim böyük qardaşımız var. O, Heydər Əliyevdir!”.

Yaxud da ümid edirik ki, eks-prezident M.Saakaşvilinin sözləri də yəqin unudulmayıbdır: “Mən köməyi və dəstəyi okeanın o tayında axtarırdım, amma onları Bakıda tapdım”…

Düşünürük ki, gürcü siyasətçilərinin bu etirafları Gürcüstan üçün Azərbaycanın önəmini hər şeydən yaxşı əks etdirir. Bəli, məhz Bakının sayəsində Tiflis özünün energetik problemlərini həll edə bildi, üstəlik, regionun mühüm kommunikasiya və tranzit qovşağına çevrilə bildi.

Məhz Bakının köməyilə ölkə özünün sosial problemlərinin mühüm hissəsini yoluna qoya bildi, onun vətəndaşları böyük regional layihələrdə çalışmaq imkanı qazandılar. Azərbaycanın köməyi olmasaydı, Gürcüstan nə özünün infrasturkturunu bərpa edə, nə ölkədə makroiqtisadi sabitliyi qoruya, nə də ölkəni bölgədə mühüm, perspektivli turizm mərkəzinə çevirə bilərdi.

Bəli, etiraf etmək lazımdır ki, Kremlin təzyiqlərinə baxmayaraq, Gürcüstanın öz müstəqilliyini saxlaya bilməsi, məhz Bakının və Ankaranın dəstəyi sayəsində reallaşdı. Hətta bu illər ərzində Tiflisin inad və əzmlə can atdığı Qərbin dəstəyi belə, daha çox siyasi-deklarativ xarakter daşıyıb, onun real maliyyə tərəfləri haqqında gürcü siyasətçiləri özləri də daha çox susmağa üstünlük verirlər.

Bütün bu amilləri nəzərə alanda düşünmək olardı ki, Bakı ilə Tiflis arasında ideal münasibətlər olacaq və onlar necə deyərlər, biri-birini ilk sözdən, “bircə işarədən” anlaya biləcəklər.

Düzdür, elə indi də xüsusi həyəcan və narahatlıq üçün ciddi əsaslar yoxdur – Tiflis bölgədə bizim əsas müttəfiqimiz kimi qalır, birgə layihələrin sayı da günbəgün artır və hər iki ölkə biri-birinə dəstək göstərərək, özlərinin təbii-coğrafi imkanlarından maksimum dərəcədə faydalanmağa çalışır.

Amma təəssüf, işlər problemsiz də ötüşmür. Birincisi, azərbaycanlıların bu ölkədəki vəziyyətini hələ qənaətbəxş saymaq olmaz; ciddi dil problemi var, tez-tez hüquqi və iqtisadi diskriminasiya əlamətləri müşahidə edilir.

İkincisi, məqsədyönlü şəkildə toponomik dəyişikliklər edilir. Əlbəttə, Gürcüstan müstəqil dövlətdir və öz administrativ vahidlərini bildiyi kimi adlandırmaq və dəyişmək hüququ var.

Amma nədənsə bu siyasət ilk növbədə azərbaycanlıların məskunlaşdığı əraziləri əhatə edir və azəri-türk adlarına toxunur.

Üçüncüsü, Gürcüstanda da gözəl bilirlər ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir və bizim ərazilərimizin 20 faizi hələ də erməni işğalı altındadır. Ona görə də Ermənistanın coğrafi və iqtisadi izolyasiyası, onun regional layihələrdən kənarda saxlanılması Bakının bu ölkəyə qarşı apardığı siyasətin mühüm tərkib hissəsidir.

Üstəlik, rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu, məcburiyyət üzündən atılmış addımdır, İrəvan Azərbaycan torpaqlarını azad edən kimi, əsassız ərazi iddialarına son verən kimi bu siyasət də dəyişə bilər.

Amma hələ də Bakının bu çağırışları İrəvan tərəfindən lal sükutla qarşılanır və bu səbəbdən də Azərbaycanın təcavüzkarı coğrafi və iqtisadi blokadada saxlamaqdan savayı yolu yoxdur. Bundan başqa, Ermənistanın ərazi iddialarının bir ünvanı da Gürcüstandır və bu iddialar bəzən Cavaxetiyanın hüdudlarından da kənara çıxır.
Gürcüstanın möhkəmlənməsində Bakının rolundan əvvəldə bəhs etdik və onları bir daha xatırlamağa ehtiyac yox.

Əlbəttə, demək olmaz ki, Gürcüstan bu vaxta qədər Azərbaycanın reallaşdırdığı böyük regional layihələrdən ancaq dividendlər götürüb – yox, o, riskləri də bölüşüb və müəyyən təzyiqlərə də məruz qalıb. Bir ara hətta bəzi Kreml strateqləri açıq deyirdilər ki, Azərbaycana toxunmaq lazım deyil, yetər ki, Gürcüstanı götürək, ertəsi gün azərbaycanlılar Kremlin darvazaları önündə növbə tutmalı olacaqlar…

Amma məşhur bir məsəl də var: canavardan qorxan meşəyə girməz. Ona görə də birmənalı demək olar ki, Bakı ilə Tiflisin əməkdaşlığı çox pozitiv, qarşılıqlı faydalı olub və bunun davam etdirilməsi hər iki ölkə üçün faydalı olar. Fəqət bunun üçün biz bir-birimizə daha diqqətli olmalıyıq. Çünki yalnız birlikdə, birgə səylərlə həmin problemləri həll edə bilərik.

Etiraf edirik ki, biz Gürcüstanın Ermənistan üçün ikinci dəhlizi açacağına o qədər də inanmırıq, ona görə ki, Rusiya müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiya ilə sərhəddə də gömrük postlarının qoyulmasını tələb edir. Çətin ki, gürcülər buna razılıq versin.

Ən başlıcası isə, Tiflis nəzərə almalıdır ki, bunu onun bölgədəki ən yaxın müttəfiqi – Azərbaycan arzulamır. O Azərbaycan ki, həmişə Gürcüstanın yanında olub və bundan sonra da olacaq – özü də təkcə bayram günlərində yox…