Ana səhifə / Siyasət / Gülənin yeni planları ilə bağlı sensasion açıqlamalar

Gülənin yeni planları ilə bağlı sensasion açıqlamalar

Ankara bələdiyyə başqanı: “Oktyabrda Türkiyədə növbəti qarşıdurmaya cəhd edilə bilər”

Avqustun 7-də Türkiyədə keçirilən “Demokratiya və Şəhidlər” mitinqində 5 milyona yaxın insan iştirak etdi. Dünyaya birlik və bərabərlik mesajı verən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, Türkiyənin baş qərargah rəisi, TBMM sədri ilə yanaşı müxalifət liderləri də iştirak etdi. Mitinqdə CHP lideri Kamal Kılıçdaroğlu və MHP başqanı Devlet Baxçalı da çıxış etdilər.
Saatlarla davam edən mitinqin gedişatında Ankara bələdiyyə başqanı Melih Gökçekin mətbuata verdiyi açıqlama böyük marağa səbəb olub. M.Gökçek Türkiyədə hərbi çevriliş cəhdi hazırlayan Fətullah Gülən və onu dəstəkləyənlər haqda sensasion sayıla biləcək açıqlamalar verib. O, FETO terror təşkilatı adlandırılan bu hərəkatın yeni planlarının olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, M.Gökçek əvvəlcə Fətullah Gülənin böyük ruh düşkünlüyü yaşadığını və çıxılmaz vəziyyətdə olduğunu deyib: ““FETO nə edəcəyini bilmir. Öz ətrafında olanları bir arada necə saxlaya biləcəyini düşünür. Bir tərəfdən də Amerikaya mesajlar verir. Ancaq verdiyi mesajlardan onun necə təlaşlı, həyəcanlı olduğu hiss edilir”.
Türkiyədə növbəti qarşıdurmaların başlaması üçün planlar hazırlandığını deyən M.Gökçek özü də bu işlərdən xəbər tutacağı halda dövlətini məlumatlandıracağını deyərək xalqı da ayıq-sayıq olmağa çağırıb:“Allahın köməkliyi ilə onlar Türkiyədə heç bir iş görə bilməyəcəklər. Ancaq belə xəbərlərlə daim bizi narahat etmək istəyəcəklər. Mən kiçik bir ehtimal belə görsəm, bu məlumatı xalqımla bölüşərəm. Onların niyyətini bilsəm, dövlətimi məlumatlandıraram. Onların oyununu pozaram. Bu günə qədər də belə etmişəm”.
 
M.Gökçek bildirib ki, bu ilin oktyabr ayında Türkiyədə növbəti dəfə qarşıdurma yaradılmasına cəhd edilə bilər: “İlk aldığımız məlumat budur ki, onlar oktyabr ayında növbəti belə bir addım atmağa çalışacaqlar. Ancaq o vaxta qədər də müxtəlif məlumatlar yayaraq bizi çaşdırmaq istəyəcəklər. Lakin heç vaxt belə bir olayı təkrarlaya bilməyəcəklər. Bunlar İŞİD və PKK-nı arxalarına alaraq növbəti dəfə belə bir cəhd etməyə çalışacaqlar. Bunlar fərqli bir metod da həyata keçirə bilərlər. Sui-qəsdlər də edə bilərlər. Bizi öldürə bilərlərmi? Əlbəttə, Allah istərsə, öldürərlər. Ancaq bütün kainat bir yerə gələrsə, mənim, cənab prezidentimin tükünə zərər verə bilməzlər. Yetər ki, bunu Allah istəməsin. Biz buna iman etmişik. Allah istəməsə, bizə heç bir şey olmaz”.
 
Onun sözlərinə görə, Türkiyədə qarşıdurma yaratmaq istəyənlərin növbəti addımı həbsxanalardan başlaya bilər. M.Gökçek deyib ki, Fətullah Gülənin həbsxanalarda xeyli sayda qardian olaraq çalışan adamları var. Xalqı növbəti qiyam cəhdlərinə qarşı hazırlıqlı olmağa çağıran M.Gökçek onlara nə etməli olduqlarını belə izah edib: “Vətəndaşlara bəzi məsələləri açıqlamaq və hazır olmalarını məsləhət görürəm. Bu işlər olacaq deyə demirəm. Əgər olarsa, hazırlıqlı olun, deyə söyləyirəm. Artıq bundan sonra kimsə kiçik bir olaydan xəbərdar olarsa, qeydiyyat dəftərini hazır etsin. Ən azı 10 nəfərə də xəbər versin. Həmin 10 nəfər də digər 10 nəfərə xəbər versin. Əvvəlcədən müəyyən edilmiş yerlərdə insanlar toplaşsın. Toplaşmaq lazım olan əsas yerlər şəhərlərin mərkəzi meydanları və hərbi hissələrin qarşısıdır. Belə bir hadisə olduğu halda sivil xalq heç düşünmədən hadisə yerinə getməlidir. Allah qorusun, bunlar yeni bir oyun qurar, bütün şəbəkəni, bir-birimizlə əlaqə qurmaq imkanlarını kəsərlər. Ona görə də xalq indidən bu vəziyyətə hazır olmalıdır. Harada, necə və hansı mesajlarla bir-birilərinə xəbər edəcəklərini, toplaşacaqları yerləri öz aralarında razılaşsınlar. İşi heç də şansa buraxmaq olmaz”.
Xatırladaq ki, M.Gökçek əvvəllər Fətullah Gülənə yaxınlığı ilə bilinən hökumət nümayəndələrindən olub. Son günlər isə sosial şəbəkələrdə M.Gökçekin bir neçə il əvvəl öz twitter hesabından Fətullah Gülənə “FETO” deyə səslənənlərə etiraz mesajı paylaşılır. Həmin mesajda M.Gökçek bunun Fətullah Gülənə hörmətsizlik olduğunu qeyd edirdi.
M.Gökçekin oğlu Gülən məktəbinin məzunudur. Lakin M.Gökçek bu məsələ ilə bağlı danışarkən deyib ki, oğlu kimi bir çoxları bu “camaat”ın içərisində olsa da doğrunu görərək hökumətinin yanında olmağı bacarıblar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın