Ana səhifə / Manşet / Gültəkin Hacıbəyli xalqın məhvi üzərindən olsa belə hakimiyyətə gəlməyi məqbul sayır

Gültəkin Hacıbəyli xalqın məhvi üzərindən olsa belə hakimiyyətə gəlməyi məqbul sayır

AXCP və “Milli Şura”nın daha bir qalmaqallı videosu yayılıb. Sosial şəbəkədə yayılan videodan görünür ki, “Milli Şura” üzvləri videokonfrans formatında müzakirə aparırlar. Müzakirə olunan mövzu karantinlə bağlı olub.

Videogörüntülərdə Gültəkin Hacıbəyli xalqın sosial vəziyyətinin pisləşməsinin onların xeyrinə olduğunu deyib:

“Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da, açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, bunların yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması birmənalı olaraq bizim xeyrimizədi”.

Milli Şura üzvlərinin iclasda xalqın pis gününə sevinməsi heç bir məntiqə sığmır. Çünki heç bir siyasi qüvvə öz xalqının pis vəziyyətinə sevinib, bunun üzərində siyasət qurmamalıdır. Artıq neçənci dəfədir ki, biz Milli Şuranın ictimailəşən iclaslarında xalqı aşağılayan, onu ələ salan və ən nəhayət millətin çətin iqtisadi vəziyyətə düşməsini sevinclə qarşılayan fikirlərin səsləndiyinin şahidi oluruq.  Bu fikirlərin səslənməsi məqsədli şəkildə qurumun hörmətdən salınmasına hesablanıb, yoxsa siyasi təcrübənin az olmasından irəli gəlir?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə bildirdi ki, belə mənzərəyə şahidlik etmək onu çox narahat edib:

“Mən istərdim ki, həmin adamlara lider kimi qəbul etdikləri Əbülfəz Elçibəydən bir sitat gətirim. Bəy deyirdi ki, xalqın toyundan və yasından, yəni xeyir və şərindən siyasi məqsədlər üçün istifadə etmək mənəviyyatsızlıqdır. Bu hər bir adama aid olan məsələdir. Müxalifət o siyasi qüvvəyə deyirlər ki, o növbəti mərhələdə hakimiyyətə gəlməyi qarşısına məqsəd kimi qoyur. Müxalifət xalqın sıxıntılarına, daha çox əzab çəkməsinə sevinirsə, hətta hakimiyyəti bu çətinlikləri həll etməkdən yayındırırsa, bunun bir adı var, o da xəyanətdir. Kimin etməsindən asılı olmayaraq, bunun adı dediyim kimidir.  Bu xəstəlikdən kimsə sığortalanmayıb. Milli Şuranın virusdan belə öz məqsədi üçün istifadə etmək cəhdi həm də insanlığa zidd mövqedir. Çünki həmin virusa onların özləri və ya yaxınları da yoluxa bilər. Bu mövqenin siaysətlə qəti əlaqəsi yoxdur. Hesab etmirəm ki, bunu təcrübəsizlikdən edirlər. Çünki orda danışan adamların hamısının müəyyən savadı və siyasi təcrübəsi var. Sadəcə, öz xislətlərini ortaya qoyurlar. Deməli, bunlar xalqın məhvi üzərindən olsa belə hakimiyyətə gəlməyi, öz istəklərinin həyata keçməsini tam məqbul sayırlar. Belə qüvvələri siyasi proseslərdən tam təcrid etmək lazımdır. Hesab edirəm ki, hakimiyyət də bundan öz payını götürməlidir. Pandemiya ilə mübarizə daha effektiv aparılmalıdır ki, əhali üçün iş yerləri bərpa olunsun, ölkəmiz əvvəlki vəziyyətinə qayıtsın. Yalnız bu halda biz Azərbaycan cəmiyyətinin əziyyətindən bəhrələnməyə çalışan radikal dairələrə əsl yerini göstərmiş olarıq. İstənilən siyasi mübarizə əxlaq kriteriyaları çərçivəsində aparılmalıdır. Milli Şuranın son iclasları ilə bağlı təqdim olunan videomateriallardan görünür ki, onlar qətiyyən xalqı düşünmür. Belə adamlar heç vaxt xalqın etimadını qazana bilməz. Onlar üçün özünüifşadan zərərli nəsə ola bilməz ki, buna da qurum olaraq imza atırlar”.

Doğrudan da xalqın pis gününə sevinib, bunun üzərində siyasət qurmaq heç bir siyasi əxlaq kodeksinə uyğun gəlmir.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …